Kollec turizmin inkişaf dinamikası üçün bütün imkanlardan istifadə etməyə çalışır

0
60

Mingəçevir  Turizm Kolleci regional turizmin inkişafı ilə bağlı növbəti  aktual  elmi-nəzəri  konfransa ev sahibliyi edib. “Azərbaycanda  regional turizmin inkişafında yeni strategiyalar” adlı konfransın işində Mingəçevir şəhər İcra Hakimiyyəti, Mingəçevir Turizm Kolleci, Goranboy, Yevlax,Bərdə rayonları və Naftalan şəhəri  ərazisində yerləşən  müasir otel  və kurort sanatoriya komplekslərinin səlahiyyətli nümayəndələri, eləcə də ekspert mütəxəssislər və çox sayda KİV nümayəndəsi iştirak edib.

Öncə konfrans iştirakçıları tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirib. Sərgidə Azərbaycan turizminin özəlliklərindən bəhs edən sənət nümunələri ziyarətçilərin qəlbində xoş təəsürat oyadıb.

 

Konfransda çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  tədbirin müzakirəsinə çıxarılmış mövzunun aktuallığından danışıb. Qeyd edib ki, bu gün dövlət səviyyəsində aparılan davamlı  və məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycan dünyanın ən cəzbedici turizm məmləkətlərindən birinə çevrilib. Turizmin İnkişafına Dair Strateji Yol Xəritəsi  və ondan irəli gələn vəzifələr turizmin, xüsusi ilə də regional turizmin inkişafında maraqlı olan tərəflərə yeni imkanlar açıb: “Hesab edirəm ki, biz yaranmış imkanlardan maksimum faydalanmağa çalışmalıyıq. Bunun üçün belə müzakirələrə böyük ehtiyac var. Çünki bu konfransda turizm xidməti göstərən və  xidmət səviyyəsini yüksəltməkdə maraqlı olan şirkətlər  turizm sahəsi üçün  peşəkar kadr hazırlığı missiyasını həyata keçirən təhsil müəssisəsi təmsilçiləri ilə bir məqsəd naminə eyni masa ətrafında əyləşib. Regional turizmin  əsas özəlliyi, diqqətdən kənarda qalmış  turizm sahələrinin dirçəlişi, müasir xidmət səviyyəsinin  yüksəldilməsinə təkan verə biləcək addımlar, işəgötürənlərin  tələbinə uyğun kadr hazırlığının həyata keçirilməsi və digər oxşar məsələlərin müzakirə edilməsi  və həll yollarının tapılması konfransın əsas məqsədidir. Fikrimcə, aparılacaq müzakirələr son nəticədə regional turizmin inkişafına dəyərli bir töfhə olacaq”.

Professor Əyyub Əyyubov eyni zamanda rəhbərlik etdiyi təhsil müəssisəsinin kadr hazırlığında əldə etdiyi uğurlardan danışıb. İndiyədək 14 ixtisas üzrə təhsil almış 7000-dən çox məzunun hazırda turizm sənayesində çalışaqraq ümumi inkişafa töfhə verdiyini bildirib.

Daha sonra çıxş edən Mingəçevir şəhər İcra Hakimiyyəti nümayəndəsi Sahib Əliyev Mingəçevir şəhər rəhbərliyi adından konfransın işinə  uğurlar arzulayıb. Sahib Əliyev  regional turizm məsələlərinə dair aktual müzakirələrə təşəbbüs  göstərərək  təşkilatçılıq  edən Mingəçevir Turizm Kollecinin kollektivinə təşəkkürlərini çatdırıb.

Ardınca konfransın biri-birindən məzmunlu məruzələri dinlənilib. Kollecin “Turizm və Otelçilik” şöbəsinin müdiri  Aynurə Abbasova, pedaqoqlar Elşad Səmədov, İqbal Xudiyev və Vüqar Nağıyev  müvafiq olaraq “Azərbaycanda regional turizmin davamlı inkişaf prioritetləri”, ”Regional iqtisadi inkişafda turizm amili və regional turizmin davamlı inkişaf problemləri”, ”Azərbaycanın regionlarında turizmin inkişaf perspektivləri” və “Mədəniyyətlərarası kommunikasiyanın inkişafında turizmin rolu” mövzularında  əhatəli məruzələrlə çıxış edib.

Səslənən fikirlər, açıqlanan rəsmi məlumatlar və qaldırılan problemlər  konfrans iştirakçıları arasında fəal müzakirələrə yol açıb. “Gülüstan” otelinin direktor müavini Namiq Məmmədov, “Şahin” otelinin administratoru Mirazər Orucov, “Prinse” otelinin direktor müavini İlqar Qarayev, “Günəş” otelinin administratoru  Samir Novruzov, “Sahil”otelinin meneceri Maqsud Süleymanov, ” Kainat “ otelinin administratoru Elnur Məmmədov , “Qaşaltı” sanatoriyasının şöbə müdiri Mədəd Qasımov, “Qaşaltı” sanatoriyasının direktor köməkçisi  Qoca İsmayılov və “Çinar” otelinin şöbə müdiri  Anar Əhmədov  regional turizmin mövcud problemləri, inkişaf dinamikası, zəruri ehtiyacları və qarşıda duran başlıca vəzifələri barədə düşüncələrini paylaşıb. Goranboy, Bərdə, Yevlax rayonlarını və Naftalan şəhərini təmsil edən  dialoq iştirakçıları konkret təkliflərini açıqlayıb. Onlar kadrlara böyük ehtiyac duyduqlarını, kadrlarda xarici dil vərdişlərinin vacibliyi, təhsil müəssisələri ilə turizm şirkətləri arasında əməkdaşlığın perspektivləri və digər önəmli məsələlər barədə müzakirələr aparıb. Tədbirdə həmçinin Mingəçevir Gənclər və İdman idarəsinin, Mingəçevir Bələdiyyəsinin, “Mingəçevir” qəzetinin, “Ağsüaray” və “River Side” otellərinin, şəhər veteranlar şurasının, şəhər dram teatrının və digər qurumların təmsilçiləri çıxış edərək maraqlı təkliflər irəli sürüb.

Konfransa yekun vuran  professor Əyyub Əyyubov çox maraqlı tədbirin şahidi və iştirakçıları olduqlarını vurğulayıb. Əyyub Əyyubov  onu da qeyd edib ki,  qabaqcıl təhsil müəssisəsi olaraq rəhbərlik etdiyi kollektiv  turizmin inkişaf dinamikası ilə ayaqlaşmaq üçün bütün imkanlardan istifad etməyə çalışır: “Artıq yeni tədris ilindən etibarən kollecimizdə “Rekreasiya İdman Sağlamlıq Turizmi” ixtisaı üzrə mütəxəssis hazırlığına başlanacaq. Biz kollektivin gücü ilə hazırda analoji mövzuda yeni  dərs vəsaitinin hazırlıqları və metodik vasitələr üzərində iş aparırıq. Digər bir yenilik odur ki, bu günlərdə kollektivimiz Rusiyanın Sankt-Peterburq şəhərində  “Kadr hazırlığı prosesində sosial tərəfdaşlıq amilin rolu” mövzusunda keçirimiş  beynəlxalq konfransda iştirak edib. Həmin konfransda turizm sahəsi üçün kadr hazırlığı həyata keçirən  Azərbaycan, Rusiya, İtaliya və Finlandiyanın  ixtisaslaşmış təhsil müəssisələri və turizm şirkətlərinin  nümayəndələri fəal müzakirələr aparıb. Əslində bizim bu günki konfransımız da sosial tərəfdaşlıq münasibətlərinin  güclənməsi  istiqamətində atılmış növbəti uğurlu addımdır. Biz nə qədər razılaşdırılmış addımlar atıb, əməkdaşlığımızı dərinləşdirsək, bir o qədər  ölkə, Kxüsusi ilə də region turizminin inkişafına fayda vermiş olacağıq”.

Konfrans tələbə özfəaliyyət qrupu tərəfindən təqdim olunan musiqili proqramın nümayişi ilə naşa çatıb.

Esmira Hidayətova, Mingəçevir