Bəzi icra başçıları etimadı itiriblər

0
53

Azərbaycan Prezidenti İlham Əliyevin bu il aprelin 18-də keçirilən andiçmə mərasimində anons etdiyi struktur islahatları və hökumətdəki dəyişiklikləri gerçəkləşdirdi. İndi növbə rayon və şəhər İcra hakimiyyətlərinin başçılarına çatıb. Son günlər bəzi icra baçşılarının vəzifədən kənarlaşdırlıması bunun əyani sübutudur. Yasamal, Binəqədi, Gədəbəy, Naftalan, Tovuz, Ağdam rayon İcra hakimiyyətlərinə başçılıq edən məmurların “vurulması” təsadüf deil.

Bəs icra başçılarının dəyişdirilməsi nədən qaynaqlanır? Onlar niyə etimadı lazımınca doğrulda bilmirlər?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, bu proses kadr islahatlarının tərkib hissəsidir:

“Bilirsiniz, növbədənkənar prezident seçkilərindən sonra Azərbaycan Konstitusiyasına əsasən, yeni hökümət təşkil olundu və ciddi kadr dəyişiklikləri baş tutdu. Yəni yuxarı icra orqanlarında həm struktur, həm də kadr dəyişiklikləri reallaşdı. Təbii ki, bu, islahatların tərkib hissəsidir. Aparılan islahatlar, 9 istiqamət üzrə olan konsepsiyanın ən mühüm tərkib hissələrindən biri də yerlərdə intizamın möhkəmləndirilməsi və bu kimi başqa işlərdir. Əlbəttə, bunun davamının olmasını arzulayardım. Prezident yuxarıdan inqilabi dəyişikliklərə başlayıb. Və birmənalı şəkildə qarşıya vəzifə qoyulub ki, təyin edilən kadrlar düzgün işləsinlər, özlərini doğrultsunlar. Əgər Nazirlər Kabinetində 30-40 nəfər ən yüksək çinli hökümət üzvü varsa və onlarla bağlı dəyişiklik olubsa, rayon-şəhər icra orqanları bir növ orta pillə icra orqanlarıdır, həm də çoxsaylıdır. Təbii ki, bunlar arasında özünü doğruldanlar, doğrultmayanlar, prezidentin tapşırıqlarını yerinə yetirə bilməyənlər, qanunları yaxşı icra etməyənlər də olub. Bu baxımdan islahatlar davam etməlidir”.

Deputat qeyd edib ki, bəzi icra başçıları özlərini doğrulda bilmirlər: “Hesab edirəm ki, bu proses birinci növbədə cənab prezidentin kadr siyasətinin tərkib hissəsidir. İcra nümayəndələri, rəhbərləri özünü doğrultmurlar. Normal olaraq onlar işindən azad edilir və ya dəyişdirilir. Burada başqa məna axtarmaq istəməzdim. Burda hər hansı bir bəhanə əsas götürülə bilər. Amma əsas səbəb prezidentin islahatlarıdır. Ölkə başçısı qarşıya bir məsələ qoyub. Bütün səviyyələrdə qanunsuzluqlar aradan qaldırılmalıdır. Görürsünüz, BMT təşkilatlarında belə, bizim “Asan Xidmət”i Azərbaycan brendi kimi müzakirə edirlər. Getdikcə Azərbaycanda korrupsiyaya, qanunsuzluğa qarşı mübarizə artır. Cəmiyyətdə xalqın etimadını doğrultmağın bir yolu var. Təmiz kadrlar yerləşdirilməli, özünü doğrultmayanlar kənarlaşdırılmalıdır ki, xalqın sənə sevgi və hörməti olsun. Əks halda bu, yaxşı effekt verməz”.(Modern.az)