“Görkəmli” nankor

0
57

Erməni vandallarının əsrlər boyu başımıza gətirdikləri bəlaları daha tutarlı faktlarla dünyaya çatdırdığımız vaxtda elə bir zərbə aldıq ki… Xeyr, bu zərbəni bizə erməni lobbisi vurmadı. Bunu bir zamanlar haqqında  söz düşəndə “görkəmli sənətkar” kimi təqdim etdiyimiz bir xadimdən aldıq. Həmin xadim də bu məmləkətin naz-neməti ilə ortaya çıxmış Rüstəm İbrahimbəyovdur…

Rüstəm İbrahimbəyov ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmində azərbaycanlıları qorxaq, qəddar, milli kökləri olmayan, erməniləri isə  humanist, alicənab, “vəhşi türkün qurbanı” kimi təqdim etməklə mənsub olduğu xalqa qarşı öz xəyanətkar mövqeyini ortaya qoydu. Bununla da o, yüzlərlə erməni yazarının görə bilmədiyi bir işi təkbaşına gördü. Odur ki, indi Rüstəm İbrahimbəyovun adı çəkiləndə gözlərimiz önünə bu kimi işləri ilə ermənilərin sevgisini, hər bir azərbaycanlının isə nifrətini qazanmış satqın və öz kökünə bağlılığını birdəfəlik itirmiş birisi gəlir.

Belə bir müdrik kəlam  var: “İnsan qocalanda ya müdrikləşir, ya da ağlını itirir”. Bəzi həmkarlarımız belə güman edirlər ki,  yaşı səksəni haqlamış Rüstəm İbrahimbəyova müdrikləşmək yox,  ağlını “itirmək” nəsib olub, nəticədə  o, belə bir ssenari ortaya qoyub. Amma bu heç də belə deyil. Sadəcə, erməni lobbisinin həmin ssenariyə gorə təkif etdiyi pul-para Rüstəm İbrahimbəyovun ağlını başından alıb. Məhz pula olan sevgi onu yoldan çıxarıb. Hətta bu zavallının pul sevgisi  o qədər çox olub ki, Azərbaycana qarşı müsbət münasibəti ilə seçilən, Bakıda anadan olmuş gürcü rejissoru Eldar Şengelayanın, üstəlik, bir qrup aktyor heyətinin də saqqızınu  oğurlayaraq filminə cəlb edib. Halbuki pula olan sevgisi onun ağlını başından almasaydı, o cür və digər rejissordan öz ölkəsi,  milləti naminə bəhrələnməya çalışardı. Yəni onunla birgə Xocalı faciəsi, öz doğma torpaqlarından ermənilər tərəfindən qovulan qaçqın və məcburi köçkünlərimiz barədə sanballı bir ekran əsəri ortaya qoya bilərdi. Bununla da Azərbaycanın ərazisinin 20 fazinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi barədə dünya ictimaiyyətində daha müfəssəl rəy formalaşdırardı. Amma…

“Qafqaz üçlüyü”nü Rüstəm İbrahimbəyovun yalnız qocalığının, pula hərisliyinin məhsulu kimi dəyərləndirmək də doğru olmazdı. Burada onun erməni təəssübkeşliyi, erməni xisləti də əsas rol oynayıb.  Əgər yadınızdadırsa, Rüstəm İbrahimbəyov bir neçə il əvvəl verdiyi müsahibələrində Bakını tərk edən “ermənilərdən ötrü burnunun ucunun göynədiyini” , onlar üçün necə darıxdığını, hətta iztirab çəkdiyini bildirirdi. Bütün bunlar isə onun onun xalqımıza patoloji nifrətindən xəbər verirdi və bu püskürüb üzə çıxmalı idi.

Bu filmə dübarə baxdım. Bir daha yəqin etdim ki, bu film Rüstəm İbrahimbəyovun Azərbaycan xalqına və dövlətinə olan şəxsi nifrətini özündə əks etdərən süjet yığınından başqa bir şey deyil.  Filmdə baş verən hadisələrdən ətraflı söhbət açmaq istəmirəm. Çünki bununla bağlı kifayət qədər yazılıb. Amma bir nüansı qeyd etmək istərdim: filmin giriş hissəsindəki xəritədə Dağlıq Qarabağ Ermənistanın rənginə uyğun formada, Azərbaycandan ayrı bir ərazi kimi göstərilib. Bu da həmin ərazilərin Azərbaycanın olmaması anlamına gəlir. Bununla  da vicdanı, ləyaqəti ermənilər tərəfindən satın alınmış Rüstəm İbrahimbəyov bu milllətin bir üzvü olmadığını bir daha əyani şəkildə ortaya qoyub. Bu isə bundan sonra Rüstəm İbrahimbəyovun bu millətə heç bir aidiyyəti olmaması deməkdir. Ermənilərə xidmət edənin bir adı var ki, o da hamıya məlumdur, yəni belələri radikal bir erməni ilə eynilik təşkil edir.

Bir də, bu Vətən Rüstəm İbrahimbəyova nə verməmişdi ki?! “Xalq yazıçısı”, Əməkdar mədəniyyət işçisi, “Şöhrət “ordeni… Bəs o nə verdi Vətəninə? “Qafqaz üçlüyü”nümü? Bütün bunlar isə o deməkdir ki, Rüstəm İbrahimbəyov bundan sonra belə yalnız və yalnız “görkəmli” satqın, nankor kimi yaddaşlarda qalacaq.

 Qvami Məhəbbətoğlu “İki sahil”