“Aktyor ruhuna köklənən bir varlıqdır”

0
95

Könül Əliyeva-Cəfərova: Yuğ teatrından Xalq artisti adını alan ilk sənətkarsınız. Buna görə sizi ürəkdən təbrik edirəm. Və həqiqətən bu adın yaraşdığı nadir insanlardansınız. Hansı hissləri keçirdiniz?

Məmməd Səfa Qasımov: Çox sağ olun. Mən də sizi bu layihə münasibətilə təbrik edirəm, düşünürəm ki, bu, böyük uğurdur. Sizin sənətçilərə göstərdiyiniz diqqət təqdirəlayiqdir. Hesab edirəm ki, bu gün Yuğ teatrında çoxdan xalq artisti adına layiq olan sənətçilər var. Hansı hisslər keçirirəm? Yalnız və yalnız məsuliyyət hissi. Bu adı daşımaq məsuliyyət tələb edir, çünki Yuğ teatrıyla bağlıdır, Vaqif İbrahimoğlunun adıyla bağlıdır. Bu, tək mənə verilən ad deyil, bütün teatra verilən addır. V.İbrahimoğluna, onun sənətinə, teatrına verilən qiymətdir.
Dağlar Yusif: Deyirlər, aktyorlar modern dərvişlərdir. Müasir dünyanın dəbdəbəsində dərviş kimi yaşamaq çətin deyil ki?

M.Q.: Bilmirəm, “dərviş kimi yaşamaq” deyəndə nəyi nəzərdə tutursunuz. Məncə, öz işini, öz peşəsini layiqincə təmsil eləmək üçün dərviş kimi yaşamağa o qədər ehtiyac yoxdur. Sadəcə müasir dövrdən söhbət gedirsə, bu dövrün tələblərinə uyğun yaşamağa öyrəşməliyik. Mən cəmiyyətdən özümü təcrid edə bilərəm, amma qızımı, oğlumu heç vaxt. Onların həyatını qurmağa, onları yaşatmağa bir ata kimi borcluyam. Ona görə də dərviş olub, dərviş kimi yaşamağa haqqım yoxdur.

K.Ə-C.: İnsan zərrə-zərrə, qram-qram qocalmaq üçün gəlibmiş dünyaya, sən demə. Kədərlidir… Sizcə, yaradıcı adam nə zaman qocalır?

M.Q.: Çox qəribədir, yaş üstünə yaş gəlsə də, hiss edirəm ki, içimdə bir şıltaq, dalaşqan oğlan oturub. Mən onunla həmişə mübahisədəyəm. Ki, özünü idarə elə, özünü yaxşı apar. Amma içimdəki o uşaq həmişə uşaq olaraq qalacaq. Yalnız fiziki qocalıq gəlsə, yaşam enerjisi tükənsə, aktyor səhnəyə əlvida deməlidir. Amma bir tərəfdən də, aktyor elə səhnədə canını tapşırmalıdır.
K.Ə-C.: Aktyor fərd olmalıdır – deyirsiniz həmişə və öz şəxsiyyətinizlə, fəaliyyətinizlə bariz nümunəsiniz buna. Necə düşünürsünüz, aktyor-şəxsiyyət yetişdirmək üçün birinci nədən başlamaq lazımdır?

M.Q.: Bunun üçün elə bir xüsusi üsullar yoxdur, sadəcə, insan kimliyindən asılı olmayaraq, qoyulmuş qanunlar ki var, söhbət yazılmayan qanunlardan gedir, o qanunları gərək pozmasın. Əgər mən Məmməd Səfa kimi bu qanunları pozuramsa, onda məsələ birbaşa gəlir mənim şəxsiyyətimə söykənir. Aşıq gördüyün çağırar, mən müəllimlərimdən belə görmüşəm. Əgər öz peşənə hörmət eləmirsənsə, onda başqalarından da bu hörməti gözləmək əbəsdir.
D.Y.: Bayaq Könüllə mübahisə edirdik. O, sizi statik pozalar teatrının parlaq aktyoru kimi görür, mən isə meydan teatrının… Bəs, siz özünüzü hansı estetikanın, üslubun aktyoru hesab edirsiniz?

M.Q.: Maraqlı sualdır, hərdən bu haqda düşünürəm. Bir az uzaqdan başlayım. Müəllim (Vaqif İbrahimoğlu-red.) bizi təzə yığmışdı. O bizə elə tapşırıqlar verirdi ki, mən özümü çox narahat hiss edirdim, eləyə bilmirdim, qızarıb qalırdım, utanırdım. Axırda yaxınlaşdım müəllimə və dedim ki, sabahdan məşqə gəlməyəcəm. Baxdı, baxdı və dedi ki, qələt eləyəcəksən. Get, məşqini elə. İmkan vermədi ki, başqa söz deyim. Müəllim başqa tərbiyə verdi bizə. Meydan teatrı estetikasında, açıq sistemdə oynamaq, tamaşaçıyla üz-üzə, göz-gözə varolmaq çox çətindir. Aktyordan böyük məsuliyyət tələb edir. Təsəvvür elə, sən həm tamaşaçıyla, həm də tərəf-müqabillə bir yerdəsən. Bu mənada, Vaqif müəllimin teatrı bizdə peşəkara lazım olan vacib xüsusiyyətləri formalaşdırdı. Digər teatrların öz varolma üsulları, tamaşaçıyla ünsiyyətə girmək formaları var. Yuğ teatrında isə tamam başqadır. Amma bu gün mən klassik teatr üslubunda da, meydan estetikasında da oynaya bilərəm. Özümü buna hazır hiss edirəm. Komediyada da oynaya bilərəm. Çoxları hesab edir ki, mən komik rolları ifa edə bilmərəm. Bəlkə də bu mənim görkəmimə yad bir şeydir. Amma mən komediyanı özümə yad hesab etmirəm.D.Y.: Son bir neçə il ərzində Yuğda baş verən proseslər heç də onun xeyrinə deyil. O proseslər fonunda Yuğ başsız atlıya bənzəyir. Yuğ teatrının əsasını qoymuş sənətkarlardan biri kimi, Məmməd Səfa olaraq mövcud vəziyyəti aradan qaldırmaq, Yuğu qorumaq üçün nə edirsiniz?

M.Q.: Çətin sualdır. Çox məsuliyyətli bir cavab tələb edir. Mən də çalışacam, bu suala ehtiyatla cavab verim. Heç kimin xətrinə dəymək istəmirəm. Yuğ dövlət teatrıdır və bu gün onun başında dayanan, bu teatrın yaşaması üçün çalışan insanlar var. Mən onlara da burdan təşəkkürümü bildirirəm. Amma Yuğ teatrında aşağı-yuxarı nələrsə baş verirsə, bunun səbəbini kənarda axtarmaq lazım deyil. Bu gün Yuğ teatrına aidiyyatı olmayan insanlar onu idarə edirsə, burada onların heç bir günahı yoxdur. Günah bizim özümüzdə, içimizdədirD.Y.: Söhbət konkret kimdən və ya kimlərdən gedir?

M.Q.: Yuğçulardan… başımıza gələn hər şeyə görə günahkar özümüzük. Yaxşı və pis nə varsa, hamısını biz eləmişik. Ona görə, bu məsuliyyəti dərk etməli və bu sualı özümüzə verməliyik. Hərə öz işi ilə məşğul olmalı idi! Mən bir nida da qoyardım bu cümlənin sonuna. Yəqin ki, işimizlə məşğul olmaq istəmədik, ona görə, dağınıqlıq yarandı, xoşagəlməz məsələlər ortaya çıxdı. Amma sonra nə oldu? Sonra da gördüyünüz bugünkü mənzərə…

K.Ə-C.: Bəs bu gün Yuğ teatrı mövcudluğunun hansı mərhələsini yaşayır?

M.Q.: Bu gün biz Kukla teatrının binasında fəaliyyət göstəririk. Bu mənada, mütləq o kollektivə təşəkkürümüzü bildirməliyik. Deyə bilərsiniz ki, axı, bu, nazirlik səviyyəsində həll olunan bir məsələdir. Hər halda, başqasının evinə girdik. Amma bu insanlardan mən həmişə doğmalıq və yaxınlıq hiss eləmişəm, direktorundan qapıçısına qədər.
D.Y.: Eşitmişəm ki, Vaqif İbrahimoğlu Stanislavskinin adını çəkəndə “Allah rəhmət eləsin!” deyirdi. Məncə, V.İbrahimoğlu sağ olsaydı, bu gün yuğçuların xatırladığı o V. İbrahimoğluna bir neçə dəfə rəhmət oxumuşdu. Sizə elə gəlmirmi ki, bizim də ona rəhmət oxumağımızın vaxtı çatıb.

M.Q.: Hə, müəllim bunu çoxdan başa düşmüşdü. O deyirdi ki, bir teatr poetikasının ömrü 20 ildən artıq ola bilməz. O elə bir insan idi ki, fikri hər saat, hər dəqiqə dəyişə, daha doğrusu, yenilənə, təzələnə bilərdi. Müəllimdə qəribə bir proqress var idi. O, bu inkişaf ritmiylə nəinki teatr icmasını, hətta dövrün digər görkəmli alimlərini, filosoflarını heyrətləndirməyi bacarırdı. Təbii ki, onun qoyduğu yolu getmək, oradan sapmamaq, o xətti qoruyub saxlamaq üçün gərək onun kimi düşünməyi, o cür var olmağı bacarasan. Bu da bizdən ötrü çox böyük və ağır məsuliyyətdir.
K.Ə-C.: Dediyiniz kimi, mərhələnin bitdiyini müəllim özü duyurdu, duyurdu ki, Yuğda bir mərhələ bitib və yeni mərhələ başlamaq üzrədir. Müəllim artıq “Kafkadan salam”la, “Psix”lə yeni mərhələnin başlanğıcının əsasını qoyurdu. Və çox təəssüf ki, bir mərhələnin bitib başqasının başlaması müəllimin dünyadan köçməsilə üst-üstə düşdü. Və bu qarğaşada hər kəs özünü itirdi.

M.Q.: Müəllimin getməyi ilə özümüzü itirdik, bir az özümüzə gəlməyə başlamışdıq ki, ikinci bir zərbə – binanın sökülməsi oldu. Düzdür, Yuğ binadan ibarət deyil, amma hər halda məhz o bina yuğun ekzotikasının bir parçası idi. Məhz o binada bu poetika öz məkan həllini tapırdı. O binadan çıxıb başqa bir məkanda var olmaq da olduqca çətin oldu.D.Y.: Tələbələr də doğrultmadı özünü…

M.Q.: Müəllimi adına layiq yaşadan və yaşadacaq, ağrılı da olsa, deyəcəyəm yalnız onun aktyorlarıdır. Bu mənada, məncə Yuğ teatrının sənətçiləri harada olmalarından asılı olmayaraq, o ruhun bir parçasıdırlar, onun daşıyıcısıdırlar.

K.Ə-C.: Amma aktyorları da vacib məqamda susmağı seçdilər, bu susqunluq məni həmişə incidir. Bu proseslər baş verəndə, kimlərsə durub “mən belə elədim”, “mən elə elədim”, “Vaqif budur”, “Yuğ budur” deyəndə, Yuğun qurucularının o kimsələrin qarşısında susqunluğu məni incidir.

M.Q.: Müəllim olsaydı, elə danışmayacaqdılar…
K.Ə-C.: Müəllim yox idi, amma onun aktyorları var idi orda… Mən sizdən gözlədim, Fərhad (İsrafilov – red.) müəllimdən, Vidadi (Həsənov-red) müəllimdən gözlədim, Sona xanımdan (Sonaxanım Mikayılova – red), Gülzar (Qurbanova – red.) xanımdan gözlədim…

M.Q.: Bu məsələ çox qarışıq və mürəkkəb məsələdir. Yuğda baş verənlərin bizdən asılı olan və olmayan səbəbləri var idi. Amma bayaq da dediyim kimi, biz hamımız – qapıçısından Xalq artistinə qədər, günhakarıq. İndi mən bu məsələləri açıb-ağartmaq, kimlərinsə qəlbini qırmaq istəmirəm. Necə deyərlər, bir qəlbi inşa edə bilmirsənsə, niyə qırırsan..K.Ə-C.: Aydın Talıbzadə “Otello” tamaşasını 3 dinin konfrantasiyası kimi yozub. Nədənsə, mənə həmişə elə gəlib ki, bu, sırf Aydın müəllimin interpretasiyasıdır və Vaqif müəllimin yozumu ilə heç bir əlaqəsi yoxdur. Prosesin birbaşa iştirakçısı kimi siz necə düşünürsünüz?

M.Q.: Yalnız onu deyə bilərəm ki, bu tamaşa məndən ötrü yeni bir səhifə açdı. İstər ifaçılıq, istərsə tərəf-müqabillə münasibət baxımından yaddaşıma həkk olunmuş tamaşadır. Ona görə yox ki, Otellonu mən oynayırdım. Sadəcə, Yuğda bir neçə tamaşalar olub ki, yaddaşıma həkk olunub. Məsələn, “Oğul”, “Salam”, “Səma”, “Sirlər xəzinəsi” və “Can üstə”… Uzun zaman keçməsinə baxmayaraq elə hesab edirəm ki, o tamaşalar məhz bu günün tamaşalarıdır. Aktyorun böyüməsi, inkişaf eləməsi üçün çox böyük imkanları olan tamaşalar idi.
K.Ə-C.: Siz heç zaman “Psixosof” teatrının aktyoru olmamısınız və Vaqif müəllim də sizi belə qəbul eləmişdi. Psixosofu qəbul etməsəz də, prosesi keçir, hətta onu aparırsınız. “Statik pozalar” teatrının aktyoru kimi o ahəngi, yəni ruhun hikmətiylə öz estetikanızı necə vəhdətdə saxlaya bilirsiniz?

M.Q.: Bir gün Vaqif müəllim otağında tutdu yaxamdan, sıxdı divara və dedi ki, niyə mənim dediklərimi hamı eləyir, sən eləmirsən?!. Dedim, Vaqif müəllim, bu “eləyə bilmirəm” söhbəti deyil, mən, sadəcə, elə eləmək istəmirəm. Mən onu sizin dediyiniz variantda qəbul edə bilmirəm, mənim təbiətim belədir də… amma o təklif olunan variantın içində özüm üçün elə xırdalıqlar tapıram ki, bu xırdalıqlarla da həmən mahiyyəti tamamilə əks etdirmək mümkündür. Bu o demək deyil ki, mən müəllimin dediklərini qəbul eləməmişəm, əksinə mən onu təpədən-dırnağa qəbul etmişəm. Amma bütün bunları öz orqanikama, ruhuma, bədənimə uyğun olaraq dərk etməyə, dəyərləndirməyə çalışmışam ki, özüm olum.D.Y.: Mənə həmişə elə gəlib ki, Məmməd Səfa səhnədə də, ekranda da öz variantlarını oynayır. İstənilən rolunu “Məmməd Səfa teatrı”nın estetikasında oynayır. Öz variantlarınıza bu sadiqliyinizin sizi köhnəldəcəyindən, ştampa çevirəcəyindən qorxmursuz ki?..

M.Q.: Heç vaxt işlədiyim rejissorun variantını qəbul etməmək, onu silmək kimi iddiam olmayıb. Sadəcə həmişə rejissorun variantları yanında öz variantlarımı da yerbəyer eləməyə çalışmışam və həmişə bu prinsipə sadiq qalmışam. Rejissor fikrini realizə etməklə yanaşı, həm də öz müəllifliyimi qoruyub saxlamışam. Əgər mənim variantlarım rejissor fikrinə xələl gətirmirsə, işə ziyan vurmursa, görəcəyimiz işin məna təbiətini daha da zənginləşdirirsə, niyə də onlardan yararlanmayaq…

K.Ə.C.: Məmməd Səfa şablonlardan, stamplardan qaçmaq üçün nə edir və bunu bacarırmı?

M.Q.: Heç vaxt bu barədə düşünməmişəm!K.Ə.C.: Məsələn, Fuad Poladovda belə məqamlar var idi. Bilirdin ki, bu jest, bu yeriş, bu səs, bu tövr yalnız ona xasdır. Bu həm çox gözəldir, həm də qorxulu bir tərəfi var. Bu gözəl şeyin qorxulu məqama çevrilməməsi üçün nə etmək lazımdır.

M.Q.: Bu ştamp deyil, özünəməxsusluqdur və çox gözəl bir şeydir. Allah Fuad Poladova rəhmət eləsin, əgər bundan sonra bir 20 il də yaşasaydı və oynasaydı, biz onu maraqla izləyəcəkdik, qəbul edəcəkdik. Ona görə ki, bir fərd kimi, şəxsiyyət kimi bütöv və maraqlı insan idi. Aktyor sənəti, aktyorluq missiyası eləcə səhnəyə çıxıb rejissorun verdiyi mizanları yerinə yetirməklə bitmir. Necə ki, səhnədə hər şeyi düzgün edəndə aktyor maraqlı görünür, eləcə də gərək həyatı düzgün yaşayasan, hər şeyi düzgün qurasan. Bir vaxtlar Dram Teatrının “qızıl dövrü” vardı, mən tələbə idim, amma o zaman bütün tamaşalara baxırdım. Ağasadıq Gəraybəylidən bu yana o dövrün bütün aktyorlarını görmüşəm. Heç biri bir başqasına bənzəməzdi, hərəsi bir cür dahi idi və bu, məhz bayaq dediyimiz özünəməxsusluğun sayəsində mümkün olurdu. Bununçün gərək qapıdan o tərəflə qapıdan bu tərəfi balansda saxlamağı bacarasan. Sənət şəxsiyyətə dayanır, şəxsiyyət yoxdursa sənət də, peşə də yoxdur.
D.Y.: “Qapıdan o tərəf və bu tərəf” …çoxmu ehtiyac duyursuz qapıdan o tərəfdəki Məmməd Səfanı gizlətməyə?..

M.Q.: Heç vaxt qapıdan o tərəfdəki Məmməd Səfanı gizlətməyə ehtiyac duymamışam. Sadəcə, onu həmişə məsuliyyətli olmağa, özünü idarə etməyə dəvət eləmişəm. Mənim ixtiyarım yoxdur ki, qapıdan o tərəfdə özümü peşəmə yaraşmayacaq formada aparım. Mənimçün ən böyük dəyər qapıdan o tərəfdədir. Qapıdan bu tərəfdəki isə mənim peşə tərəfimdir, təzahürdür. Səhnə rentgen kimi sənin içini göstərəcək. Ona görə, əvvəlcə qapıdan o tərəfdəki Məmməd Səfanı qorumaq, təmiz saxlamaq lazımdır.D.Y.: Hansı qəhrəmanınızın, hansı rolunuzun altından imza atardınız ki, bu mənəm, Məmməd Səfadır?

M.Q.: Çox çətin sualdır… İcazə verin, bu sualı cavabsız qoyum… Qorxuram, verəcəyim cavab özümdən böyük olar. Yəqin ki, bu sualı cavablandırmaq üçün bir xeyli vaxt lazımdır.

D.Y.: Məncə, siz bu sualın cavabını çox yaxşı bilirsiz, sadəcə demək istəmirsiniz…

M.Q.: Yox, çətin sualdır. Düşünmədən, suala cavab vermək xatirinə nələrsə demək olar. Heç vaxt düşünməmişəm bu barədə, sadəcə mən bütün rollarımı sevirəm və heç birinə fərq qoymuram.

K.Ə.C.: Səfa müəllim, İblisi oynamaq çətindir?

M.Q.: Yox… İblis bizim içimizdədir də, sadəcə onu bir az hərəkətə gətirmək lazımdır, vəssalam.D.Y.: Məncə, Məmməd Səfa nə oynayıbsa hamısı İblisidir.

M.Q.: Filmi nəzərdə tutursunuzsa, çox mürəkkəb bir film idi. Orda bir xətt boyunca 8-9 personajı canlandırırdım və çalışırdım ki, biri o birinə oxşamasın. Hesab edirəm ki, o film məhz “aktyor filmi”dir.

D.Y.: Bütün orqanikanızda, yerişinizdə, duruşunuzda, auranızda bir dirəniş, bir qarşıdurma intonasiyası var. Bəs, müasir Azərbaycan teatrı necə, sizi qane edirmi? Problemlər sözsüz ki, var, bəs siz əsas problemi nədə görürsüz?..

M.Q.: Bəli, problemlər var – yaşam olan yerdə problemdən qaçmaq mümkün deyil. Hər kəs əvvəlcə öz işini dərindən bilməli və onunla məşğul olmalıdır. Əgər bu gün Məmməd Səfa bilirsə ki, bacarmır, sənətə yaramır, onda çıxıb getməlidir… Nə qədər ağrılı da olsa, hər kəs bunu özü dərk etməlidir. Məncə, ən böyük problem iddia və potensial problemidir. Bəzən iddialarımızla, bacarığımız, potensialımız üst-üstə düşmür. Məsələn, mən bu gün tələbələrlə tamaşa qura bilərəm, amma, axı, bilirəm ki, bu, başqa peşədir və mən rejissor deyiləm. Bu mənada, gərək hər kəs özünü bilsin, onda mənə elə gəlir, problemləri çözmək də asan olar.K.Ə.C.: Yeni yaranan özəl teatrlara münasibətiniz necədir və dəstək olursunuzmu? Hər hansı bir təklif gəlsə qəbul edərsizmi?..

M.Q.: Qəbul edərəm, amma baxır mənə nə təklif edirlər. Görüm, bir onu bacararammı, özümü o formada, o məzmunda tapa bilərəmmi… Bunlar bir az düşünmək tələb edən məsələlərdir.

D.Y.: Deyirlər ki, sənətçi yaradıcılıq prosesində özündən daha böyük qəhrəmanlar yaratmağı qarşısına məqsəq qoymalıdır. Bəs siz proses zamanı hansı məqsədləri qoyursuz qarşınıza?..

M.Q.: Özündən böyük qəhrəmanı yaratmaq xeyli çətin və mübahisəli məsələdir, gəl, hələ biz özümüz boyda qəhrəmanı yaradaq, sonra bu barədə düşünərik. Mənim anamın bir dayısı var idi, həmişə ağappaq geyinərdi, səliqəli, ağ saqqalı vardı. Radioların təzə çıxan vaxtı atam mənimçün bir radio almışdı, mən də gələnə də göstərirdim, gedənə də. Bu kişi gəldi çıxdı bizə, gələn kimi getdim gətirdim radionu qoydum qabağına, dedim, baba, bax, atam mənə radio alıb. Kişi, indiki kimi yadımdadır, radioya əl vurmadı, o yanına baxdı, bu yanına baxdı… baxdı… baxdı… baxdı… sonra antennasını çıxardı, haçandan-haçana “çıq” eləyib yandırdı, bir də fırladı, baxdı və qayıtdı ki, hə, bala, yaxşı radiodur. Sındırma, saxla, bu, gözəl radiodur. Baxın, mənimçün ən böyük “aktyor sənəti” odur. Bu gün də o kişi gözümün qabağındadır. Mən necə hayıl-mayıl o kişiyə baxırdım və gözləyirdim ki, görəsən, nə deyəcək. Bu gün də mənə aydın deyil ki, o insanda nə idi məni belə sehirləyən, cəlb edən. Bax, bütün sirr ordadır… o sirri çözmək gərəkdir. Təbii, müəllimlərimdən çox şey öyrənmişəm. Allah qəni-qəni rəhmət eləsin Nəsir Sadıqzadə-red.) müəllimə, sözlə işləməyi o öyrədib mənə. Tamaşanın ərsəyə gəlməsində ən vacib mərhələ stolarxası məşqdir ki, bunu da Nəsir müəllimdən öyrənmişəm. Lakin mənim üçün birinci dəyər hər zaman o kişi olub.D.Y.: Məmməd Səfa da bizim üçün müəyyən mənada, elə o kişidir. Hər dəfə çıxır, eyni yeriş, eyni hərəkətlər, lakin sən bilmirsən ki, o nə edəcək. Bax, bu bilinməzliyi necə qoruyursunuz? Maraqlı qalmağın bir sirri varmı? Yoxsa bu, bilaixtiyar əmələ gəlir?

M.Q.: Yox, bilaixtiyar heç nə əmələ gəlmir. Sadəcə çalışmışam ki, yalan danışmayım. Onsuz da həyatımız bir çox məqamlarda yalanlar üstündə qurulub. Bu gün də davam edir, istər qapıdan o tərəfdə, istər bu tərəfdə. Onsuz da, elədiyim oyundur, istədim-istəmədim. Əgər tamaşaçı qarşısına çıxmışamsa, deməli, hansısa bir oyunu ona təqdim edirəm. Bu oyunun içinə yalan da qatmış olsam, onda bu, işin keyfiyyətinə xələl gətirər. Bu mənada, çalışmışam ki, elədiyim heç nəyə yalan qatmayım. Bir dostumuz var, adını deməyəcəyəm, deyir ki, bir dəfə durmuşam, sağımdan-solumdan insanlar keçir, heç biri mənə dəymir, toxunmur, amma hiss edirəm ki, hamısı mənə toxunub gedir. Bu sözdə bir həqiqət var. Bu və bu kimi məqamlar, istədin-istəmədin, səni yalanlara aparır. Küçədə biri ilə rastlaşırsan, istəmədən üzünə bir təbəssüm gətirirsənsə, artıq bunun özü də bir yalandır. Aktyor peşəsi üçün bunları zərərli yalanlar hesab edirəm. Nəyə görə? Tələbə vaxtı instituta gələndə yolumun üstündə, kilsənin qabağında bir qadın dayanırdı. Uzun illər o yerdə dayanıb dilənirdi. Sonra bir müddət yoxa çıxdı. Bir dəfə metroda rastlaşdıq. Dilənmirdi, amma üzündəki o yazıqlıq hələ də qalmışdı. Çünki istəməsə də, artıq o ifadə üzünə həkk olunmuşdu. Aktyor sənətini də belə hesab edirəm, onu zorlamaq olmaz, yalançı ifadələr çox təhlükəlidir, onu qəlibə sala bilər. Yalançı ifadələrlə aktyor özünü, aktyor təbiətini zorlamış olur.K.Ə-C.: Həyatdan aldığınız ən böyük dərs nə olub?

M.Q.: Ən böyük dərs… (Susur) İstəməzdim ki, əziz insanları nə vaxtsa itirək. Əzizlərimizi itirdikcə həyatdan öz dərsimizi alırıq, ağrılıdır… amma həyat dediyimizin özü də elə budur.

D.Y.: Dilənçi qadından danışdınız. Mənə elə gəlir ki, elə ən səmimi dilənənlər, bax, o dilənçilərdir. Biz hamımız dilənirik, birimiz sevgi, birimiz diqqət, birimiz ümid… Məmməd Səfanın ən böyük diləyi nə olub və kimdən olub?

M.Q.: Birinci Allahdan diləmişəm, sonra isə umacaq yerim həmişə atam olub.

D.Y.: Bəs, ən çox nəyi itirməkdən qorxmusuz?

M.Q.: İndiki yaşımda bunu bir neçə hissəyə bölə bilərəm: övladlarımla, valideynlərimlə, peşəmlə və s. Allah-təala hərəyə bir ömür verib, hərə bir ömür yaşayacaq. Kaş, yaşayacağımız ömrü ləyaqətlə, şərəflə yaşa bilək sonacan. Sevgiylə və sevgiyə köklənərək yaşaya bilək. Başqa yolumuz yoxdur.K.Ə-C.: Bir dəfə demişdiniz ki, aktyorlar Allaha ən yaxın olan insanlardır…

M.Q.: Bəli, çünki aktyor ruhuna köklənən bir varlıqdır. Ruh da nədir? Bizim içimizdəki “mən”. Bunu mən deməmişəm ki… deyir, bir mən vardır məndə, məndən içəri…

K.Ə-C.: Şair də, rəssam da, musiqiçi də ruhla əlləşənlərdir…

M.Q.: Əlbəttə. Mən nə üçün özümüzü Allaha şairdən, rəssamdan, musiqiçidən daha yaxın hesab edirəm? Çünki onların alətləri var, fırçası var, qələmi var… Aktyorunsa “öz”ündən başqa heç nəyi yoxdur. Mənim – aktyorun söykəndiyi yalnız “O”dur. Bu mənada, aktyoru “O”na daha yaxın hesab edirəm.D.Y.: Heç tələbələrinizə yalan danışdığınız vaxtlar olubmu?

M.Q.: Bəzən elə məqamlar olur ki, məhz orada yalan danışmaq lazımdır. Birdən görürsən ki, tələbədir, gəncdir, təcrübəsizdir, nəsə edir, alınmır. Sən ilk baxışda baxırsan, elə hesab edirsən ki, o bu məsələyə yaramır, amma yenə də mənim haqqım yoxdur ona bu sözü deməyə. Çünki bu peşədə bunu demək ağılsızlıqdır. Bəzən heç ummadığın, nəzərə almadığın tələbə, bir də görürsən, elə formada özünü realizə elədi ki, heyrətlənirsən. Ona görə, hərdən yalan danışmaq lazımdır, söhbət qarşı tərəfi ruhlandıran, inandıran yalandan gedir a… Özüm də zamanında dəfələrlə bu inamsızlığa düçar olmuşam, müəllimlərim məni inandırıblar.
K.Ə-C.: Müəllimləriniz çoxdur dediniz, bəs, kimi ustad hesab edirsiniz?

M.Q.: Allah qəni-qəni rəhmət eləsin, bütün müəllimlərimə, müəllimlərim çox olub, məni ilk dəfə səhnəyə çıxaran, ilk addımı öyrədən Əfrasiyab Məmmədov, Nəsir Sadıqzadə olub. Ustadım isə bir nəfərdir – Vaqif İbrahimoğlu.

TeatrO.az sənət portalının layihəsi: Könül Əliyeva-Cəfərova və Dağlar Yusifin təqdimatında “Bermud üçbucağı”nın qonağı Xalq artist Məmməd Səfa Qasımovdur.