Yanvar-may aylarının statistikası

0
42

Bu ilin yanvar-may aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 426,4 milyon manat vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 1 milyard 925,3 milyon manatı (79,3 faizi) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Çexiya, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Tikinti müəssisələri tərəfindən yerinə yetirilən inşaat işlərinin 62,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9,8 faizini əsaslı təmir, 8,7 faizini cari təmir, 19,3 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 80,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Bu ayın 1-nə kimi 439 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 72,7 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 30 min hektarı dən üçün qarğıdalı), 59,1 min hektar sahədə kartof, 67,4 min hektar sahədə tərəvəz, 20,4 min hektar sahədə bostan bitkiləri, 130,1 min hektar sahədə pambıq, 10,8 min hektar sahədə dən üçün günəbaxan, 9 min hektar sahədə şəkər çuğunduru, 3,4 min hektar sahədə tütün, 59,1 min hektar sahədə çoxillik otlar, 1,7 min hektar sahədə birillik otlar və 5,3 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

Yaz-tarla işləri ilə yanaşı kənd təsərrüfatı məhsullarının yığımına da başlanıb. İyun ayının 1-nə kimi tarlalardan 71,7 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 4,1 dəfə çox taxıl, 135,4 min ton (66,6 faiz çox) kartof, 217 min ton (56,2 faiz çox) tərəvəz, 13,1 min ton (17,3 faiz çox) meyvə və giləmeyvə, 353,2 ton (13 faiz çox) yaşıl çay yarpağı yığılıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 3,4 faiz artaraq 195,3 min ton, süd istehsalı 1,4 faiz artaraq 829,1 min ton, yumurta istehsalı 0,3 faiz artaraq 741,8 milyon ədəd, yun istehsalı isə 1,5 faiz azalaraq 11,8 min ton olub.

2017-ci ilin yanvar-may ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 8,5 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 52 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,5 faiz artıb.