“Bənövşə”nin 10 illiyi, “Bir ocağın şöləsiyik” almanaxı ilə birgə qeyd olunub

0
146

Mingəçevirdə  “Bənövşə” jurnalı nəşrinin 10 illiyinə həsr olunmuş yubleyin  və “Bir ocağın şöləsiyik” almanaxının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan  Azərbaycan Yazıçılar Birliyi Mingəçevir Bölməsinin sədri İsmayıl İmanzadə Mingəçevir şəhərində və ətraf rayonlarda, eləcə də Bakıda yazıçıların söz tribunasına çevrilmiş “Bənövşə”jurnalı haqqında qısa məlumat verib.  Bildirib ki, 2008-ci ilin iyun ayından başlayaraq rübdə bir dəfə nəşr olunan dərgidə çağdaş və klassik Azərbaycan ədəbiyyatının söz inciləri ilə bərabər, dünya ədəbiyyatından ən yaxşı nümunələr də oxuculara çatdırılır. Həmçinin jurnalda Mingəçevirin və ətraf rayonların mədəni-kütləvi tədbirlərinə, bölgədə yaşayan gənc yazıçı və şairlərə də vaxtaşırı yer verilir.

Daha sonra söz çıxış edən Mingəçevir İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev jurnalda çeşidli janrda qələmə alınmış əsərləri, şeirləri Azərbaycan poeziyasının yaxşı nümunələri kimi dəyərləndirib, eyni zamanda jurnalda yeni-yeni imzalara da rast gəldiyini bildirib. O, jurnalın əməkdaşlarına yeni yaradıcılıq uğurları arzulayıb.

Rəngarəng mahnı və şeirlərlə davam edən tədbirdə Mingəçevir Uşaq-Gənclər İnkişaf Mərkəzinin balaca fidanları ədəbi-bədii kompozisiya ilə çıxışlar ediblər.

Daha sonra təbriklərə yer verilib. Mingəçevir 13 saylı məktəbin direktoru Tünzalə Əfəndiyeva, Mingəçevir Turizm Kollecinin müəllimi Əşrəf Əsgərov, Mingəçevir 7 saylı məktəbin direktoru Anar İsmayılov, 8 saylı məktəbin direktoru Adil Kərimov, ”Mingəçevir”qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov jurnalın 10 illik yubleyi barədə xoş ürək sözlərini çatdırıblar.

Sazlı-sözlü tədbirdə şairlərdən Elşən Əzim, Ruslan Ələkbərli, Namiq Zaman, Səxavət Kəlbəcərli də çıxış edərək jurnala və əməkdaşlarına uğurlar arzulayıblar.

Yazarlardan Ulviyyə Vəliyevaya “Qızıl qələm”mükafatı, Zahid Qasımlıya Fəxri fərman təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir