“Görənlər elə bilirlər ki, maşın yeni alınıb”

0
297
SSR-i dövründə rəhbər şəxslərin istifadə etdikləri müxtəlif markalı avtomobillər var idi ki, təkcə respublika məkanında deyil, bütün dünyada məhşur idi. “VAZ-21011” markalı avtomobil də vaxtilə orijinal modellərdən biri hesab olunurdu. Müasir avtomobilsevərlər isə indi bu cür markalara o qədər maraq göstərmirlər, onların fikrincə, bu maşınların vaxtı çoxdan keçib. Lakin tək-tük də olsa bu cür avtomobil həvəskarları indi də var. Müsahibimiz, Mingəçevir sakini 67 yaşlı Bayram Bayramov da belələrindəndir.
B. Bayramov uzun illər mühasib, daha sonra dispetçer işləyib. Dediyinə görə, maşın həvəskarı olmasa da gənclik illərindən “011”-i çox bəyənib.

Beləliklə, 1986-cı ilin may ayının 13-də üz tutub Rusiyanın Tolyatti şəhərinə – özünə bu markadan olan maşını birbaşa zavodun özündən almaq üçün. Özü demişkən, maşını yağın içində birbaşa doğma vətənimizə gətirib. Maraqlısı odur ki, maşın necə alınıbsa elə də qalıb. Nə bir hissəsi dəyişdirilib, nə də rəngi. Yeri gəlmişkən qeyd edək ki, “VAZ 21011” markalı maşınlar sonuncu dəfə 1986-cı ildə istehsal olunub, ondan sonra zavodda istehsal dayandırılıb.

 

“Sildikcə parıldayır”

”Bu yaşıma qədər bir maşınım olub. Mən xoşlamıram gündə bir maşın alıb-satmağı. Aldığım bu avtomobil mənə düşərli olub. Bəlkə də inanmayacaqsınız – bu maşını aldığım gündən bu yana çox az sürmüşəm. Eləcə alıb saxlamışam – bəyəndiyim üçün. Həmişə qarajda olub. Arada tozunu alıb yenə yerinə qaytarmışam. Lazım olanda sürürdüm, olmayanda yerində qalırdı. Şərt o deyil ki, maşınım var sürüm, vurum, dağıdım. İnandırım sizi, elə onun təzə qalmasından zövq alıram. İndiyə qədər heç onun hissələrini də dəyişməyib. Rəngi də o qədər gözəldir ki, sildikcə parıldayır. Bir-iki dəfə uzaq səfərlərə də getmişik. Görənlər elə bilir ki, maşın yeni alınıb. Mən maşını çox asta idarə edirəm, çox yükləmirəm. Hələ onun arxa oturacağında 3 nəfər birdən oturmayıb. Yəni icazə verməmişəm. Deyəcəksiniz ki, indi belə adamlara rast gəlmək çətindir, əlbəttə, elədir. Nə olar dəmir parçası olanda, ona da qulluq etmək, nazı ilə oynamaq lazımdır. Bu maşın çox nadir hallarda “moyka” üzü görüb. Həmişə öz əllərimlə yumuşam”.

 

“Əmim oğlu deyir ki, ver bu maşının

quluncunu qırım”

Bayram dayı deyir ki, hərdən maşını ustaya göstərir, bəlkə bir nasazlığı olar: “Elə vaxt olub ki, 100 kilometr məsafədə maşının yağını iki dəfə dəyişmişəm. Maşınıma baxan çilingər deyir ki, heç istəmirəm açıb yağını dəyişim, maşının altı da üstü kimi təp-təzədir. Vaxt var  idi ki, bu markadan olan maşını almırdılar. Yəni bəyənmirdilər. İndi həmin bu maşını bəyənməyənlər mənim maşınıma həsədlə baxırlar”.

Bayram Bayramov deyir ki, bu maşını ondan yüksək məbləğ ə almaq istəyənlər çox olub: “Hətta bahalı maşınların sahibləri də maşınıma müştəri çıxırlar. Mən ömrümün sonuna kimi bu maşını elə bu cür də saxlayacağıma söz vermişəm. Maşındır də, nə ziyanı var, məni bu illər ərzində xərcə salmayıb, nə də ekologiyaya ziyan vurmur. Dəfələrlə yolda saxlayıb yoxlayıblar, hətta yol polisləri mənə təşəkkür də ediblər ki, bu cür təmiz avtomobil saxlamışam. Əmim oğlu mənə deyir ki, ver bu maşının quluncunu bir az qırım. İndiki cavanlar avtomobili çox pis idarə edirlər. Həmişə belə səhlənkar sürücülərdən qoruyuram avtomobilimi. Nə olsun ki, mən yaxşı sürürəm, qarşıdan gələn təhlükəni dəf etməyi də bacarmalıyıq. Heç kimə indiyə qədər bu maşını etibar etməmişəm”.

ESMIRA HIDAYƏTOVA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here