İstehlak kreditlərinin reklamı dayandırılır?

0
367
Azərbaycanda istehlak kreditlərinin kəskin artması və ölkə əhalisinin əksəriyyətinin belə kreditlərlə yüklənməsi hökuməti artıq bir neçə aydır ki, narahat edir. Bu ilin əvvəlində Azərbaycan Mərkəzi Bankının tələbi ilə istehlak kreditlərinin verilməsi qaydaları sərtləşdirilsə də, istehlak kreditlərinin artımını dayandırmaq mümkün olmayıb. 
Nəhayət, Nazirlər Kabinetinin 2014-cü ilin ilk yarım ilinin nəticələrinə həsr edilmiş iclasında prezident İlham Əliyev də bu məsələyə toxunaraq bankların yüksək faiz dərəcələri ilə istehlak kreditlərinə üstünlük verməsi siyasətini tənqid etmişdi. Bundan sonra bəzi banklar kredit siyasətlərinə yenidən baxdılar – faiz dərəcələri bir qədər endirildi və biznes kreditlərinin təbliğinə başlanıldı. Dünən isə fins.az-da yer alan məlumata görə, Azərbaycanda fiziki şəxslər üçün nəzərdə tutulan kreditlərin reklamı da qadağan edilib. Verilən məlumata görə, bu barədə banklara şifahi göstəriş verilib. Bundan sonra banklar fiziki şəxslər üçün nəzərdə tutulan istehlak və digər kreditləri televiziyada, qəzet-jurnallarda və internetdə reklam etməyəcəklər. Banklardan bildirilib ki, bu göstərişdən sonra reklamların dəyişdirilməsinə başlanıb – yəni istehlak kreditlərinin reklamı, biznes kreditlərinin reklamları ilə əvəz edilib. Bəzi hallarda isə reklamları dayandırmaq mümkün olmayıb: “Bizim bundan sonra bir neçə ay ərzində nəzərdə tutulan müqavilələrimiz var və biz onları dərhal dəyişə bilmərik, sadəcə vaxtı başa çatandan sonra həmin reklamları digərləri ilə və ya sadəcə imic reklamları ilə əvəz edəcəyik” – deyə bankların birindən bildirilib. 

“İstehlak kreditlərinin reklamının

yığışdırılması kreditlərin verilməsində sui-istifadə halların çoxalmasına gətirib çıxaracaq”

Mövzumuzla bağlı suallarımızı cavablandıran iqtisadçı ekspert Samir Əliyev bildirdi ki, Mərkəzi Bank 2014-cü ildən başlayaraq istehlak kreditlərinin məhdudlaşdırılması istiqamətində bir sıra addımlar atır. Onun sözlərinə görə, Mərkəzi Bankın bu narahatçılığının səbəbi istehlak kreditlərinin sürətlə çoxalmasıdır. İstehlak kreditlərinin ümumi kreditlərin 41%-ni təşkil etdiyini deyən müsahibimiz bildirdi ki, ölkəmizdə fəaliyyət göstərən banklar hazırda biznesi maliyyələşdirməyə maraqlı deyillər. Banklarımızın böyük əksəriyyəti istehlak kreditlərinə üz tuturlar. Mərkəzi Bankın məhdudlaşdırıcı tədbirləri isə hələki nəticə vermir. Bu növ kreditlərin çoxalmasının Azərbaycan üçün təhlükəsindən də danışan S. Əliyev qeyd etdi ki, ölkəmizdə istehlak kreditinin obyekti olan istehsal sahəsi yoxdur: “Almaniyada və bir çox inkişaf etmiş ölkələrdə banklar istehlak krediti verir. Vətəndaşların da seçim edib aldığı məhsulların əksəriyyəti yerli mallardır. Amma bizdə istehsal sahəsi olmadığı üçün, bankların verdiyi istehlak kreditlərinin həcminin çoxalması başqa ölkələrin sahibkarlarının biznesinin böyüməsinə, ölkədə idxalın həcmini çoxalmasına gətirib çıxarır”. Ölkə başçısınında bunun bağlı narahatlığını dilə gətirdiyini xatırladan S. Əliyevin sözlərinə görə, Mərkəzi Bank çalışır ki, banklar real sektoru maliyyələşdirsinlər: “Mərkəzi Bankın bu narahatçılığı başa düşüləndir. Amma hesab edirəm ki, qadağa metodu uğurlu seçim deyil. Bunun əvəzinə real sektordakı problemləri aradan qaldırmaq lazımdır ki, banklar bu sahəyə kredit ayırmağa maraqlı olsunlar”.

Məhdudlaşdırıcı tədbirlərin bankların fəaliyyətinə mənfi təsir edəcəyini ifadə edən müsahibimiz bunları dedi: “Azərbaycanda fəaliyyət göstərən banklar istehlak kreditlərindən asılıdır. Hazırda ölkəmizdəki 44 bankdan 11-i zərərlə işləyir. Buna səbəb Mərkəzi Bankın ilin əvvəlindən etibarən istehlak kreditlərin verilməsi şərtlərinin ağırlaşdırılmasıdır. Bu da onu göstərir ki, banklarımız istehlak kreditlərindən asılıdır. Elə banklarımız vardır ki, onlar verdiyi kreditlərdə istehlak kreditlərinin payı 60-70%-dir. Bu onu göstərir ki, istehlak kreditlərinin məhdudlaşdırılması tədbirləri böyük banklara ciddi zərəri vurmasa da, kiçik bankların imkanlarının daha da məhdudlaşması və nəticə də bazarı tərk etməsi riski ilə üz-üzə qoya bilər”.

Mərkəzi Bankın sözügedən məhdudlaşdırıcı tədbiri vətəndaşlara da mənfi təsir edəcəyini deyən S. Əliyev fikrini belə əsaslandırdı: “İnsanlar istehlak kreditlərini kefindən almırlar. Hansısa problemini həll etmək üçün buna məcbur olurlar. Bunun üçün də insanlarımız istehlak kreditlərindən üz çevirməyəcəklər. İstehlak kreditlərinin reklam olunması bu baxımdan yaxşı idi ki, vətəndaşlar bilirdilər ki, hansı bank hansı fazilər kredit verir. Amma indi bilməyəcəklər. Banklar da istədiyi faizlə vətəndaşlara istehlak krediti verəcək. Beləliklə də, istehlak kreditlərinin reklamının yığışdırılması kreditlərin verilməsində sui-istifadə halların çoxalmasına gətirib çıxaracaq”.

 

Görülən tədbirlər öz bəhrəsini verir:

iyun ayında bu il ərzində ilk dəfə olaraq

problemli kreditlərin həcmi aşağı düşüb

Məlumat üçün onu da qeyd edək ki, istehlak kreditlərinin artımını dayandırmaq məqsədilə həyata keçirilən tədbirlər artıq öz nəticəsini göstərməkdədir. İstehlak kreditlərinin azalması öz növbəsində problemli kreditlərin də azalmasına gətirib çıxarır. İyun ayında bu il ərzində ilk dəfə olaraq problemli kreditlərin həcmi aşağı düşüb. Belə ki, may ayında həcmi 905 milyon manata çatan vaxtı keçmiş kreditlər, iyunda 27,4 milyon manat azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin azalmasının əsas səbəbi milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin həcminin 37 milyon manat azalması olub. Bildiyimiz kimi milli valyutada verilən qısamüddətli kreditlər əsasən istehlak kreditlərini əhatə edir. Ümumilikdə bu ilin ilk yarısında milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin həcmi 2,5 milyon manat, milli valyutada verilən uzunmüddətli kreditlər üzrə isə 49,1 milyon manat artıb. Lakin əvvəlki illərdə bankların bu istiqamətdə həyata keçirdiyi siyasətin nəticəsidir ki, problemli kreditlər baxımından ən pis vəziyyət manatla verilən qısamüddətli kreditlərdə müşahidə olunur. Belə ki, milli valyutada verilən 2 milyard 324 milyon manat qısamüddətli kreditin 297,2 milyon manatının və ya 12,7%-nin ödəmə vaxtı keçib. Qeyd edək ki, may ayında bu göstərici 334,3 milyon manat və ya 14,4% olub.

ALLAHVERDI CƏFƏROV, ELVIN ƏLIYEV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here