Mingəçevirdə Mənəvi Dəyərlərin Təbliği Fondu iftar süfrəsi açıb

0
116

Mingəçevir şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri, Qarabağ əlilləri və müharibə veteranları üçün iftar süfrəsi təşkil edilib. Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov və əməkdaşı Vüqar İmamquliyev,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev iştirak ediblər.

İftar süfrəsi müqəddəs Qurani-Kərim tilavəti ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin Yevlaxı bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev mənəvi dəyərlərin təbliğinin vacibliyini vurğulayaraq Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının bu sahədə atılmış mütərəqqi addım olduğunu bildirib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov  Fondun fəaliyyəti haqqında geniş məlumat verərək Prezident İlham Əliyevin mənəvi sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və təbliği dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Eyni zamanda, ölkəmizdə dini-mənəvi mühitdə mövcud olan nümunəvilik dinləyicilərin diqqətinə çatdırılıb.

Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev bildirib ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərib, milli düşüncənin düzgün məcrada inkişafına nail olub, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarıb.

“Heydər” məscidinin imam müavini Bəhruz Əhmədov və digər din xadimləri Ramazan ayının mahiyyəti haqqında danışıb və təşkil edilmiş iftar süfrəsinə görə minnətdarlığını bildirib.

Sonda Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin  ruhuna dualar edilib.

 

Esmira Hidayətova, Mingəçevir