“Qaraca qız”ın Ağcası

0
271

O, bir anın içində bütün şəhərin Ağcasına çevrildi. Çəkildiyi “Qaraca qız” filminin nümayişindən sonra Ağca adı ilə çağırılan Leyli Axundova bu ekran əsərində bəy qızı Xədicə rolunu elə məharətlə oynadı ki, hamı səkkiz yaşlı bu uşağın istedadına mat qaldı. Filmdə bir təsadüf nəticəsində rol alan Leyli Axundova ömrünün 56-cı baharını arxada qoysa da, xatirələrinə əbədi həkk olunmuş o anları heç vaxt unutmur. Ekranda göründü ilk günlərdən milyonların rəğbətini qazanan “Qaraca qız”ın qəhrəmanlarından olan Xədicənin həyatında bu illər ərzində çox şey dəyişib. Dəyişməyən isə 48 il öncə Ağca xanımın – Leylinin o uşaq səmimiliyidir. Elə o səmimiliklə də Leyli xanım 48 ilin kövrək xatirələrini bizimlə bölüşür.
qa1Məlumat üçün: Bakıda ziyalı ailəsində dünyaya gələn L.Axundova ailənin yeganə övladı olub. Atası İsmət Axundov tanınmış rəssam, anası Ləman xanım evdar qadın olsa da, ixtisasca kimyaçı idi. Bakıdakı 134 nömrəli məktəbdə orta təhsil alıb. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun fortepiano sinfini və Moskvada Xalq İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. Uzun illər paytaxtdakı 23 nömrəli musiqi məktəbində dərs deyib. Hazırda Bakı Xoreoqrafiya Akademiyasında fortepiano müəllimidir. İki övladı və iki nəvəsi var.
“Qaraca qız” filmi 1966-cı ildə Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılıb. Tutu (Sevil Zeynalova) adlı xeyirxah və cəsarətli yetim bir qızın faciəli taleyindən bəhs edən bu filmin böyük hissəsi Şamaxıda, Çuxuryurd kəndində çəkilib. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Şamil Mahmudbəyov, rejissoru isə Arif Nərimanbəyovdur.
Həmsöhbətim filmə çəkilməsinin tarixçəsini xatırlayaraq deyir: “Onda ikinci sinifdə oxuyurdum. Bir gün dərsdən sonra valideynlərim məni Sahil bağına gəzməyə aparmışdılar. Birdən bir kişi atama yaxınlaşaraq “Qaraca qız” adlı film çəkdiklərini və mənim zahiri görünüşümün oradakı Xədicə obrazına çox uyğun gəldiyini dedi. Həmin adam atamın tərəddüd etdiyini görüb, onun harada işlədiyi ilə maraqlandı və ev telefonumuzun nömrəsini yazıb götürdü. Sonradan bildim ki, həmin adam filmin quruluşçu rejissoru Şamil Mahmudbəyovun köməkçisi Rəşid müəllim imiş. Aradan bir neçə gün keçmişdi. Təsadüfən televizoru açanda belə bir elan eşitdik: “Qaraca qız” filmində Xədicə roluna çəkilmək üçün seçilmiş qızın ev telefonu yazılan kağız itdiyi üçün onun valideynlərindən kinostudiyaya gəlməsini xahiş edirik”. Atam bu elanı eşitsə də, əhəmiyyət vermədi… Biz ailəliklə Kislovodskiyə istirahətə getdik.
Bir müddət keçəndən sonra atam dayım Ramizdən “Çox xahiş etdilər ki, sən Leylini də götürüb Bakıya dönəsən…” məzmununda teleqram aldı. Sən demə, rejissor köməkçisi telefon nömrəmizi itirsə də, yaddaşının köməyi ilə atamın iş ünvanını əldə edib. Atama Mədəniyyət Nazirliyi adından məktub göndərilmişdi ki, artıq çəkilişlər başlanıb, qız mütləq filmə çəkilməlidir. Beləliklə də istirahətimizi yarımçıq qoyub Bakıya qayıtdıq.
Atam qəlbən istəməsə də, məni kinostudiyaya apardı. Şamil müəllim məni görən kimi dedi ki, bax, bu əsl Xədicədir…
Bir həftə sonra Şamaxının Çuxuryurd kəndinə getdik. Orada 18 gün məşq etdik. Çəkilişə Moskvadan konsertmeyster Yelena Aleksandrovna və “Romen” Moskva musiqili-dramatik teatrının aktyorları dəvət olunmuşdu. Filmdəki ayı və ilan da Moskvadan gətirilmişdi.
Çəkiliş prosesini, xüsusi ilə Xədicəni ilan vuran səhnəni yenə də həyəcanla xatırlayan qəhrəmanımız bir anlıq fikrə dalır:
– İnanırsınız, hər dəfə o anı ekranda görəndə içimdən qəribə hisslər keçir. Xədicəni ilan vuran səhnə kinostudiyanın köhnə binasında – “Hökumət evi”nin yanındakı bağda çəkilmişdi. Onu da deyim ki, bütün çəkilişlər zamanı valideynlərim yanımda olurdular. O təsirli kadrın çəkilişi vaxtı isə rejissor onları bir bəhanə ilə həmin yerdən uzaqlaşdıra bildi. Təbii ki, anam bilsəydi, heç cür razı olmayacaqdı.
Həmin kadrların çəkilişi başlayanda ilanı ayağımın altına atdılar. Yaman qorxdum. İlan da dərhal sürüşüb aradan çıxdı. Kadr Şamil müəllimin xoşuna gəlmədi. Səhnəni yenidən çəkmək qərarına gəldilər. Mən isə ürəyimdə Allaha yalvarırdım ki, kaş çəkməyəydilər.
Növbəti çəkilişə az qalmış qutunun ağzı yaxşı bağlanmadığından ilan yoxa çıxmışdı. Buna görə də çəkiliş olmadı. Rejissor bərk hirslənmişdi, mənim isə sevincimin hədd-hüdudu yox idi. İlanın itməsinə görə rejissor Zooparka 200 manat cərimə ödədi. İlandan həqiqətən qorxduğumdan üç gün qızdırma içində yatdım. Anam isə aldadıldığına görə çox hirsli idi. Odur ki, rejissor əvvəlki kadrlardan istifadə etmək məcburiyyətində qaldı.
Qaraca qız öldüyünə görə axıtdığı göz yaşları ilə bütün tamaşaçıları ağlatmağı bacaran Ağca xanım deyir:
-Mən həqiqətən ağlayırdım. Özü də ürəkdən ağlayırdım. Məni ağlatmaq üçün xəbərim olmadan bir bəhanə fikirləşiblərmiş. Anam təbiətimə bələd olduğu üçün bilirdi ki, məni ağlatmaq asan olmayacaq. Beləliklə də qərara gəldilər ki, Qaraca qızı – Tutunu gizlədib mənə göstərməsinlər. Kimdən də soruşdum, xəstədir dedilər. Nə isə, mən onu üç-dörd gün görmədim. Bir gün isə mənim əlimdən tutub bir təpənin üstünə gətirdilər. Piri baba çox qəmgin halda bir qəbrin yanında əyləşib dərin fikrə dalmışdı. Mənə dedilər ki, bax bu Qaraca qızın qəbridir, o ölüb. Bu gözlənilməz xəbərdən özümü saxlaya bilmədim, başladım ağlamağa. Piri baba da, rejissor da, operator da ağlayırdı. Çəkiliş qrupu məni sakitləşdirə bilmirdi. Sən demə, biz ora gəldiyimiz andan çəkiliş gedirmiş. Çəkiliş başa çatandan sonra Tutunu mənə göstərdilər və “ağlama, o sağdır, biz kino təbii alınsın deyə, belə etmişik”- dedilər. Məni aldatdıqlarına görə küsdüm, üç gün çəkilişə getmədim. “Əgər belə etməsəydik, həmin səhnə inandırıcı alınmazdı”- deyə məni dilə tutub inandırdılar.
Söhbət əsnasında Leyli Axundova filmdə çəkildiyinə görə təxminən 1680 manat qonorar almasından, Tutu obrazının ifaçısı Sevil Zeynalova ilə münasibətlərindən və “Qaraca qız”ın premyerasından söz açdı.
– Filmin premyerası “Nizami” kinoteatrında oldu. Həmin gün mənim sevincimin hədd-hüdudu yox idi. “Vətən” kinoteatrında keçirilən premyera isə məni yaman ağlatdı. Film sona yetəndə məndən əvvəlki sırada əyləşmiş uşaq: “O ifritəyə görə Qaraca qız öldü” – deyib dərindən köks ötürdü. Özümü anamın qucağına ataraq ağlamağa başladım… “Axı, mən pis deyiləm”. Anam məni sakitləşdirərək dedi ki, o səni demir, kinodakı Xədicəni deyir.
Bu ekran əsərində elə bil öz həyatını oynadığını söyləyən həmsöhbətim etiraf edir ki, onu “Qaraca qız” tanıtdırıb, məşhur etdi. Bu gün də böyükdən kiçiyə bir çoxları Sevili də, məni də tanıyır, sevir. Xədicə obrazı kinoda ilk və son rolum oldu. Film ekranlara çıxandan sonra Moskvanın, Ukraynanın bir çox kinostudiyalarından saysız təkliflər alsam da, atam razılıq vermədi.
… Onunla ayrıldıqdan sonra uşaqlığımın ən sevimli ekran əsərlərindən olan bu filmə yenidən baxmaq qərarına gəldim. Paytaxtda disk satılan bir sıra mağazalara üz tutsam da, “Qaraca qız” axtarışlarımı çoxları təəccüblə qarşıladı. Axı, indiki gəncliyin və uşaqların maraq dairəsini fantastik və müharibə filmləri çoxdan zəbt edib. İstəyimi müasir dünyanın bizə verdiyi imkanlar daxilində reallaşdıra bildim. “Qaraca qız”ı “YouTube”dan tapdım və baxdım.

Abdulla Suvar
AzərTAc-ın müxbiri

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here