Tramp Kim Çen In ilə görüşdü

0
11

İyunun 12-də Sinqapurda ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreya (KXDR) lideri Kim Çen In arasında tarixi zirvə görüşü baş tutub. Liderlər arasında danışıqlar Sentosa adasındakı “Kapella” hotelində keçirilib.

Bakı vaxtı ilə saat 5:00-da başlayan görüşdən əvvəl hər iki lider ABŞ və Şimali Koreya bayraqlarının qarşısında bir-birlərinin əlini sıxıblar. Daha sonra bərabər olaraq təkbətək görüşün keçiriləcəyi otağa keçiblər.

Ümumilikdə təkbətək və geniştərkibli formatda keçirilmiş görüş bir saat yarım davam edib. Danışıqlar zamanı geniştərkibli formatda ABŞ-ı dövlət katibi Maykl Pompeo, Ağ ev əməkdaşları aparatının rəhbəri Con Kelli, prezidentin mətbuat katibi Sara Sanders, prezident administrasiyasının milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton, Vaşinqtonun Filippindəki səfiri Son Kim və Asiya üzrə Milli Təhlükəsizlik Şurasının böyük direktoru Mett Pottincer iştirak edib.

Şimali Koreyanı isə Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavinləri Kim Yon Çxol və Li Su Yon, xarici işlər naziri Li Yon Xo, xalq silahlı qüvvələri naziri No Qvan Çxol, XİN rəhbərinin müavini Soy Son Xi, Kim Çen Inın kiçik bacısı Kim Yo Çjon və Əmək Partiyası Mərkəzi Komitəsinin departament direktoru Xan Kvan San təmsil edib.

Görüşdən sonra hər iki lider mətbuat nümayəndələrinə qısa açıqlamalar verib.

Donald Tramp çox əhəmiyyətli bir görüş keçirdiklərini söyləyib. Tramp qısa açıqlamasında böyük problemlərin həllinə nail olacaqlarını deyib. ABŞ prezidenti bildirib ki, görüş heç kimin gözləmədiyindən də yaxşı keçib. O, Vaşinqtona qayıtdıqdan sonra Şimali Koreya ilə bağlı sənəd imzalayacağını vurğulayıb. Amma söhbətin hansı sənəddən getdiyini açıqlamayıb.
Kim Çen In isə görüşə gəlmək üçün bəzi maneələri aşdığını vurğulayıb. Ümumiyyətlə tərəflərin iki ölkə arasında yeni əlaqələrin formalaşması, Koreya yarımadasında davamlı və daimi sülhün yaradılması, yarımadada nüvəsizləşdirmə prosesinin gerçəkləşməsi məsələlərini müzakirə etdiyi bildirilir.

Görüşdə müzakirə olunan məsələlər və əldə olunan nəticələr barədə hələlik detallı məlumat verilmir.