“Aztelekom” abunəçilərini maarifləndirir

0
116

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC Qəbələ rayonunda uşaqların internetdə olan təhlükələrdən müdafiəsi mövzusunda seminar təşkil edib. İnteraktiv şəkildə aparılan seminarda məktəblilərə internetdə zərərli kontentlərdən qorunmağın yolları izah olunub.

Qəbələ şəhər 5 saylı orta məktəbdə keçirilən tədbirdə iştirak edən şagirdlərə, müəllim və valideynlərə bildirilib ki, “Aztelekom” MMC-nin öz internet istifadəçiləri üçün təqdim etdiyi “informasiyanın filtrlənməsi” rolunu oynayan xidməti sayəsində insanların, əsasən də azyaşlı uşaqların psixologiyasına neqativ təsir edən veb səhifələr istifadəçilər tərəfindən filtr edilir. Beləliklə, cinayətkarlıq, əxlaqsızlıq və aqressivliyi əks etdirən internet saytlarına giriş nəzarətə götürülür, arzuolunmaz saytlara girişə qadağa qoyulur. Uşaqlar arzuolunmaz saytlara daxil olmaq istədikdə bu xidmət səhifələrə girişi məhdudlaşdırır.

“Aztelekom” MMC-nin şöbə müdiri Emin Quliyev seminar iştirakçılarına məlumat verib ki, bu xidmətdən yalnız azyaşlı uşaqların valideynləri deyil, eləcə də iş saatlarında effektivliyin artırılması məqsədi ilə hüquqi şəxslər də istifadə edə bilərlər. “Valideynlər bilməlidir ki, övladlarını bu cür təhlükələrdən qorumaq üçün xüsusi filtr proqramları var. “Aztelekom” olaraq biz abunəçilərimizə təhlükəsiz internet üçün filtr xidməti təqdim edirik”. Xidmətdən istifadə qaydaları ilə bağlı bildirilib ki, istifadəçi “ağ siyahı” yaradaraq, arzuolunan internet resurslarının siyahısını tərtib edir. Eyni zamanda təhlükəli resursları “qara siyahı”ya salaraq, onlardan istifadəni məhdudlaşdıra bilir. Həmçinin, istifadəçi istədiyi vaxt filtri deaktivləşdirir.

Qeyd edək ki, “Aztelekom” MMC bu istiqamətdə tədbirlərin digər rayonlarda da təşkilini nəzərdə tutur. Bu cür maarifləndirici seminarlar daha əvvəl Şamaxı, Hacıqabul, Sabirabad məktəblərində də təşkil olunub.

Esmira Hidayətova