Qurban Qurbanov: “Amma istəməzdim ki…”

0
40

“On gün ərzində 3 oyun keçirdik. Qazaxıstana məğlubiyyətdən sonra istəyirdik ki, komanda tam hazır olsun. Çox hərəkətli rəqibə qarşı oynadıq. Futbolçularımın çıxışından, göstərdikləri xarakterdən razı qaldım”. Bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov deyib.

Yoldaşlıq oyununda Latviya ilə qarşılaşan yığmamız 3:1 hesablı qələbəyə sevinib.

Səfər matçından sonra fikirlərini bölüşən mütəxəssis qarşılaşmanı belə şərh edib: “Buraxılan qola gəlincə, hesab 3:0 olanda futbolçularda adətən bir qədər arxayınlıq ola bilər. Bu, daha çox texniki səhv oldu. Son dəqiqələrdə rəqib də hücumda çoxaldı. Amma istəməzdim ki, son anlarda qol buraxaq.

Komandanın start heyəti təxmini var. Heç bir görüşdə tam heyətlə oynamamışıq. Çünki futbolçuların formasında da çox şey asılı olacaq. Rəqibdən asılı olaraq, heyət dəyişə bilər. Sınaq görüşlərində futbolçuları yoxlamaq mənim üçün çox vacib idi. Komandada müsbətə doğru çox dəyişiklik gördüm.

UEFA Millətlər Liqasında çətin olacaq. İstəyirəm, komanda o oyunlara tam hazır olsun. Bizi həmin turnirdə maraqlı qarşılaşmalar gözləyir”.