Xalq artisti Ella Yaqubova: ”Göstərilən bu diqqətə görə inanılmaz qürur hissi keçirirəm”

0
171

Mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Fəxri adlar alanlar arasında  Mingəçevir Dövlət Dram Teatrının aktirisası, Azərbaycan Respublikasının “Əməkdar artist”i fəxri adını daşıyan, ”Qızıl Dərviş”mükafatçısı Ella Yaqubova da var. Hazırda çalışdığı teatrın 50 illik yubleyi ərəfəsində, bu sənət ocağının sevilen aktrisası, Yaqubova Ella Ismayil qızı respublikanın “Xalq artisti” adina layiq görülüb. Bu münasibətlə biz də aktirisa ilə görüşüb ona təbriklərimizi çatdırdıq. Öz təəssüratlarını bizimlə bölüşən Ella xanım əvvəlcə hər zaman sənət adamlarına göstərdiyi qayğı və diqqətə görə cənab Prezidentə minnətdarlığını bildirdi. O, hazırda çalışdıği teatrın kollektivini, direktorunu, eləcə də mədəniyyət naziri Əbülfəs Qarayevi, müavini Ədalət Vəliyevi də unutmadı. Onlara da təşəkkürünü ərz etdi: “Biz sənət adamlarına göstərilən bu diqqətə görə inanılmaz qürur hissi keçirirəm. Bu mənim üçün ikiqat sevinc oldu. Bu il biz teatrımızın 50 illik yubleyini qeyd etməyə hazırlaşırıq. Bundan böyük insana hədiyyə ola bilməz. Cənab prezidentimiz İlham Əliyev hər zaman mədəniyyət sahəsində çalışan adamları diqqət də saxlayıb. Mən deyərdim ki, həyatda elə adam tapılmaz ki, o, çətinliklərlə, müqavimətlə, süni yaradılmış böhranlı vəziyyətlərlə rastlaşmasın. Mən də bunların hamsını keçmişəm. Amma şükürlər olsun ki, qarşıma çıxan maneələrə baxmayaraq, bir sənətkar kimi özümü təsdiq edə bilmişəm. Mən öz dünyamın ömür yolunu teatrda tapmışam və bu gün də öz sənət məktəbimi gənclərə öyrətməklə davam etdirirəm. Yaşımın üstünə yaş gəldikcə cavanlaşıram, hətta deyərdim ki, bu kimi diqqət və qayğı ömrümə bir ömür qatır”.

Qeyd edək ki, Ella İsmayıl qızı Yaqubova 1946-cı il dekabr ayının 30-da Gəncə şəhərində hərbiçi ailəsində anadan olub. İbtidai təhsilini Gəncə şəhərində alıb. Atası İsmayıl kişi müharibədən sonra da hərbidə qulluq etdiyindən Bakı şəhərinə köçmək məcburiyyətində qalıb. Ella da ailə üzvləri ilə birgə Bakıya köçüb və burada orta təhsilini 44 saylı orta məktəbdə davam etdirib. Elə məktəbdə oxuyarkən dram dərnəyinin üzvü olub. Gənc qızın incəsənətə olan marağı onu Mədəniyyət sarayının rəqs ansambılına rəqqas kimi gətirib. Həmçinin məktəb illərində Azərbaycan Dövlət Televiziyasının “Uşaq və Gənclər” baş redaksiyasının hazırladığı “Pioner şeypuru” və “Tonqal” verlişlərində çıxışlar edib.

Ailə üzvləri bu kiçik qızın teatra, incəsənətə olan böyük marağını biliriblər. Ancaq o dövrün kişilərinə xas olan xüsusiyyətlərdən irəli gələrək, əsasən atası İsmayıl kişi onun bir aktrisa olaraq səhnədə fəaliyyət göstərməsinin əleyhinə olub. Elə buna görə də ailənin təkidi ilə Ella orta məktəbi bitirdikdən sonra sənədlərini Pedaqoji Universitetə vermək məcburiyyətində olub. O, Pedaqoji Universitetə qəbul olunub. Ancaq ailə üzvlərindən gizlin 1963-cü ildə Bakı Mədəni Maarif Texnikumuna daxil olub və 1966-cı ildə bu sənət məktəbini bitirib.

Bu illər ərzində Ella Yaqubova xalq teatrlarında sənət məziyyətlərini Məmmədkamal Kazımov, Lütfü Məmmədbəyov, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Fazil Bayramov kimi sənətkarlardan öyrənə bilib. Tələbəlik illərinin təcrübəsi onu Gənc Tamaşaçılar Teatrına gətirib. İlk professional səhnədə aktrisa kimi özünü bu teatrın səhnəsində hazırlanan “Anacan” və “Qikor”tamaşalarında yardımçı heyətin tərkibində sınaya bilib. Xalq teatrlarına baxış festivalında Gəncə Dövlət Dram teatrının rejissoru, respublikanın Əməkdar incəsənət xadimi Həsən Ağayev onun səhnə istedadını görükdən sonra onu çalışdığı teatra təyinatının verilməsinə köməklik göstərib. Beləliklə, 1966-cı il aprel ayının 10-dan Ella Yaqubova Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlayıb. Aktrisa o illəri xatırlayarkən belə deyir: “Hər zaman bu sənəti, bu məbədi əsas həyat kredosu kimi qəbul etmişəm. Xüsusilə Gəncə Dövlət Dram teatrına işləməyə gələndə gördüm ki, doğrudan da, aktyorluq düşündüyüm kimi adi sənət deyil. Çətin, can aparan, ağır zəhmət tələb edən bir işdir. Nə xoşbəxtəm ki, bu gün bu sənətə görə məni sevən çoxsaylı tamaşaçım var. Bütün qazandığım uğurlarıma görə müəllimlərimə və sənət dostlarıma, eləcə də tamaşaçılarıma minnətdaram”.

Mingəçevir Dövlət Dram teatrı 1969-cu il mart ayının 28-də Beynəlxalq Teatr Günü ərəfəsində öz pərdələrini Cəfər Cabbarlının “Almaz” pyesinin ilk tamaşası ilə acıb. Həmin tamaşada aktrisa Ella Yaqubova Mingəçevir tamaşaçıları qarşısında ilk debütü olan Almaz obrazını böyük müvəffəqiyyətlə təqdim edə bilib. O, Mingəçevir Dövlət Dram teatrında 49 illik səhnə fəaliyyəti dövründə 325 əsərdə 325 fərqli obrazlar qaleriyası yaradıb.

Esmira Hidayətova, Mingəçevir