Sofa Bəsirzadənin 100 illiyi qeyd olunacaq 

0
53
İyunun 8-də Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr
və kino xadimi Sofa Bəsirzadənin 100 illik yubileyi münasibəti ilə
anım tədbiri keçiriləcək. Teatrın mətbuat xidmətindən verilən məlumata
görə, anım mərasimi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr
Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr
Muzeyinin birgə təşkilatçılığı keçiriləcək.Tədbirdə Sofa Bəsirzadənin milli teatr və kino sənətinin inkişafındakı
xidmətlərindən danışılacaq, onun rol aldığı səhnə və ekran
əsərlərindən fotosərgi nümayiş olunacaq.Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram
Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, xalq
artistləri Hacı İsmayılov, Səidə Quliyeva və Cəfər Namiq Kamal Sofa
Bəsirzadə haqqında çıxış edəcək, onunla bağlı xatirələrini
bölüşəcəklər.

Daha sonra xalq artisti Sofa Bəsirzadənin xatirəsinə həsr olunan
“Müfəttiş” tamaşası nümayiş olunacaq.

Qeyd edək ki, Sofa Bəsirzadə 1918-ci ildə Kazan quberniyasının Çukan
kəndində doğulub. İki yaşında olanda ailəsi Bakıya köçüb. 1936-cı ildə
Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub. Həmin
ilin noyabrından başlayaraq Akademik Milli Dram Teatrının
tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda səhnəyə çıxıb.
Üçüncü kursda tələbə-aktrisa kimi teatrın aktyor truppasına qəbul
edilib. Bu teatrda 100-dən çox tamaşada çıxış edib.

1974-cü ildə xalq artisti fəxri adına layiq görülüb. Sofa Bəsirzadə 4
yanvar 2000-ci ildə Bakıda vəfat edib.