İcra başçısı: “Elin ağzını yummaq olmaz”

0
16

Tovuz rayon İcra Hakimiyyətinə yeni təyin olunan başçı Məmməd Məmmədov islahatlar olacağının anonsunu verib.

Yeni başçı Tovuz Rayonunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər planı hazırladığını bildirib.

-Cənab prezident İlham Əliyevin sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinə başçı təyin olundunuz. Bu təyinatı gözləyirdinizmi?

-Cənab prezident bizim qarşımızda böyük tələblər qoyub. Bu tələblərdən biri xalqın maddi rifah halının yaxşılaşdırılmasıdır. Rayonda yollar çəkilib, təsərrüfatlar qurulub. Amma görülən işlər bizi qane etmir. Mənə daha çox əhalinin xidmətkarı olmaq tapşırığı verilib. Mən də hər zaman bu tapşırığı icra etməyə çalışacam.

-Rayon əhalisinin məşğulluğunu artırmaq üçün hansı tədbirlər görməyi planlaşdırırsız?

-Kəndlərdə olan əhalinin məşğulluğunu artıracağıq. Müəssisələr və obyektlər qurulacaq, sahibkarlara yeni imkanlar yaradılacaq. Sahibkarlara aktiv fəaliyyət üçün kömək edəcəyik.Onların daha çox gəlir əldə etməsinə imkanlar yaradacağıq.

-Rayon icra hakimiyyətində kadr islahatları olacaq?

-Mən işə yeni başlamışam.Təyinatlar mütləq olacaq, icra hakimiyyətinin kadrları arasında cavanlaşma siyasəti aparacağıq. Bizim qurumda innovativləşmə olacaq.

-“Aqrokimya”da fəaliyyətinizi davam etdirirsinizmi?

-Təyinatıma görə mən orada işləməmək qərarını vermişəm.

-Mətbuatda sizə “Zəhər Məmməd” təxəllüsü ilə müraciət edildiyi qeyd edildi. Sizi yaxından tanıyanlar sizə belə müraciət edirlər?

-(gülür)Mən bitki mühafizəsi sahəsi ilə məşğul olmuşam. Bitkiləri qorumağa çalışmışam.Yəqin ona görədir. Deyirlərsə də, elin ağzını yummaq olmaz. (Unikal.org)