Puç olan xam xəyallar

0
39

Ermənistanda məxməri inqilabdan sonra Avropadan, Qərbdən gözləntilərinin doğrulmaması nəticəsində işğalçı dövlətin və cəmiyyətin ümidsizliyi getdikcə dərinləşir. Uzun illər forpost ölkə olan Ermənistanın “əsaslı demokratik dəyişikliklərdən” sonra indi də üzünü Qərbə çevirməsi cəhdləri təbii ki, bu ünvanlarda ciddi qarşılanmır.

Azərbaycanın uzun illərdir həyata keçirdiyi uğurlu xarici siyasət strategiyasının fonunda Ermənistanın hər addımda, o cümlədən xarici siyasət istiqamətində  ölkəmizlə ayaqlaşmaq cəhdləri gülünc olduğu qədər də absurddur.

Azərbaycanın müstəqillik qazandıqdan sonra,  xüsusilə də son 15 ildə yürütdüyü düşünülmüş xarici siyasət ölkəmizi beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanıtmışdır. Bu gün beynəlxalq ictimaiyyət də etiraf edir ki, Azərbaycan dövləti açıq, müstəqil və məqsədyönlü siyasət həyata keçirir. Dövlət başçısı İlham Əliyevin uğurlu xarici siyasəti hazırda Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada dayanmasını şərtləndirib. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı  Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və zəngin xarici siyasət sayəsində son 15 ildə Azərbaycan öz milli maraqlarını qorumaq şərtilə  bərabərhüquqlu və qarşılıqlı səmərəli  əməkdaşlıq prinsipləri əsasında bütün xeyirxah niyyətli tərəfdaşlar üçün unikal əlverişli bir məkan kimi tanınır.

Ermənistanda son dövrlərdə hökm sürən siyasi xaos dönəminin az-çox səngiməsindən sonra işğalçı ölkənin rəsmilərini Azərbaycanın Avropa İttifaqı ölkələri ilə, həmçinin Rusiya  və ABŞ-la balanslı siyasət aparması  xüsusilə qıcıqlandırır. Bütün bunlar isə təbii ki, erməni mətbuatında öz əksini tapır.

Son günlərdə Prezident İlham Əliyevin  Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşü, “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasiminin baş tutması, bu günlərdə isə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi səfəri həmişə olduğu kimi, erməni tərəfinin qısqanc reaksiyaları və qərəzli şərhləri ilə təcavüzkar ölkənin mətbuatında yer alıb. Azərbaycanın Avropa ilə getdikcə genişlənən əlaqələri fonunda Ermənistanın dünya ölkələri, eyni zamanda Aİ və NATO tərəfindən ciddiyə alınmaması hələ də siyasi xaosun məngənəsində çırpınan işğalçı dövlətin xam xəyallarını puça çıxarmaqdadır. Görünür, öz qonşu ölkəsinin 20 faiz torpağını işğal edən Ermənistan dünya birliyinin bu təcavüzkarlıq faktını gözardı edərək “məxməri inqilab”dan sonra bütün qapıları onların üzünə açacağını düşünürmüş.

Ancaq ermənilərin gözləntiləri özünü doğrultmur. Bu günlərdə erməni mətbuatında yer alan “Səfirlərin mesajı: erməni inqilabını məntiqi sonluğa çatdırmaq” sərlövhəli analitik yazıda Ermənistanın xarici siyasət sahəsindəki uğursuzluqlarının nəticələri etiraf olunub. Yazıda qeyd olunur ki, erməni inqilabı bütövlükdə Qərbdə etinasızlıqla qarşılandı: “Yəqin ki, buna səbəb Ermənistandakı dəyişikliklərin ölkənin xarici siyasətində öz əksini tapmamasıdır”.

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzin bəyanatı isə erməniləri xüsusilə məyus edib. Səfir bu yaxınlarda bəyan edib ki, Ermənistana yeni böyük Amerika investisiyalarının qoyulması  barədə danışmaq  hələ çox tezdir. Səfirin sözlərinə görə, ABŞ investorları investisiyalarla maraqlanırlar, lakin onlar Ermənistan hökumətinin korrupsiyaya qarşı mübarizənin necə bitdiyini görmək istəyirlər.

Məqalə müəllifi Nikol Paşinyanın Brüssel səfərindən sonra Avropanın ünvanına kəskin bəyanatlar səsləndirildiyini deyib: “Nikol Paşinyan elan etdi ki,  Avropadan gözləntiləri böyük idi, lakin inqilabdan sonra Avropanın Ermənistana münasibəti dəyişməyib. Bunun cavabında Aİ-nin Ermənistandakı səfiri Petr Svitalski deyib ki, əgər Ermənistan Avropa ilə münasibətdə öz siyasətini dəyişməsə, Avropa necə öz münasibətini dəyişə bilər?

Çoxları deyir ki, Qərbdə erməni inqilabına laqeyd yanaşırlar. Çünki Ermənistan öz xarisi siyasət kursunda dəyişikliklər etmədi. Yəni Avropada Ermənistana qarşı siyasət əslində eyni qalır və yalnız çox xüsusi hallarda dəyişə bilər.

Millz və Svitalski öz açıq bəyanatları ilə münasibətlərini açıqladılar. Bu yaxşıdır, çünki bunlardan sonra illüziya və formallığa yer qalmır.

Rusiya buna necə reaksiya verəcək? Bu da vacib məsələdir, çünki indiyədək Qərbin Ermənistana münasibəti Rusiyanın münasibəti ilə şərtlənir. Bütün hallarda münasibətləri aydınlaşdırmağın vaxtı gəlib çatıb…”

Avropa İttifaqı, NATO və ABŞ-ın timsalında Ermənistanın bu gün ciddi və müstəqil siyasət aparmağı bacaran ölkə kimi qəbul olunmamasının əsas səbəblərindən biri də bu ölkənin illərdir Azərbaycana qarşı işğalçılıq siyasəti yürütməsidir. Ermənistanın indiyədək beynəlxalq ictimaiyyətə “sırımağa çalışdığı”   yalanlara, qərəzli informasiyalara daha heç kim inanmır. Dünya artıq Azərbaycanın haqq işini dəstəkləyir, Ermənistanı isə  təcavüzkar ölkə kimi  tanıyır. Bununla bağlı Prezident İlham Əliyev çıxışında vurğulamışdı: “Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik. Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bu siyasətdən dönməyəcəyik, bundan sonrakı illərdə də işğalçını bütün işlərdən, regional işlərdən təcrid edəcəyik, onları ifşa edəcəyik”.

Sevinc Abdullayeva,

“İki sahil”