KT və MRT-yə maraq çoxdur

0
297

2017-ci ilin yanvar ayından başlayaraq pilot layihə kimi Mingəçevir şəhər  Mərkəzi Xəstəxanasında     tətbiq olunan icbari tibbi sığorta müsbət nəticələrini verməkdədir. Belə ki, ödənişsiz səhiyyə xidmətinin göstərilməsinə nail olmaq məqsədilə həyata keçirilən bu yenilik nəticəsində bir çox uğurlar əldə olunub. Bu barədə saytımıza məlumat verən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının KT və MRT üzrə həkim-radioloqu Elçin Hacıyevin sözlərinə görə, artıq Mingəçevirdə dünya səhiyyə sisteminə uyğun müasir struktur formalaşıb: “Xəstəxananın tamamilə yenidən qurularaq ən müasir aparatlarla təchiz edilən laboratoriyası imkan verir ki, indi mingəçevirlilər və ətraf rayonların sakinləri bəzi xəstəliklərin müayinəsi üçün başqa şəhərlərə, xarici ölkələrə getməsinlər. Bir sözlə, xəstəxananın maddi-texniki bazası  günün tələbləri  səviyyəsindədir”. Həkim-radioloqun fikrincə, burada həkim və tibb bacılarının işə məsuliyyəti də arzuolunan səviyyədədir.

Daha sonra o, müşahidələrinə əsasən bildirdi ki, nədənsə pasiyentlər   ən çox KT (kompüter tomoqrafiyası) və MRT (maqnit-rezonans tomoqrafiyası) müayinə üsullarına daha çox maraq göstərir. Yəni həkimə müraciət edənlər sanki sözləşiblərmiş kimi, KT və MRT-dən keçməyə daha çox üstünlük verirlər: “Xəstə ailə həkiminin yanında olarkən israr edir ki, məni KT və MRT müayinəsinə yaz. Bu, düzgün deyil. Onlar belə başa düşürlər ki, xəstəxanaya müraciət etdilərsə, mütləq MRT aparatından istifadə etməlidirilər. Amma bu, belə deyil. Hər şey tibbi göstərişlə olur. Bir sözlə, insanlarda: “Mən bu aparatdan keçim, görüm daxilimdə nə var” anlayışı formalaşıb. Amma bilmirlər ki, KT rentgen şuaları ilə işlədiyindən xəstə burada rentgendə aldığından 15-20 dəfə artıq doza alır. Yəni şua alır. Odur ki, tez-tez KT müayinəsi almaq məsləhət görülmür: lazım gələrsə, 6 aydan və 1 ildən sonra… təkrar ola bilər.

Yeri gəlmişkən, Mingəçevirdə insanlar daha çox bel, omba ağrlarından əziyyət çəkirlər. Odur ki, belələri həkim yanına gələn kimi MRT tələb edirlər. Həkim bunu məsləhət görməyəndə isə xəstələr deyirlər ki, axı niyə məni MRT müayinəsinə yazmırsan? Hətta bununla bağlı “Qaynar xətt”lərə də müraciət edirlər. Bir məsələni də qeyd edim. MRT müayinəsi 30-35 dəqiqə vaxt aparır. Biz də gün ərzində 20 MRT müayinəsi edirik. Gözləyən pasiyent  xüsusən də kateqoriyalı xəstələr hay-küy salırlar ki, bəs biz nə qədər gözləməliyik? Bu da müəyyən problemlər yaradır. Təbii ki, bu onların bu kimi proseduralardan məlumatsızlığından irəli gəlir.

Esmira Hidayətova, Mingəçevir