Paşinyan “məcrasına” qayıdır?

0
60

Ermənistanda hakimiyyətə gəlmiş yeni baş nazir Nikol Paşinyan elə gedişlər edir ki… Yəni sükanı gah sağa – Rusiyaya tərəf çəkir, gah da sola – Qərbə tərəf. Yandan baxanlar da elə bilirlər ki, guya o, belə etməklə gah Krermlə meydan oxuyur, gah da… Əslində isə Paşinyan, sözün həqiqi mənasında, rola girməklə artistlik edir. Amma bu hiyləgər öz rolunu pis oynamır: onda hələ ki alınır. Bunu onunla bağlı yazılan məlumatlar da  təsdiq edir.

Nikol Paşinyan, ümumiyyətlə, heç bir danışığında səmimi görünmür. Bəzən  ipin ucunu elə itirir ki, sonradan onu tapmaqda belə çətinlik çəkir. Məsələn, deyir ki, Ermənistan onun rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda konstruktiv mövqeyini saxlayacaq, ancaq Dağlıq Qarabağın iştirakı olmadan bu danışıqlar effektiv olmayacaq. Hətta ərz edib ki, guya hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Guya “DQR”in özünün “hökuməti” və “prezidenti” var və onlar da bu proseslərə cəlb olunmalıdırlar. Sual olunur: əgər həqiqətən də, “DQR” “müstəqil subyektdirsə”, elə isə  orada Ermənistan qoşunları nə edir?

Bəli, işğal faktı ortadadır və bu faktın arxasında duran Ermənistandır, Azərbaycan yalnız beynəlxalq normalar, o cümlədən ATƏT-in Minsk qrupunun mövcud formatı əsasında onunla danışıqlar apara bilər. Buradan belə məlum olur ki, Nikol Paşinyan dünyanın diqqət mərkəzində olan bu münaqişəyə yeni çalarlar, daha doğrusu, yeni gərginliklər əlavə etmək niyyətinə düşüb. Paşinyanın bu iddiası bir daha göstərir ki, onun bu kimi çıxışları beynəlxalq auditoriyaya hesablanıb. Bununla o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı formalaşmış formata, ATƏT-in Minck qrupu həmsədrlərinin mövqeyinə hörmətsiz yanaşır, həm da özünün daha bacarıqlı siyasətçi imicini formalaşdırmağa çalışır.

Bir tərəfdən də Paşinyan iddia edir ki, Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdinə Ermənistan ölümcül zərbə ilə cavab verəcək. Və beləcə o, Azərbaycana hədə-qorxu gəlir. Elə burada da xoruzun quyruğu bir daha görünür. Bəs o, hüquqi, mənəvi və siyasi  cəhətdən Qarabağ ermənilərinin adından danışmaq səlahiyyətinə malik deyildi? Elə isə bəs niyə danışır?

Ermənistan mediası və ekspertləri hesab edirlər ki, bu günə kimi bu ölkə, eləcə də Paşinyan aprel hadisələrinin şokunu yaşayır. Aprel hadisələri aydın göstərdi ki, məhz Azərbaycan tərəfi ölümcül zərbə vurmaq iqtidarında və gücündədir. Yeri gəlmişkən, bir necə gün öncə Naxçıvanın Şərur rayonunun Günnüt kəndinin heç bir itki vermədən ordumuzun nəzarəti altına keçməsi Lələtəpədən başlanan təmizləmə əməliyyatının uğurlu davamıdır. Özü də Ermənistan cəmiyyəti bu əməliyyatı səssiz qarşıladı. Çünki bu gün hər bir erməni vətəndaşı yaxşı başa düşür ki,  Azərbaycanın Qarabağın işğalı ilə barışmaq kimi təslimçi əhval-ruhiyyəsi yoxdur. Azərbaycan əsgəri hər an ayaqdadır və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə torpaqlarının işğaldan azad edilməsi üçün istənilən anda hərəkətə keçməyə hazırdır.

…Görünür, Ermənistanda baş verən proseslərin məcrasını dəyişmək istəyən Nikol Paşinyan bu siyasi gedişləri xarici məsləhətçilərinin tapşırığı ilə həyata keçirir. Amma onun bu “gediş”ini heç bir ölkə dəstəkləmir və dəstəkləməyəcək də. Nikol Paşinyanın qərbyönlü kadrlarından sayılan xarici işlər naziri Zoqrab Mnatsakanyan ilk Moskva səfərində Dağlıq Qarabağdakı separatçı rejimi birbaşa danışıqlara tərəf kimi qoşmaqla bağlı Rusiyadan umduğu dəstəyi ala bilmədi. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdikləri birgə mətbuat konfransında söylədi ki, erməni yetkililərinin iddia etdikləri kimi, rusiyalı həmsədr İqor Popov heç vaxt deməyib ki, Dağlıq Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Bununla da Rusiya XİN-in rəhbəri erməni tərəfini yalançılıqda da suçladı.

Lavrovun sözlərindən bir də belə qənaətə gəlmək olar ki, istənilən halda, bu məsələlərdə Azərbaycanın mövqeyi bəllidir, dəyişməzdir. Prezident İlham Əliyev də bunu dəfələrlə qeyd edib ki, münaqişədə heç bir zaman Azərbaycanın ərazi bütövlüyü məsələsi danışıqların predmeti olmayıb və bundan sonra da olmayacaq: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək”.

Bu yerdə “Literaturnaya Kanada” almanaxının baş redaktoru, İngiltərə Yazıçılar İttifaqının və, Ukrayna Jurnalistlər İttifaqının üzvü, yazıçı Vaaqn Karapetyanın Ermənistan ermənilərinə müraciətini xatırlamaq yerinə düşərdi. O, müraciətində Ermənistanda vəziyyətin gündən-günə ağırlaşdığını, əhalinin sürətlə ölkədən köçdüyünü bildirib. Yazıçı müraciətində Dağlıq Qarabağ probleminə də toxunub və söyləyib ki, ermənilər Qarabağın onların olduğunu düşünürlər, halbuki bu, Rusiyanın o zaman tələyə qoyduğu pendirdir.

“…onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib”

Son 20 ildə Ermənistanda hakimiyyət başında olmuş “Qarabağ klanı” – Sarkisyan-Koçaryan cütlüyü öz xalqına fəlakətlər yaşadıb. Belə ki, bu yaxınlarda məlum olub ki, 2008-ci il martın 1-də Ermənistanda seçki saxtakarlığına qarşı əhalinin dinc etiraz aksiyasının dağıdılması, insanların gülləbaran edilməsi və nəticədə 10 nəfərin qətlə yetirilməsi Koçaryanın əmri ilə olub. Ermənistan mənbələrinə görə, hazırda bir çox yüksək çinli məmurlar, biznesmenlər Robert Koçaryanın həbs olunacağı günü gözləyirlər. 2008-ci ilin martında baş verənlərə görə əsas məsuliyyət Serj Sarkisyanın üzərinə da düşür. Çünki həmin vaxt məhz o, güc strukturlarının Yerevana yeridilməsində birbaşa səlahiyyətə sahib olub. Sən demə, Katolikos ll Qaregin 2008-ci il martın 1-də dinc etiraz aksiyasının gülləbaran edilməsində Ermənistanın o vaxtkı hakimiyyətinə öz xeyr-duasını verib. Bu mənada katolikos erməni xalqının bəlalarında heç də Sarkisyan və Koçaryandan az cavabdeh deyil. Yeri gəlmişkən, bu günlərdə İrəvanda II Qaragenə qarşı etiraz aksiyasi keçirilib. Dindarlar, onun postundan istefa verməsi tələbi ilə küçələrə axışıblar. Etirazçılar onun kilsə pulları hesabına şəxsi biznesini inkişaf etdirdiyini və işçilərinin maaşını vermədiyini bildiriblər. II Qaragen isə istefa verməyəcəyini açıqlayıb.

İndi, həmçinin iddia olunur ki, Koçaryan-Sarkisyan cütlüyü bu illər ərzində Ermənistanda qanunsuzluğun hökm sürməsi, insan haqlarının kobud şəkildə pozulması, iqtisadiyyatın hakim “Qarabağ klanı” tərəfindən mənimsənilməsi, sosial və iqtisadi durumun acınacaqlı vəziyyətə düşməsi, insanların bu ölkədən baş götürüb getməsinə görə birbaşa məsuliyyət daşıyır. Nikol Paşinyana gəlincə, o, quldar rejimin üzvləri olan Robert Koçaryan, Serj Sarkisyan və II Qaragenə toxunmaqdan çəkinir.  Çünki onların hər biri Rusiyaya bağlı fiqurdur. Digər tərəfdən, Paşinyan “Qarabağ klanı”ndan ehtiyat edir. O, anlayır ki, “Qarabağ klanı” çox təhlükəlidir.  Məhz bu klanin hakimiyyəti illərində 1999-cu ilin oktyabrında parlamentdə 8 təcrübəli siyasətçinin ölümü ilə nəticələnən insident baş verib. Klanın əsas rəqibləri olan spiker Karen Dəmirçiyan, baş nazir Vazgen Sarkisyan, vitse-spikerlər Yuri Baxşyan, Ruben Miroyan, nazir Leonard Petrosyan, deputatlar Armenak Armenakyan, Mikael Kotanyan və Henrix Abramyan qətlə yetiriliblər. Beləcə siyasi qətllər klan hakimiyyətini gücləndirib…

Bəli, indi erməni xalqı bütün bunlardan xəbər tutub. Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 6-da iftar mərasimində söylədiyi fikirləri xatırlamamaq olmur: “Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir. Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb”.

Qvami Məhəbbətoğlu, “İki sahil”