Ermənistanın üçqat təşvişi

0
169

Bakıda keçirilən möhtəşəm hərbi paraddan sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Rusiyanın bir sira nüfuzlu xadimlərinin, siyasətçilərinin iştirakı ilə “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda keçirilən konfrans düşmən ölkədə təşvişi bir qədər də artırıb. Üstəlik, tədbir iştirakçılarının Lələtəpə yüksəkliyinə baş çəkmələri, Azərbaycan əsgərinə ehtiram əlaməti olaraq onun əlini  sıxmaları erməniləri əməlli-başlı qəzəbləndirib.

Bəri başdan qeyd edək ki, belə bir tədbirin Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə keçiririlməsi çox mühüm əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl, bu, Azərbaycanla Rusiya arasındakı münasibətlərin günün tələbləri səviyyəsində olduğunu bir daha ortaya qoyub. Digər tərəfdən, Rusiya beynəlxalq nüfuzuna, mövqeyinə, imkanlarına hörmətlə yanaşdığı Azərbaycana belə bir münasibət göstərməklə qərbpərəst Ermənistan hakimiyyətinə bel bağlamadığını açıq-aydın göstərib.

Həmin tədbirdə iştirak edənlər birmənalı şəkildə bildiriblər ki, Ermənistan yenə öz xislətinə uyğun siyasət aparmaqdadır. Yəni arxasında ABŞ-ın Erməni Assosiasiyasının dayandığı Nikol Paşinyanın daxildə apardığı antirusiya mövqeyi ilə Moskvada söylədikləri üst-üstə düşmür. Rus ziyalılarının, siyasətçilərinin dediklərindən belə məlum olur ki, Ermənistandakı hakimiyyət dəyişikliyi Dağlıq Qarabağla bağlı əldə olunmuş razılığın pozulmasına hesablanıb. Bu mənada Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyi Amerika ssenarisinin tərkib hissəsidir. Ona görə də  Ermənistandakı inqilabdan sonra Rusiyanın Cənubi Qafqazda faktiki olaraq yalnız bir müttəfiqi qalıb: o da Azərbaycandır.

Burada səsləndirilən digər bir fikri isə nəhayət ədalətin zəfəri çalması kimi dəyərləndirmək olar. Belə ki, Rusiya Federasiyasının Dövlət Dumasının deputatı Dmitri Savelyev vurğulayıb ki, Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş yeddi rayon Ermənistan tərəfindən azad edilməli və heç bir əlavə şərt irəli sürülmədən Azərbaycana qaytarılmalıdır. Hakim “Vahid Rusiya” Partiyasının üzvü, Dövlət Dumasının deputatı Aleksey Yezubov öz çıxışında Prezident Putinin adından bütün dünyanın Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanındığını qeyd edib. Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin isə  Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirməklə yanaşı, Rusiyanın həm ictimaiyyət, həm də dövlət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini söyləyib. Halbuki əvvəllər rusiyalı ekspertlər, siyasətçilər işğal atındakı yeddi rayonun Azərbaycana məxsus olduğunu bildirsələr də, Dağlıq Qarabağın üzərindən sükutla keçirdilər. Amma indi onlar birmənalı şəkildə öz mövqelərini ortaya qoyublar.

Bu, ilk növbədə münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın psixoloji, ideoloji üstünlüyü deməkdir. Bunu həm də Rusiya ictimai rəyində ciddi dönüş də adlandırmaq olar. Güman etmək olar ki, Rusiya Prezidenti Putinə daha çox yaxınlığı ilə tanınan həmin şəxslərin səsləndirdikləri bu fikir nə vaxtsa rəsmi Moskvanın xarici siyasətinin prioritetinə çevrilə, həm də Kreml Moskva Dağlıq Qarabağ problemi ilə bağlı yeni planla çıxış edə bilər. Hər halda, belə bir mövqə nümayiş etdirənlərin Rusiyada çox böyük nüfuza malik şəxslər olduqları belə qənaətə gəlməyə əsas verir.

Yeri gəlmişkən qeyd edək ki, artıq ermənilər rusiyalıların belə cıxışlarına sərt reaksiya verməyə başlayıblar. Hətta erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevi məhv etməyə çağırıb.

…Bu da bir həqiqətdir ki, Azərbaycan bu kimi tədbirlərlə Rusiya və digər ölkələri onu dəstəkləməsinə vadar etmir.  Azərbaycan sadəcə Ermənistanın faktiki işğalçılıq siyasətinə qarşı Rusiyadan və digər ölkələrdən ədalətli mövqe gözləyir. Bu tədbir göstərdi ki, artıq Rusiya  ədalətli mövqeyini nümayiş etdirməkdən çəkinmir. Bu isə Dağlıq Qarabağ probleminin düyününün birdəfəlik çözülməsi, Cənubi Qafqazda sülh və əmin-amanlığın bərpası demək olardı. Güman etmək olar ki, ATƏT-in Minsk qrupuna daxil olan digər ölkələrin siyasətçiləri, tanınmış xadimləri də belə fikirlərlə çıxış edəcəklər.

İndi Ermənistan Azərbaycanın həm artan hərbi qüdrətindən, həm beynəlxalq nüfuzundan, həm də Rusiya ilə birgə keçırdiyi bu tədbirdən əməlli-başlı təlaşa düşüb. Azərbaycan Ordusunun cəbhə bölgəsində keçirdiyi genişmiqyaslı təlimlər isə onların bu təlaşına yeni bir rəng qatıb. Ermənilər üçün yaranmış gərgin vəziyyətdən yeganə çıxış yolu isə şübhəsiz, işğal etdikləri ərazilərdən çıxmaqdır. Əks halda, Azərbaycan Ermənistanı hələ çox təlaşlara mübtəla edəcək.

Qvami Məhəbbətoğlu,

“İki sahil”

 Qvami Məhəbbətoğlu