Qubada keçirilən beynəlxalq folklor-rəqs festivalına 5 ölkədən 600-ə yaxın iştirakçı qatılıb

0
19

Quba şəhərindəki “Yaşıl teatr”da keçirilən “Dostluq körpüsü” adlı Uşaqların və Gənclərin III Beynəlxalq Folklor-Rəqs Festivalında Azərbaycan, Rusiya (Çeçenistan və Şimali Osetiya-Alaniya respublikaları), İran, Gürcüstan və Qırğızıstan nümayəndələri iştirak ediblər. Konsert proqramından əvvəl festival iştirakçıları ilə Quba Rayon İcra Hakimiyyətində görüş təşkil olunub. Qonaqlara rayon haqqında məlumat verilib.

Görüşdən sonra Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən qonaqlar 1918-ci ildə cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən, xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi daşıyan festivala müxtəlif rəqs qruplarının və kollektivlərin tərkibində, ümumilikdə, 600 nəfərə yaxın iştirakçı qatılıb. Onlardan 476-sı qonaq, qalanları isə yerli iştirakçıdır. Festivalda üçü Azərbaycandan olmaqla, ümumilikdə, 17 folklor və rəqs qrupunun ifaları nümayiş etdirilib.

Rəngarəng rəqslərin təqdim olunduğu tədbirdə məlumat verilib ki, Quba Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri 2011-ci ildən ənənəvi olaraq bir sıra beynəlxalq festival və müsabiqələrdə uğurla iştirak edərək mükafatlara layiq görülüblər. Bu müsabiqələr çərçivəsində mərkəzin dərnək üzvlərinin Azərbaycanın adət və ənənələri ilə bağlı təqdimatları da olub.

Artıq üçüncü ildir keçirilən rəqs və folklor bayramı rayon sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanıb.

“Dostluq körpüsü” adlı Uşaqların və Gənclərin III Beynəlxalq Folklor-Rəqs Festivalının növbəti təqdimatı iyulun 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında keçiriləcək. azərtac