Ramazan bayramınız mübarək!

0
22

İyunun 15-i və 16-sı Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Müqəddəs Ramazan ayı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib. Bu gecə “leylətul-qadr” – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: “Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdır, sülhdür” (97:1-5).

Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad arasında cinsi yaxınlıq və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 29-30 sutka davam edir. Quranda yazılır: “Yeyin, için, ta qara sap ağ sapdan seçilənədək, sonra qaranlıq düşənədək oruc tutun” (2:187).

Orucluq islamdan da əvvəl mövcud idi. Hələ qədim ərəblər öz allahları rizasına oruc tuturdular. Bu barədə Quranda deyilir: “Sizlərə oruc tutmaq buyrulduğu kimi, bizdən əvvəlkilərə də buyrulmuşdur”.

Orucluq “id əl-fitr” bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır.

Fitrə Ramazan bayramından bir və ya iki gün əvvəl bayram namazı qılınmadan verilməlidir. Beləcə, yoxsullar bununla bayram namazından çıxmadan əvvəl ehtiyaclarını aradan qaldırmaq fürsəti əldə edirlər. Bundan əlavə, fitrə Ramazan ayı başladıqdan sonra, hətta Ramazan ayı başlamadan əvvəl də verilə bilər. Lakin bayram günündən sonraya qalarsa, şəxsin öhdəliyində qalır və ilk fürsətdə verilməlidir. Lakin hər hansı bir üzr səbəbilə, yaxud səbəbsiz yerə verilmədiyi təqdirdə, bu öhdəlik şəxsin üzərindən qalxmır və mütləq bu borcunu yerinə yetirməlidir. Bundan əlavə, fitrə sədəqəsi vermədiyi üçün bayram namazını tərk etmək doğru deyil. Məhz bu səbəbdən bayram namazı tərk olunmamalı və qılındıqdan sonra ilkin mərhələdə verilməyən fitrə sədəqəsi dərhal verilməlidir.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Bayram sevinc və şadlıq günüdür. Bayramınız mübarək!