Əldə olunan uğurlar ölkədəki sabitliyin nəticəsidir

0
21

Xəbər verdiyimiz kimi, iyulun 10-da Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına kəsici-deşici alətlərlə hücum edib və nəticədə 2 polis zabitini qətlə yetiriblər.

Baş vermiş terror aktına münasibət bildirən tanınmış aktyor,  Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal deyib: “Bir incəsənət adamı kimi hər zaman dövlətimizə sülh, əmin-amanlıq arzulamışam. Çox təəssüf ki,  hələ də bu sabitliyi pozmağa cəhd edən qüvvələr var. Onların bu hərəkətlərinə isə yalnız bir ad vermək olar: Vətənə, dövlətçiliyə xəyanət. Amma həmin xəyanətkarlar unutmasınlar ki, heç bir qüvvə müstəqil Azərbaycanı inkişaf  yolundan, müstəqil siyasətindən döndərə bilməz. Dövlətçiliyimizə qarşı yönələn hər bir cəhdin qarşısı isə  qətiyyətlə alınacaq. Gəncədə sabitliyi pozanlar qanunlarımız qarşısında cavab verməli və cəzalandırılmalıdırlar. Onu da deyim ki, hər bir incəsənət xadimi bu olayı pisləyir və onun iştirakçılarına lənətlər yağdırır. Çünki onlar yaxşı dərk edirlər ki, dövlətçiliyə qarşı çıxmaq öz Vətənini və xalqını sevməmək deməkdir”.

İlham Namiq Kamal vurğulayıb ki, xalqımız, o cümlədən mədəniyyət işçiləri cənab Prezidentin ətrafında yumruq kimi birləşiblər. Elə bu sabitlik və inkişaf da cənab Prezidentin siyasətinin nəticəsidir: “Biz müharibə şəraitində yaşayan bir ölkəyik. Buna baxmayaraq, Vətənimiz gündən-günə inkişaf edir. Təbii ki, bütün əldə olunan uğurlar ölkədəki sabitliyin nəticəsidir. Ona görə də çalışmalıyıq ki, bu sabitliyi, əmin-amanlığı hər zaman qoruyaq”.

Xalq artisti, həmçinin qeyd edib ki, bu hadisədən bir daha məlum oldu ki, ölkəmizdə güclü xalq-hakimiyyət  birliyi var: “Məhz bu birlik bizə, ölkəmizə daha xoş günlər yaşadacaq”.

Qvami Məhəbbətoğlu,

“İki sahil”