Bu birlik heç zaman sarsılmayacaq

0
18

“Bugünki Azərbaycanın inkişafı, tərəqqisi göz önündədir. Artıq xarici ölkələr də bu adi həqiqəti qəbul edib və bu barədə dəfələrlə söz açıblar. Amma nə yazıq ki, hələ də uğurlarımızı həzm edə bilməyən, bizə xaincəsinə zərbələr vurmağa çalışan ermənipərəst qüvvələr mövcuddur. Daim hərəkətdə olan bu qüvvələr çaxnaşma yaratmağa cəhd etməklə ölkəmizin imicinə zərbə vurmağa çalışırlar”.

Bu fikirləri iyulun 10-da Gəncədə baş vermiş terror aktına münasibət bildirən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq artisti Vamiq Məmmədəliyev deyib. O, daha sonra baş verən hadisəni özümüzün özümüzə qəsdi kimi dəyərləndirib: “Halbuki bu gün hər kəs ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşməli, onun siyasətini dəstəkləməlidir. Bir sözlə, hər bir işdə cənab Prezidentimizə dayaq olmalıyıq. Dayaq olmalıyıq ki, daha böyük uğurlara imza ataq. Hazırda bizim bir problemimiz var ki, o da Dağlıq Qarabağla bağlıdır. Şübhə etmirəm ki, cənab Prezident  bu problemin də həllinə nail olacaq. Artıq son zamanlar bu istiqamətdə atılan addımlar belə deməyə əsas  verir”.

Vamiq Məmmədəliyev bildirib ki, iğtişaşlar törədən radikal diniyönümlü bir qrup şəxsin hədəfi ölkəmizdə hökm sürən sabitliyi pozmaq olub. Çünki onlar da yaxşı dərk edirlər ki, Azərbaycan məhz bu əmin-amanlığı ilə xarüqələrə nail olub, beynəlxalq layihələrdə söz sahibinə çevrilib: “Mənə elə gəlir ki, bu prosesdə xaricdəki antiazərbaycan dairələrin də barmağı var. Bu dəfə də həmin pozucu qüvvələrin məkrli niyyəti baş tutmadı”. Xalq artisti deyib ki, bu məsələdə xalq-iqtidar birliyi mühüm rol oynayıb: “Əminəm ki, zamanın sinağından çıxmış bu birlik heç zaman sarsılmayacaq”.

Qvami Məhəbbətoğlu,

“İki sahil”