Teatr iki tamaşanın premyerasına hazırlaşır

0
14

İyunun 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində iki səhnə əsərinin premyerası olacaq. Teatrın yaradıcı heyəti böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanmış eyniadlı tamaşada çıxış edəcək. Səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiyanın Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Rollarda Əməkdar Artist Nübar Novruzova, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva və Aydın Dəmirov çıxış edəcəklər.

İyunun 2-də, həmçinin P.Kullifordun “Şirinlər” pyesi əsasında səhnələşdirilən eyniadlı yeni tamaşa təqdim olunacaq. Kiçikyaşlı məktəblilər üçün nəzərdə tutulan tamaşada xeyirxahlıq, insanların pis əməllərdən uzaqlaşdırılması, hər kəsin dost və mehribanlıq şəraitində yaşaması kimi nəcib hisslər aşılanır. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Şahin Hüseynli, kostyum üzrə rəssamı Yekaterina Bıçkovadır. Səhnə əsərinin musiqi tərtibatını İradə Muradova hazırlayıb, tamaşanın plastik həlli Ceyhun Dadaşovundur.

Rolları Əməkdar artistlər Rasim Cəfər, Şəfəq Əliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Rəşad Səfərov, Elnur Hüseynov, Zemfira Əbdülsəmədova, Günel Məmmədova və başqaları ifa edəcəklər.