Onlar da  “Əlvida, ibtidai sinif”dedilər

0
195

Mingəçevir 13 saylı tam orta məktəbin IV b sinif şagirdləri tərəfindən “Əlvida, ibtidai sinif ” adlı maraqlı tədbir keçirilib. Məktəbin  qabaqcıl və yenilikçi müəllimlərindən olan Rahilə Əliyeva  yetirmələri  ilə əldə etdikləri bilik və bacarıqları məharətlə nümayiş etdirib.

…Himni oxuyan şagirdlər şən musiqi sədaları altında səhnəyə toplaşıblar. Onlar adlarına həsr olunmuş şeirlərlə özlərini tanıdıblar. Aparıcılar zəkasından zəka aldıqları, ömrünü şam kimi onların yolunda əridən, ilk dəfə titrək əllərindən tutub Ana, Vətən sözlərini yazdıran əziz müəllimələri Rahilə Əliyevanı qonaqlara təqdim ediblər.

 

Rəngarəng videoçarx və slaydların müşayiəti ilə dördüncülər müxtəlif şeir və mahnılar söyləyiblər, əyləncəli səhnəciklər, idman nömrələri və dünya xalqlarının repertuarından maraqlı rəqslər nümayiş etdiriblər. Tədbirdə valideynlər, müəllimlər və şəhər təhsil şöbəsinin nümayəndələri çıxış edərək uşaqların bu səviyyədə yetişməsində böyük zəhməti olan Rahilə müəlliməyə xoş sözlərini çatdırıblar.

 

Məktəbin direktoru, Əməkdar müəllim Tünzalə Əfəndiyeva tədbirin sonunda 13 saylı   tam orta məktəbin 2017-2018-cı dərs ilində əldə etdiyi nailiyyətləri bir daha diqqətə çatdırıb, məktəbin bütün müəllim və şagird kollektivinə gələcək fəaliyyətlərində daha da böyük uğurlar arzulayıb. Bildirib ki,bu il 3 ibtidai sinif yuxarı siniflərə qədəm basır: “Onu da deyim ki, Rahilə müəllimənin yetirmələri həmişə öz dəst-xətti ilə fərqlənən şagirdlər olublar. 36 illik pedaqoji fəaliyyəti dövründə artıq 13- cü dəfədir ki, ibtidailərə uğurlar diləyir”.

Dördüncülər estafeti birincilərə ötürərək şən musiqi sədaları altında tədbirlərini davam etdiriblər.

Esmira Hidayətova, Mingəçevir