“Qəbələ” də uduzdu, “Keşlə” də…”Neftçi” isə zəfər qazandı

0
35

UEFA Avropa Liqasında ölkəmizi təmsil edən “Qəbələ” futbol komandası turnirdə mübarizəyə başlayıb. Yarışın birinci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində “qırmızı-qaralar” iyulun 12-də Qəbələ şəhər stadionunda Lüksemburqun “Proqres” klubunu qəbul edib.

“Qəbələ”-“Proqres” oyununun ilk hissəsində hesab açılmayıb. Qəbələ təmsilçisi rəqib qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, futbolçularımız bunu qola çevirə bilməyiblər.

İkinci hissəyə fəal başlayan “Qəbələ” rəqiblə müqayisədə daha üstün oyun nümayiş etdirib. Görüşün 47-ci dəqiqəsində “Qəbələ”nin heyətində Vojislav Stankoviçin cərimə zərbəsindən vurduğu top dəqiq olmayıb. Matçın 51-ci dəqiqəsində qonaq komanda Mayron De Almeydanın qolu ilə hesabı açıb – 0:1. Oyunun 61-ci dəqiqəsində Olivye Till qəbələlilərin qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi iki topa çatdırıb. Qalan dəqiqələrdə “Qəbələ”nin cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Beləliklə, matç rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, komandalar arasında cavab matçı iyulun 19-da Lüksemburqda oynanılacaq.

“Qəbələ” bu mərhələni keçəcəyi təqdirdə ikinci seçmə mərhələdə “Rabotniçki” (Makedoniya) – “Honved” (Macarıstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

UEFA Avropa Liqasının birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində “Neftçi” klubu doğma meydanda Macarıstanın “Uypeşt” komandası ilə qarşılaşıb.

Dalğa Arena”da keçirilən “Neftçi”-“Uypeşt” matçının ilk hissəsi 1:1 hesabı ilə başa çatıb. Qarşılaşmanın ikinci hissəsində hücumlarını artıran paytaxt təmsilçiləri 72-ci dəqiqədə istəklərinə çatıblar. Baqali Dabo dublunu rəsmiləşdirib. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə paytaxt təmsilçisi hesab arasındakı fərqi artırıb. Emin Mahmudov adını tabloya yazdırıb. Beləliklə, “Neftçi” klubu avrokuboklarda ilk oyununu qələbə ilə başlayıb.

UEFA Avropa Liqasının birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində Bakının “Keşlə” klubu isə səfərdə Maltanın “Baltsan” komandası ilə qarşılaşıb.

Oyunda hesabı 12-ci dəqiqədə Alfred Effionq açıb. Bundan doqquz dəqiqə sonra Malta komandasının futbolçusu Leklao hesab arasındakı fərqi ikiyə çatdırıb. İyirmi doqquzuncu dəqiqədə “Keşlə”nin heyətində Sezar Meza Kolli 11 metrlik cərimə zərbəsi ilə fərqi azaldıb. Rəqib komandanın futbolçusu Boyan Kalyeviç 34-cü dəqiqədə “Baltsan”ın üçüncü qolunu vurub.

Görüşdə son nöqtəni isə Matla təmsilçisinin heyətində 55-ci dəqiqədə Kadu qoyub. Beləliklə, ötən mövsüm Azərbaycan kubokunu qazanan “Keşlə” komandası “Baltsan” ilə səfər qarşılaşmasında 1:4 hesabı ilə məğlub olub.

Xatırladaq ki, komandalar arasındakı cavab matçı iyulun 19-da Bakıda keçiriləcək.