Xorvatiya tarixində ilk dəfə finalda

0
43

Dünən DÇ-2018-də yarımfinal mərhələsinə yekun vurulub. İkinci finalçı Xorvatiya və İngiltərə arasında matçda müəyyənləşib.

Rəqiblər Rusiyanın paytaxtı Moskvada üz-üzə gəlib. 1966-cı ildən sonra 52 ildi çempionluğa həsrət olan İngiltərə millisi yenə kuboka yaxınlaşa bilməyib.

Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi görüşdə erkən qol qeydə alınıb. Matçın 5-ci dəqiqəsində Kieran Tripperin cərimə zərbəsindən birbaşa “doqquzluğa” göndərdiyi top ingilisləri hesabda irəli çıxarıb – 1:0. Qarşılıqlı hücumlara baxmayaraq, birinci hissədə əlavə qol olmayıb və komandalar fasiləyə bu hesabla yollanıblar.

Matçın ikinci hissəsinin ortalarından etibarən hesabı bərabərləşdirmək üçün təzyiqləri artıran Balkan təmsilçilərinin ardıcıl təhlükəli hücumları 68-ci dəqiqədə bəhrəsini verib. Şime Vrsalkonun sağ cinahdan ötürməsindən sonra rəqibin cərimə meydançasında müdafiəçilərdən əvvəl özünü topa yetirən İvan Perişiçin zərbəsi qapıçı üçün əlçatmaz olub – 1:1.

Bu qoldan daha da ruhlanan Xorvatiya yığması daha bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 72-ci dəqiqəsində Perişiçin dubl etməsi üçün əlverişli imkan yaransa da, onun zərbəsindən sonra top qapı dirəyinə dəyib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissə oynanılıb.

Artırılan ikinci hissənin 4-cü (109-cu) dəqiqəsində Xorvatiya yığması hesabda irəli çıxıb. İvan Perişiçin başla ingilislərin cərimə meydançasına ötürdüyü topa iki müdafiəçinin arasından keçərək zərbə endirən Mario Mandzukiç komandasına finala vəsiqə qazandıran həlledici qolu qapıdan keçirib – 2:1. Bu, oyunda sonuncu qol olub.

Beləliklə, XXI dünya çempionatının yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub edən Xorvatiya millisi tarixində ilk dəfə mundialın finalına yüksəlib. Xorvatiyalılar buna qədər mundiallarda ən böyük uğuru 1998-ci ildə əldə ediblər. Həmin dünya çempionatında Balkan təmsilçiləri yarımfinalda Fransa yığmasına uduzaraq (1:2) üçüncü yer uğrunda mübarizə aparmalı olmuşdu. Üçüncü yer uğrunda görüşdə Hollandiyanı 3:2 hesabı ilə məğlub edən Xorvatiyalılar bürünc medallara layiq görülmüşdülər.

Mundialın birinci yarımfinal oyununda Fransa millisi Belçika yığmasını məğlub edərək son 20 il ərzində üçüncü dəfə final mərhələsinə vəsiqə qazanıb.

Beləliklə, iyulun 14-də dünya çempionatında üçüncü yer uğrunda görüşdə İngiltərə və Belçika yığmaları qarşılaşacaqlar.

Çempionatın iyulun 15-də keçiriləcək həlledici oyununda – final görüşündə Fransa və Xorvatiya milliləri üz-üzə gələcəklər.

DÇ-2018

Yarımfinal

 

11 iyul

Xorvatiya – İngiltərə – 2:1

Qollar: İvan Perişiç, 68; Mario Mandzukiç, 109 – Kiran Trippier, 5

Sarı vərəqələr: Mario Mandzukiç, 48; Ante Rebiç, 96 – Kayl Uolker, 54

Hakimlər: Cüneyt Çakır, Bahettin Duran, Tarik Ongun (hamısı Türkiyə), Byorn Kuypers (Hollandiya)

Moskva. “Lujniki” stadionu

Xorvatiya: 23. Daniyel Subaşiç, 2. Şime Vrsalko, 3. İvan Ştriniç (22. Yosip Pivariç, 95), 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. İvan Rakitiç, 10. Luka Modriç (k) (19. Milan Badel, 119), 11. Marselo Brozoviç, 17. Mario Mandzukiç (5. Vedran Çorluka, 115), 18. Ante Rebiç (9. Andrey Kramariç, 101), 21. Domaqoy Vida

Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 12. Lovre Kaliniç, 8. Mateo Kovaçiç, 13. Tin Yedvay, 14. Filip Bradariç, 15. Duye Kaleta-Kar, 20. Marko Pyaça

Baş məşqçi: Zlatko Daliç

İngiltərə: 1. Yordan Pikford, 2. Kayl Uolker (11. Ceymi Vardi, 112) 5. Con Stounz, 6. Harri Maquayr, 7. Yesse Linqard, 8. Cordan Henderson (4. Erik Dayer, 97), 9. Harri Keyn, 10. Rahim Sterlinq (19. Markus Reşford, 74), 12. Kiran Trippier, 18. Eşli Yanq (3. Denni Rouz, 91), 20. Dele Alli

Ehtiyat oyunçular: 13. Cek Butland, 23. Nik Pope, 14. Denni Uelbek, 15. Qari Keyhill, 16. Fil Cons, 17. Fabian Delf, 21. Ruben Loftus-Çeyk, 22. Trent Aleksandr-Arnold

Baş məşqçi: Qaret Sautqeyt