“Xudayar bəyin də, Karapet ağanın da nəticələri hələ də bu əziyyəti çəkirlər”

0
46

alpanifo.com Modern.az-a istinadən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin dekanı Buludxan Xəlilovla müsahibəni təqdim edir: 


– Buludxan müəllim, Azərbaycan ədəbiyyatında erməni məsələsi uzun müddət ədəbiyyatçılarımız tərəfindən ciddi olaraq araşdırılmamışdır. Buna baxmayaraq, böyük ədiblərimiz əsərlərində bu mövzuya diqqətlə yanaşaraq bu günümüz üçün lazımlı məsələlərə toxunmuşlar. Artıq həmin əsərlərdəki erməni xislətinin araşdırılmasının vaxtı çatıb və belə bir mövzu ilə bağlı gözəl əsəriniz çap olunub. Bu haqda oxucularımıza məlumat verərdiniz.

– Sizə deyim ki, niyə “Azərbaycan ədəbiyyatında erməni xisləti” mövzusunu bir obyekt kimi seçdim? Ümumiyyətlə, məni çox maraqlandırdı ki, bizim yazıçılarımız nə dərəcədə erməni məsələsinə münasibət bildiriblər. Belə ki, tarixən ermənilər bizi narahat etmiş və Cənubi Qafqazda ermənilər həmişə türklərə, müsəlmanlara qərəzli münasibətdə olmuşdur. Mən də maraqlandım ki, görüm ədəbiyyatımızda bu necə əks olunub. Əvvəla deyim ki, Sovetlər dönəmində yaşayanda ideologiya imkan verməyib ki, Azərbaycan ədəbiyyatında erməni xisləti mövzusu araşdırılsın. SSRİ dövründə qardaşlıq ideologiyası bərqərar olduğu üçün bu məsələlər diqqətdən yayınıb. Amma biz Azərbaycan ədəbiyyatı tarixində müxtəlif yazıçılarımızın əsərlərinə diqqətlə yanaşanda görürük ki, onlar yaşadıqları dövrdə erməni problemi gündəmdə olub və onlar ermənilərin Azərbaycan xalqına qarşı törədikləri əməlləri təhlil ediblər. Buna görə də mən bu əsərdə Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Üzeyir Hacıbəyovun, Cəfər Cabbarlının, Yusif Vəzir Çəmənzəminlinin əsərlərində erməni məsələsinin necə əks olunmasına diqqət yetirmişəm. Qeyd edim ki, adlarını qeyd etdiyim yazıçılardan başqa, digər yazıçıların yaradıcılığında da erməni məsələsi vardır və bunlar araşdırılmalıdır. Mən bu mövzunu ilkin iş olaraq başladım.

Bəzən yazıçıların özlərinə də yersiz hücumlar, tənqidlər olur ki, guya onlar erməni problemindən bəhs etməyiblər. Halbuki zaman-zaman erməni məsələsi bizim yazıçılarımızın əsərlərində özünə yer alıb. Yazıçılarımız birbaşa, dolayı yolla, bəzən sətiraltı yazmaqla erməni məsələsini öz əsərlərində diqqətdən kənarda saxlamayıblar. Sadəcə olaraq tənqidçilərimizə, ədəbiyyatşünaslarımıza bu məsələni tədqiq etmək üçün zaman, dövr imkan verməyib. İndi isə bu məsələnin hərtərəfli araşdırılması üçün hər cür imkan var. Biz erməni məsələsinin mahiyyətini açmaq üçün təkcə elmi mənbələrlə kifayətlənməməli, həm də bədii materiallardan istifadə edərək əsl həqiqətin nədən ibarət olduğunu hər bir kəsə, o cümlədən dünya ictimaiyyətinə çatdırmalıyıq. Bu problemin mahiyyətini yalnız özümüzə anlatmamalı, yalnız Azərbaycan cəmiyyətinə və Azərbaycan gəncliyinə izah etməməli, həm də dünyanın anlamasına, diqqət göstərməsinə yönəlişli olan işlər görməliyik. Hər şeydən əvvəl, erməni məsələsi ilə bağlı elmi mənbələr, bədii materiallar və digər sənədlər beynəlxalq dillərə tərcümə olunmalıdır ki, dünya əsl həqiqətin nədən ibarət olduğunu bilsin.


– Əsərinizdə toxunduğunuz yazıçılardan biri də Mirzə Fətəli Axundzadədir. Mirzə Fətəlinin yaradıcılığında da erməni məsələsi əks olunmuşdur. Bu, yazıçının erməni mövzusuna biganə olmadığını göstərir. Bu baxımdan, söhbətimizi davam etdirək.

– Mirzə Fətəli Axundzadənin əsərlərində erməni xislətini açan çoxlu məsələlər gördüm. Məsələn, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsərində çoxlu bədii detallar var. Kitabımda həmin bədii detalları mətnə istinad edərək vermişəm. Əsərdə Mirzə Fətəli erməni xislətini, onların ikiüzlülüyünü açır. Əsərdən bir daha görürsən ki, Mirzə Fətəli Axundzadə erməni xislətini daha dərindən bilib və ermənilərin Cənubi Qafqazda insanların başlarına açdığı oyunlar “Hacı Qara”  əsərində üzə çıxır. Ermənilər insanlara böhtanlar atırlar, ruslara iş verirlər (yəni xəbərçilik edirlər) və digər böhtanlarla məşğul olurlar. Əsərdə Hacı Qaranın mənfi obrazda olmasına baxmayaraq, o, erməni xislətini çox dərindən bilir. Bu səbəbdən də bizim Hacı Qara obrazına rəğbətimiz daha da artır. Harada erməni varsa, orada qaragüruhçuluq, xəyanət var.  Biz Mirzə Fətəli Axundzadənin əsərində erməni məsələsini öyrəndikcə anlayırıq ki, Mirzə Fətəli erməni məsələsinə biganə qalmamışdır. Aydın olur ki, Mirzə Fətəli Axundzadə erməninin iç üzünü açmışdır. Sadəcə olaraq bizim ədəbi-tənqidimiz, ədəbiyyatşünaslığımız Sovet ideologiyasının təsiri altında olmuşdur deyə, bu məsələlər tam olaraq qabardılmamışdır. Buna görə də biz əsərimizdə birbaşa bədii materialdan çıxış etmişik. Bədii materialın nə dediyini diqqət mərkəzində saxlamışıq.

İstərdim ki, bədii materialların  bəzi konkret məqamlarına diqqət edək. Məsələn, Mirzə Fətəli Axundzadə “Hacı Qara” əsərində ermənilərin yüzbaşısı Ohanın qorxaqlığını və ikiüzlülüyünü açır. Belə ki, erməni yüzbaşısı Ohanın dəstəsi müsəlman qaçaqçıları görəndə iştahasını gizlətmir. Erməni yüzbaşısı Ohanın iştahası qulluq, vəzifə almaqdır. Ona görə də o, müsəlman qaçaqçıların onunla həmyerli, qarabağlı olmalarını nəzərə almır. Ancaq o, qarşı tərəfin (müsəlman qaçaqçıların) qətiyyətini görəndə tamam dəyişir və deyir ki, onları murov göndərib, onların heç bir günahı yoxdur. Beləliklə, ermənilərin yüzbaşısı Ohan qorxaqlığını və ikiüzlülüyünü ortalığa qoyur. O, Heydər bəyin, Əsgər bəyin müqavimətindən sonra deyir: “… Sən elə bilirsən, biz sizin üstünüzə gəlmişdik? Yalandan sizə sataşırdıq ki, bizi murov göndərib, görək siz nə deyirsiniz. Biz hadrutluyuq, gəlmişdik şahsevərlərdən camış almağa, sövdəmiz baş tutmadı, qayıdıb gedirik”. Bax budur erməni qorxaqlığı və ikiüzlülüyü. Mirzə Fətəli Axundzadə istənilən bir şəraitdə, vəziyyətdə ermənilərin tez dəyişdiyini oxucuya çatdırır. Bundan başqa, Mirzə Fətəli Axundzadə Hacı Qaranın dili ilə ermənilərin hiyləgər olduqlarını, nadürüstlüklərini, başqalarını tovlayıb (kazakları) üstə gətirmələrini tənqid edir.

Mirzə Fətəli Axundzadə ermənilərin böhtançı olduqlarını Ohan yüzbaşının dili ilə oxucuya çatdırır. Belə ki, Ohan yüzbaşı naçalnikin yanında Heydər bəyin üzünə durur. Və deyir ki, guya, Heydər bəy və digərləri Əylis ermənilərini soyublar, ipəklərini alıblar. Ohan yüzbaşı öz böhtanını təsdiq etmək üçün iyirmi ildir böyüklərə xidmət etməsindən, ona xidmətinə görə keçən il gümüş medal yazılmasından, bəylik şəhadətnaməsi almasından, əsil-nəcabətini isbat etməkdən dəm vurur. Bununla murov və naçalnikə sübut etmək istəyir ki, ona inansınlar. Ancaq uzun mübahisə və münaqişədən sonra əsl həqiqəti naçalnikə və murova Heydər bəy açıb deyir. Ohan yüzbaşının böhtan və yalan söylədiyi məlum olur.

Mirzə Fətəli Axundzadə “Aldanmış kəvakib” əsərində şahın hüzurunda Axund Səmədin belə bir fikrini verir: “… Hətta mən istərdim ki, cuhudlara və ermənilərə dəxi əl qatıb oları da şiə məzhəbinə döndərim, amma bir para xeyrəndiş kimsənələr məsləhət görmədilər ki, lüzumi yoxdur. Çünki hər torpaqda cühuddan və ermənidən bir az var, bizim torpağımızda dəxi bir az olmaqları məsləhətdir”. Mirzə Fətəli Axundzadənin Axund Səmədin dili ilə belə bir fikri oxucuya çatdırması təsadüfi deyil. Burada sual doğuran məqamlar var. Birincisi, mollabaşı Axund Səməd niyə cuhud və erməniləri şiə məzhəbinə döndərmək istəyir? Bəziləri nə üçün cuhud və ermənilərin şiə məzhəbinə dönməsini istəməmişlər. Bizim torpağımızda cuhud və ermənilərin bir az olmaları nə üçün məsləhətdir? Bu sualların cavabı müxtəlif ola bilər. Ancaq bu məsələni Mirzə Fətəli Axundzadə mollabaşı Axund Səmədin dili ilə elə-belə deməmiş, nə dediyinin mahiyyətini dərindən dərk etmişdir.


– Azərbaycan ədəbiyyatında tanınmış simalardan biri olan Cəlil Məmmədqulu­zadənin də əsərlərində erməni məsələsinə geniş şəkildə toxunulur. Burada qoyulan problemlər bu gün də öz aktuallığını itirmir…

– Biz Cəlil Məmmədquluzadənin əsərlərində də erməni xislətini aydın görə bilirik. Mirzə Cəlilin əsərində bir epizod var ki, Xudayar bəy erməni dükanından alver edə bilmir. Axı erməni çoxbilmişdir və ona nisyə çay, qənd vermir. Xudayar bəy çayı, qəndi gedib müsəlmandan alır. Əslində, Cəlil Məmmədquluzadə burada erməni ilə müsəlmanın nə alveri olduğunu deyir. Axı erməni xisləti tamam ayrıdır. Görürük ki, sətiraltı bədii material çox şeyi deyir.

Usta Zeynal kifayət qədər təmiz adamdır. Amma erməni Akop çoxbilmiş insandır. Biz əsərdə müsəlman qadının erməniyə acımasının şahidi oluruq. Bu, azərbaycanlı müsəlman qadının böyüklüyüdür.

Yenə də konkret bədii parçalara diqqət edək. Niyə Xudayar bəylə erməni Karapet alver edə bilmirlər? Əslində, bu sualın cavabını Cəlil Məmmədquluzadə bədii şəkildə açıqlayır, özü də onların hər ikisinin dili ilə “Danabaş kəndinin əhvalatları” əsərindən aydınca görünür ki, Xudayar bəyin öz və Karapet ağanın da öz məqsədi var. Onların hər biri öz məqsədinə nail olmaq üçün “mən kiməm?”, “sən kimsən?” suallarını ayırd etməyiblər və bu suallara cavab tapmaq işini də çox ləngidiblər. Ona görə də Xudayar bəyin də, Karapet ağanın da nəvələri, nəticələri, kötücələri hələ də bu əziyyəti çəkirlər. Başqa sözlə, “kim kimdir?” məsələsi hələ də həll olunmayıb. Maraq olan yerdə, özü də müsəlman Xudayar bəylə erməni Karapet ağanın marağı olan yerdə məsələlər sona qədər həll olunmalıdır ki, onların hər biri öz yerində otursun. Müşkül olan da budur ki, bunu müsəlman Xudayar bəylə erməni Karapet ağa öz aralarında razılaşa bilmirlər. Belə olanda nə deyərlər? Deyərlər ki, Allah bilən məsləhətdir. Ya da ki, müsəlman Xudayar bəylə erməni Karapet ağanın alveri baş tutmaz. Ay Xudayar bəy, bu ermənilər heç həqiqəti qəbul etmirlər, sən isə Karapet ağa ilə nisyə alver etmək istəyirsən?

Cəlil Məmmədquluzadə “Usta Zeynal”dakı Usta Zeynalla Muğdusi Akopu xarakterizə etməklə çox şey deyir. Məsələn, Usta Zeynal öz boynuna düşən işləri, vəd verdiklərini yerinə yetirməyəndə “hamısı Allahdandır” deməklə təsəlli tapır, həm də özünü haqlı sayır. Ancaq Muğdusi Akopun erməniyə məxsus olan soyuqqanlılığı içərisində nələr yoxdur. Onu erməninin özündən başqa, heç kəs bilməz. Daha doğrusu, erməninin özü qədər, Muğdusi Akopun özü qədər heç kəs bilməz. Əgər erməni çoxbilmiş deyilsə, onda niyə Hacı Rəsula Muğdusi Akop deyirdi: “Doğrusu, hacı, mənim ustalardan gözüm su içmir, qorxuram işi yarımçıq qoyalar”.

Cəlil Məmmədquluzadə “Kamança” əsərində “Ermənilər bizdən nə istəyirlər” sualına cavab axtarır. Ermənilər müsəlmanların toyunda plov yeyir, müsəlmanların pullarını ciblərinə doldurur, müsəlman kəndlərini yandırır, igid müsəlman övladlarını öldürürlər. Onlar bu müsəlmandan nə istəyirlər? Heç özləri də öz istəklərini bilmirlər, istəklərinin nə ilə nəticələnəcəyini başa düşmürlər. Sonra da “Kaş müsəlmanın sonrakı ağlı məndə olaydı” deyimi ilə təsəlli tapırlar. Erməninin xislətində abır-həyanın olmaması və qorxaqlıq milli keyfiyyətdir. Abır-həyadan uzaq olmaq erməniyə imkan verir ki, istədiyini etsin, qorxaqlıq isə imkan yaradır ki, çətin, aciz məqamlarda başqalarının qarşısında ağlasın. Çətin məqamlarda erməninin ağlamasını “Kamança” əsərində Qaraşın erməni Baxşıya dedikləri də təsdiq edir: “Hə, ağlarsan, ağlarsan! Bəs niyə ağlamırsan?! İndi ağlarsan. Bilirsən ki, bu saat başını qoyun başı kimi kəsəcəyik. İndi, bax qorxundan yoluq cücəyə oxşuyursan. Amma, vallah, fürsət tapsan, sən də haman müsəlman qanına yerikləyən ermənilərin birisən”. Cəlil Məmmədquluzadə hər bir oxucunu bu suallara cavab axtarmağa təhrik edir: Bu erməni fürsət tapan kimi niyə müsəlmanın əleyhinə qalxır? Niyə fürsət tapan kimi müsəlmanlara namərdlik edir? Ermənilər bizdən nə istəyirlər?

 

Cəlil Məmmədquluzadə “Kamança” əsərində ermənilərin kamançamızı niyə özlərininki kimi sevib, qəbul etmələrinin səbəbini oxucuya çatdırır. Belə ki, ermənilər öz namərdliklərini ört-basdır etmək üçün müxtəlif yol və vasitələrdən istifadə edirlər. Ermənilərin kamançanı çalması, müsəlmanı ram edərək çalması, “Rast”, “Şikəsteyi-fars”, “Segah-zabil” muğamlarını çalması həmin yol və vasitələrdən biridir.


– Dövrünün qabaqcıl siyasi xadimi olan Nəriman Nərimanov siyasi fəaliyyəti ilə yanaşı, bədii yaradıcılığı ilə də Azərbaycan ədəbiyyatı üçün misilsiz əsərlər miras qoyub. Onun əsərlərində erməni probleminə toxunulur. Bir dövlət rəhbəri və ya siyasi xadimin əsərlərində erməni məsələsi necə təcəssüm olunub?

–  Nəriman Nərimanov “Bahadır və Sona” romanında erməni xislətinin bir sıra məqamlarına aydınlıq gətirir. Məsələn, qəzet və kitab çapında müsəlmanların, eləcə də ermənilərin məqsədi barədə maraqlı fikirlər söylənilir. Erməni qızı Sona bu barədə müəyyən həqiqətləri deyir. O deyir ki, müsəlman cavanların içərisində gözəl kitablar yazanlar var, ancaq onlar bu kitabları çap etdirə bilmirlər. Ermənilər isə bu iş üçün pul toplayır, çap etdirdikləri kitabları məktəblərə, kilsələr bağışlayırlar. Yəqin ki, erməni qızı Sona ilə atası Yusif arasındakı söhbətdən bir məqamı xatırlamaq yerinə düşər: “– Bizim işimiz başqa. – Yusif təbəssüm edib dedi. – Biz evlənəndə hərgah uşağımız, qızımız da olmuş olsa, yenə millətin işini unutmuruq: həmişə bir qədər pul, ya kitab basdırmağa, ya məktəblərə və ya kilsələrə bağışlayırıq.

Bəs, bunu müsəlmanlar edə bilməzlərmi? – Sonra atasına baxıb dedi: – Məgər müsəlmanlardan azmı dövlətli var? Bu biçarələrin hətta cəmiyyəti – xeyriyyələri də yoxdur. Xülasə, işləri çox çətindir, sözlə bunlara qandırmaq mümkün deyil, gərəkdir ki, bu millət arasında mədəniyyət yayıla, onda özləri anlayarlar, millət nədir, hümmət nədir”.

Nəriman Nərimanov erməni qızı Sonanın dili ilə erməni-xristian xislətinin bəzi məqamlarına oxucuda diqqət yaradır. Belə ki, Sona müsəlmanların hər yerdə tənəzzüldə yaşamasının səbəbini islamın özündə axtarır. Onun bu mövqeyində xristian xisləti ilə İslam dininə yanaşmasını unutmaq olmaz. Sonanın “Məsələn, mən bir neçə filosof inşalarında oxumuşam, guya, islam özü elmin intişar tapmağına manedir” fikri haqlı olaraq Bahadırı qane etmir. Hiss olunur ki, erməni qızı Sona bir xristian olaraq İslam dininə şübhə ilə yanaşır. Bahadır isə Sonanı başa salmaq istəyir ki, İslam heç zaman tərəqqiyə və elmə düşmən olmamışdır. İslam dinində heç bir günah yoxdur, günah bu dini intişar edənlərdədir. Bahadırın fikirləri erməni qızı Sonanın İslam dini barədə olan yanlış təsəvvürünü alt-üst edir. Sona deyir: “ – Bəli, haqdır. Günah din gətirəndə deyil, bəlkə, dini intişar edənlərdədir…”. Yeri gəlmişkən qeyd edək ki, İslam dini barədə xristian aləminin yanlış təsəvvürü indi də davam etməkdədir.

Nəriman Nərimanov Bahadırla Sona arasındakı “ruhani məhəbbət”in fəlsəfəsini də açır. “Ruhani məhəbbət”in, ideal məhəbbətin sonu Bahadırın tapançanı gicgahına sıxması ilə qurtarır. Bununla da “ruhani məhəbbət”, ideal məhəbbət əbədi yaşamaq imkanını qazanır. Bahadırın kağızda yazdığı isə hələ də öz həllini gözləyir: “Təvəqqe edirəm mənim ölməyimdə heç kimi müqəssir etməyəsiniz. Mən öz əlimlə özümü öldürdüm… Ah, insanları bir-birindən ayıran “uçurum dərələr!” Mən sizi məhv etmək istərkən siz məni məhv etdiniz… Fəqət əmin olunuz, siz axırda məhv olunacaqsınız…”. Qeyd edək ki, hələ də “uçurum dərələr” mövcuddur. Hələ də bu “uçurum dərələr”in məhv olunacağı ümidi ilə insanlar yaşayırlar.

– Erməni xislətini görən, bunların şahidi olan sənətkarlardan biri də Cəfər Cabbarlıdır. Kitabınızda Cəfər Cabbarlının əsərlərinə də toxunubsunuz. Söhbətimizi bu istiqamətdə davam edəyin.

– Cəfər Cabbarlı “1905-ci ildə” pyesində oxucunu düşündürür ki, axı necə olur ki, ermənilər özlərinə Allahverdi, Nabat, Eyvaz, Sona adlarını verirlər? Səbəb aydındır, Azərbaycan xalqının içərisinə girir, onun yaratdığı dəyərləri mənimsəyir, hətta adlarımızı da oğurlayırlar. Yeri gəlmişkən qeyd edək ki, erməni külfəti ilə türk külfətinin ampluası bütün məqamlarda bir-birindən fərqlidir. Türk külfətinin ampluası belədir ki, o, erməninin dəyərlərini mənimsəyib özününkü etmir, özünün nəyi varsa, onu da yaşadır, öz ampluasında erməni külfəti ilə davranır.

Cəfər  Cabbarlı milli ədavəti qızışdıran və alət kimi istifadə olunan Ağamyan kimi ermənilərin iç üzünü açır. Erməni Ağamyan Bakıda kapitalistdir, mədən sahibidir. Bununla belə, rahat deyil, ədavət toxumu səpir. Lazım gəldikdə torpaq davası salır, lazım gəldikdə millət davası salır. Cəfər Cabbarlının “1905-ci ildə” əsəri erməni məsələsi ilə bağlı dəyərli bir mənbədir. Bu mənbəni dönə-dönə oxumaq, təhlil etmək, gənc nəslə çatdırmaq lazımdır.

Cəfər Cabbarlı “1905-ci ildə” əsərində ermənilərin milli maraqları yarananda hər şeyi unudub milli maraqlarını müdafiə etmələrini konkret bədii detallarla oxucuya çatdırır. Oxucuya onu da çatdırır ki, ermənilər erməni olduqlarını hər şeydən önə çəkirlər. Erməni xisləti beşikdən başlayaraq uşaqların beynini millətçilik, şovinistlik hissi ilə doldurur. Ermənilər körpəlikdən övladlarının beynini elə zəhərləyirlər ki, onlar böyüyəndə harada çalışmasından, işləməsindən asılı olmayaraq, erməni olmalarını hər şeydən üstün tuturlar. Məhz bu cür təbliğatı Ağamyan Eyvaza da edir. Ağamyan Eyvaza deyir: “Sən ermənisən, qəti vuruşda ermənilərin qazmasında olmalısan. Erməni millətinin öz oğlundan bunu tələb etməyə haqqı vardır”.


– Dahi Üzeyir Hacıbəyli sağlığında erməni xislətini dərindən bilib. Biz bunu onun əsərlərində aydın görürük. Siz Üzeyir Hacıbəylinin əsərlərinə istinad etməklə ermənilərlə bağlı hansı məsələləri qabardıbsınız?

– Üzeyir Hacıbəyli ermənilərin başqalarını təqlid etmələrini, havadarlarına arxalanaraq qarışıqlıq yaratmalarını, başqalarından öz məqsədləri üçün istifadə etmələrini tənqid edir. Qeyd olunan məsələlərlə bağlı Üzeyir Hacıbəylinin yaradıcılığında bədii nümunələr vardır. Üzeyir Hacıbəyli “Biz hamımız qafqazlı balalarıyıq” sərlövhəli məqaləsində qafqazlı balalarını səadətə, xoşbəxtliyə, məhəbbət və sevgiyə, həmrəyliyə çağırmışdır. Ancaq təəssüflər olsun ki, erməni xisləti ermənilərin səmimi olmalarına, canlarının rahatlığına imkan vermir. Qafqazın inkişafına bir əngəl olur.

Üzeyir Hacıbəyli “Biz hamımız qafqazlı balalarıyıq” şüari ilə birliyə, qardaşlığa, həmrəyliyə çağırsa da, bilirdi ki, ermənilər buna hazır deyillər.


– Mükəmməl tarixi romanlar müəllifi Yusif Vəzir Çəmənzəminlinin əsərlərində də erməni xisləti əks olunub. Böyük ədibin əsərlərində erməni məsələsi necə təcəssüm olunur?

– Yusif Vəzir Çəmənzəminli “İki od arasında” romanında erməni xislətini, erməni məkrini, onların şeytan toxumu səpmələrini bədii şəkildə əks etdirir. Eyni zamanda ermənilərdə yaltaqlıq, ikiüzlülük, kimlərəsə yarınmaq xisləti, qonşu xalqlara xəyanəti, onların gəlmə olmaları, böyük dövlətlər tərəfindən alət kimi istifadə olunmaları, “xristianlıq mərhəməti”ndən istifadə etmələri və s. barədə maraqlı bədii faktlara geniş yer ayrılır. Yeri gəlmişkən onu da qeyd edək ki, Yusif Vəzir Çəmənzəminli mənbələri, tarixi qaynaqları yaxşı bilən yazıçı olmuşdur. Ona görə də onun yazdıqlarının əsası, bünövrəsi vardır. Onun yazdıqları bir fakt kimi tarixçilər üçün də əvəzsizdir. Konkret olaraq qeyd etsək, “İki od arasında” əsərində tarixilik güclü olmaqla yanaşı, konkret dövrlə bağlı da maraqlı məlumatlar var. Məsələn, “İki od arasında” əsərində Mirzə Əliməmmədin bütün dövrlərdə, eləcə də Molla Pənah Vaqifin eşikağası olduğu dövrdə, yəni Qarabağ xanlığı dövründə xarici ölkələrin öyrətdikləri Yusif Əmin kimi ermənilər padşahlıq qurmaq iddiasında olmuş, saylarının az olmasına baxmayaraq, öz niyyətlərini İrakli xandan da gizlətməmiş, şeytan toxumunu səpməkdən nə çəkinmiş, nə də utanmışlar. Elə hesab etmişlər ki, onları öyrədən havadarları arxalarında durub niyyətlərini həyata keçirməyə kömək edəcəklər.

Yusif Vəzir Çəmənzəminli Oriy adlı erməninin simasında ermənilərin casusluq və xəyanət xislətini də açmışdır. Ermənilərin yaşadıqları ölkələrə xəyanət etmələrini, oradakı məlumatları daha böyük dövlətlərə çatdırmalarını onların xisləti kimi təqdim edir.

Yusif Vəzir Çəmənzəminli ermənilərin gəlmə olmaları barədə İbrahim xanla Molla Pənah Vaqif arasındakı belə bir dialoqu verir:

“ – Bəs bu ermənilər harada imiş?

Vaqif sakit səslə:

– Ermənilər buralara çox sonralar gəlmişlər; bunlar Çingiz və Teymurləngin zülmündən qaçıb, bu dağlara sığınmışlar. Görmürsənmi, erməni yaşayan yerlərə “sığınaq” deyirlər… ermənilər başı bəlalı tayfa olublar”.


– Sonda oxucularımıza sözünüz…

– Amerikalı yazıçı Stephen Kingin belə bir fikri var: “Kitablar ən gözəl əyləncə vasitələridir: reklamlar olmur, batareya problemi yoxdur. Verdiyin pulun son qəpiyinə qədər haqqını verir”. Oxucularımıza sözüm odur ki, heç vaxt kitabdan ayrı düşməyək. Kitabları oxuyaq və kitablardan öyrənək.

 

Söhbəti qələmə aldı:

Mahmud Əyyublu

AAB-nin üzvü