Paşinyan hələ ki şou göstərir

0
31

Bakıda keçirilən hərbi paraddan sonra Azərbaycan Ordusunun bütün təmas xətti boyunca təlimlər keçirməsi Ermənistanın baş naziri Nikol Paşinyanı ciddi düşünməyə vadar edib. Hazırda o, cəbhədə yaranmış vəziyyəti  götür-qoy etməkdədir. Amma nə yazıq ki, hələ də bir qərara gələ bilmir: yəni Paşinyan gah Ermənistanın müdafiə sistemlərinin yenidən qurulmasından danışır, gah da Ermənistanın Daxili Qoşunlarını həm Ermənistan-Azərbaycan sərhədinə, həm də Dağlıq Qarabağ bölgəsinə göndərməkdən.

Bəzi siyasətçilər onun bu addımını ordusuna olan inamsızlığı ilə izah etməyə çalışırlar. Əslində isə onun bu gedişi Ermənistan ordusunun müasir tələblərə cavab verməməsindən, döyüş hazırlığının, üstəlik, nizam-intizamın aşağı səviyyədə olmasından irəli gəlir. Bura erməni gənclərinin hərbi çağırışdan yayınmalarını da əlavə etsək, Ermənistan ordusundakı mənzərə daha aydın olar. Yeri gəlmişkən qeyd edək ki, Nikol Paşinyan oğlu Aşotu Dağlıq Qarabağa müddətli həqiqi hərbi xidmətə yollamaqla bu sahədə bir “canlanma” yaratmağa çalışır. Lakin  hələ ki, Ermənistanda onun səsinə xoşluqla səs verən tapılmır. Çünki onlar yaxşı bilirlər ki, işğal olunmuş ərazilərdəki əsgərlər bir qayda olaraq baxımsız qalır, mənəvi və fiziki təzyiqlər altında təhqir olunur, əksər məqamlarda isə rejimin qurbanına çevrilirlər.

…Halbuki Nikol Paşinyan Bakıda keçirilən parada qədər ordusundan ağızdolusu danışırdı. Görünür, Nikol Paşinyan qüdrətli Azərbaycan Ordusunun indiki vəziyyətini  izlədikdən sonra öz fikrindən əl çəkməli olub. Odur ki, o özünə daha çox sədaqətli olan Ermənistanın Daxili Qoşunlarına bel bağlamağı qərara alıb.

Nikol Paşinyanın bu addımı həm də bir daha sübut edir ki, onun Ermənistanın danışıqlarda iştirak etməyəcəyi ilə bağlı açıqlamaları, daha doğrusu, “Qarabağ qarabağlıların öz problemidir, biz Ermənistan olaraq bu danışıqlarda iştirak etmək niyyətində deyilik” söyləməsi sadəcə iz azdırmaqdan başqa bir şey deyil. Sual olunur: elə isə niyə Dağlıq Qarabağa Ermənistanın Daxili Qoşunlarını yeridirsən? Ermənistan vətəndaşlarının Azərbaycanın işğal olunmuş torpaqlarında xidmət keçməsi beynəlxalq hüquq normalarının, hətta Ermənistan qanunlarına zidd olduğu halda niyə oğlunu bu əraziyə hərbi xidmətə göndərirsən? Bu, şübhəsiz, Ermənistanın yeni hakimiyyətinin yeni hərbi avantürası olmaqla yanaşı, həm də Dağlıq Qarabağda vəziyyətin daha da gərginləşdirilməsi deməkdir. Belə ki,  qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq əvəzinə təcavüzkar dövlətin daxili qoşun birləşmələrinin də işğal altındakı ərazilərimizə dislokasiya edilməsi Ermənistanın işğalçı dövlət olduğunu və problemin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir. Onun Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində polis rejimi yaratmaq niyyəti isə daha başqa nüanslara vəsilə ola bilər.

Nikol Paşinyanın başı bu kimi məsələlərə qarışdığından ictimai-siyasi sabitlik barədə düşünməyə vaxt tapmır. İşğalçı ölkədə mitinqlər, etiraz aksiyaları səngimək bilmir. Bir tərəfdən də Ermənistanda hazırda müxalifətdə olan “respublikaçılar”la iqtidar arasında da gərginlik artıb. Buna əsas səbəb isə baş nazir Nikol Paşinyanın göstərişi ilə Ermənistanın əvvəlki hökumətinin üzvlərinə qarşı silsilə istintaqların aparılması və onların bir qisminin həbsidir. Əslində isə bütün bu irimiqyaslı istintaqlar yalnız qarşıdan gələn seçkilərdə divident qazanmağa hesablanıb.

Digər tərəfdən, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət Ermənistanın tam təcrid vəziyyətinə düşməsinə gətirib çıxarıb. Artıq hamiləri də bu işğalçı ölkədən üz döndərməkdədirlər. Rəsmi Bakı Ermənistana, eləcə də dünyaya bəyan edib ki, işğalçı ölkəni bu vəziyyətə salan işğal faktorudur. Bu davam etdikcə İrəvan blokada vəziyyətində qalacaq. Yeni müharibə başlayacağı təqdirdə isə Ermənistanın heç bir şansı yoxdur. Bunu hətta bəzi erməni siyasətçiləri də etiraf edirlər. Amma Nikol Paşinyan bu adi həqiqətləri qəbul etmək istəmir.

Bir sözlə, Nikol Paşinyanın ölkəsində həyata keçirdiklərini və keçirmək istədiklərini analiz edəndə belə bir qərara gəlmək olar ki, bütün bunlarla uzağa getmək mümkün deyil. Çünki erməni xalqı hökumətin fəaliyyətinin heç bir nəticəsini hiss etmir. Bu siyasət nəticəsində Ermənistan tamam iqtisadi iflasa uğrayıb. Bu isə o deməkdir ki, Ermənistanda baş verənlər, daha doğrusu, Nikol Paşinyanın gördüyü işlər, səsləndirdiyi bəyanatlar bayağı, həm də ucuz şoudan başqa bir şey deyil.

Qvami Məhəbbətoğlu,

“İki sahil