Türkiyədə prezident və parlament seçkiləri keçirilir

0
49

İyunun 24-də Türkiyədə yerli vaxtla saat 08:00-da növbədənkənar prezident və parlament seçkilərində səsvermə başlanıb. Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan (Ədalət və İnkişaf Partiyası), Doğu Perinçek (Vətən Partiyası), Meral Akşenər (İyi Partiya), Məhərrəm İncə (Cümhuriyyət Xalq Partiyası), Səlahəddin Dəmirtaş (Xalqların Demokratik Partiyası) və Teməl Karamollaoğlu mübarizə aparırlar.

İyirmi yeddinci çağırış parlament seçkilərində iki blok və üç partiya mübarizə aparır. AKP və MHP parlament seçkilərinə “Cümhur ittifaqı” blokunda, CHP, İyi Partiya və Səadət Partiyası “Millət ittifaqı”nda qatılıb. BBP, HÜDA Partiyası və Vətən Partiyası təkbaşına mübarizə aparırlar.

Səsvermə və onun nəticələrini izləmək üçün Ankara, İstanbul və Diyarbəkir şəhərlərində KİV təmsilçiləri üçün üç mətbuat mərkəzi fəaliyyət göstərir. Nazirlər Kabinetinin mətbuat və informasiya baş idarəsi tərəfindən təşkil olunan bu mərkəzlərdə KİV nümayəndələri üçün bütün texniki şərait yaradılıb.

Səsvermə Türkiyə vaxtı ilə 17:00-da başa çatacaq.

Türkiyənin 60 ölkədə fəaliyyət göstərən 123 diplomatik nümayəndəliyində qeydə alınmış 3,5 milyona yaxın seçicinin təxminən yarısı prosesdə iştirak edib. Azərbaycandakı Türkiyə vətəndaşları iyunun 17-də Bakı, Naxçıvan və Gəncə şəhərlərindəki diplomatik nümayəndəliklərdə səs veriblər.

Türkiyə Ali Seçki Komissiyasının qərarına əsasən, əvvəlcə prezidentliyə namizədlərin səsləri sayılacaq.