Paşinyan daşı ətəyindən tökməsə…

0
34

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni ideyalarının olmaması artıq göz qabağındadır. Odur ki, dövlət idarəçiliyində heç bir təcrübəsi olmayan Paşinyan tamamilə cəfəng xarakter daşıyan fikirlər irəli sürməkdədir. Onun bu ənənəsini artıq komandası da davam etdirir. Belə ki, Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan da Paşinyan kimi sayıqlayaraq deyib ki, Ermənistan Qarabağın yerinə danışıqlar apara bilməyəcək. Halbuki  bu ölkənin birinci prezidenti seçilmiş Levon Ter-Petrosyanın vaxtından, yəni 1991-ci ildən Azərbaycan danışıqları bilavasitə Ermənistanla aparır. Bu mənada işğal, təcavüz nəticəsində yaradılmış qondarma rejimin danışıqlarda iştirakı barədə Nikol Paşinyanın irəli sürdüyü iddia danışıqlar prosesini iflic vəziyyətinə salmaq, parlament seçkilərinə qədər işğala əsaslanan status-kvonu saxlamaq məqsədi daşıyır.

Artıq beynəlxalq ictimaiyyətə də yaxşı bəllidir ki,  qondarma rejimi yaradan, onu himayə edən elə işğalçı Ermənistandır. Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə yerləşib, eləcə də torpaqların işğalını həyata keçirib. Ona görə də danışıqlar yalnız Ermənistanla Azərbaycan arasında davam etdirliməlidir.

Məlum olduğu kimi, rəsmi Moskva Nikol Paşinyanın bu sayıqlamasını dəstəkləməyib. Dünən Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrlərinin – Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) Nikol Paşinyanla görüşündə də qondarma rejimin danışıqlarda iştirakı birmənalı şəkildə rədd edilib. Çünki onlar da danışıqlar formatının dəyişməsini istəmirlər: münaqişə ATƏT-in  Minsk qrupu çərçivəsində öz həllini tapmalıdır.

Bəs Paşinyan niyə buna israr edirdi? Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib ki, çünki Ermənistan  “DQR” arxasında gizlənərək bütün dünyaya bəyan etmək niyyətindədir ki, biz yox, məhz qondarma rejim Azərbaycanla müharibə aparır. Halbuki, torpaqlarımız bilavasitə Ermənistan ordusu tərəfindən işğal olunub. Yəni, ermənilər bu məqsədi güdürlər.

Digər tərəfdən, Nikol Paşinyan belə bir iddiası ilə Dağlıq Qarabağın məhz Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu etiraf edir. Bu mənada dediklərinin məntiqsiz olmasını özü də yaxşı anlayır.

Nikol Paşinyanı hakimiyyətə gətİrimiş erməni xalqı bu məsələdə ondan çox şeylər gözləyirdi. Lakin münaqişənin həllində qondarma rejimin tərəf kimi iştirakı ilə bağlı fikirləri xalqın ümidlərinin puça çıxması ilə nəticələndi. Odur ki, Paşinyan iki ayağını bir başmağa dirəməkdə davam etsə, yaxud bu daşı ətəyindən tökməsə, erməni anaları özgə torpaqlarını “qoruyan” övladlarına görə yenə üzüləcəklər. Bu isə o deməkdir ki,  elə bu səbəbdən dünyanın müxtəlif bölgələrinə səpələnmiş erməni gənclər ölkəyə qayıtmayacaqlar.

Artıq bu, bir həqiqətdir ki,  Azərbaycanın həyata keçirdiyi uğurlu islahatlar sayəsində Ermənistanın iqtisadiyatı gündən-günə çökür, əhali  səfalət içərisində yaşayır. Bir tərəfdən də, satdığı hər min kubmetr qaz üçün Ermənistana 150 dollar qiymət qoyan Moskva 2018-ci ilin sonundan bu qiyməti yenidən nəzərdən keçirmək, yəni artırmaq niyyətindədir. Bunun isə yoxsulluq məngənəsində sıxılan sadə erməni vətəndaşları üçün əlavə problemlər yaradacağı şəksizdir. Belə vəziyyətdə Ermənistanın İran qazından da istifadə edə bilməsi sual altındadır. O zaman, çox güman ki,  İrəvan küçələrinin meydanlarında yeni Paşinyanlar peyda olacaqlar.

Azərbaycan isə regionun hegemon dövlətinə çevrilir. Üstəlik, güc balansı da onun tərəfindədir. Bu gün onun ordusu dünya miqyasında belə öz sözünü deməyə qadirdir. Bu isə Dağlıq Qarabağ probleminin həllində şərtləri məhz Azərbaycanın diktə etməsinə gətirib çıxarıb.

Aprel döyüşlərindən sonra Azərbaycan Ordusu daha bir uğurlu döyüş əməliyyatına Naxçıvan Muxtar Respublikasında imza atmaqla öz gücünü  bir daha göstərmədimi? Yeri gəlmişkən, Azərbaycanın Ermənistana hərbi-siyasi təzyiqi Rusiya tərəfindən də narazılıqla qarşılanmadı. Bu isə bir daha onu sübut edir ki, elə rəsmi Moskva  da Paşinyanın sayıqlamalarından bezib.

Belə əməliyyatlar, düşmənə sarsıdıcı zərbələr isə artıq reallığa çevrilir. Şübhəsiz ki, belə uğurlu əməliyyatlar Nikol Paşinyana və onun ölkəsinə çox baha başa gələcək. Nikol Paşinyan öz düşünülməmiş siyasəti ilə Azərbaycanı buna vadar edir. Halbuki işğala son qoyulması ermənilərin yeganə çıxış yoludur.

Dağlıq Qarabağ münaqişəsi Ermənistana və ermənilərə heç nə qazandırmayıb. Əksinə, bu münaqişənin nəticəsi olaraq yalnız ağır problemlər içərisində qalıb. Bütün bunlar isə mövcud çərçivədə danışıqlar prosesinin intensivləşdirilməsini zəruri edir.

Bu adi həqiqəti yaxşı dərk edən bəzi erməni politoloqları da erməni xəstəliyindən yaxa qurtara bilməyən Nikol Paşinyanın irəli sürdüyü sərsəm fikirlərə öz etirazlarını bildirirlər. Məsələn, erməni politoloqu Arman Melikyan deyib ki, Ermənistanın danışıqlarda Dağlıq Qarabağı tərəf kimi cəlb etməyə səy göstərməsi heç bir məntiqə uyğun deyil.

Başqa bir erməni politoloqu Aleksandr İsgəndəryan isə belə deyib: “Hesab etmirəm ki, Qarabağın masa ətrafına qayıtması ilə bağlı hər hansı perspektiv var. Valsı tək oynamırlar və Azərbaycanın elə bir əsası yoxdur ki, Qarabağ danışıqlar masasına qayıtsın”.

… Nikol Paşinyan isə hələ də son olaylardan bir nəticə çıxarmaq fikrində deyil.  Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ən azı 80-90 dəfə pozması dediklərimizə sübutdur. Bu isə istər-istəməz “keçinin əcəli çatanda çobanın dəyənəyinə sürtünər” misalını yada salır.

Qvami Məhəbbətoğlu,  “İki sahil”