Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası

0
51

Dr. Harun YılmazTarixçi-alim, Britaniya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü

1813 – Rusiya İmperiyası ilə İran arasında Gülüstan sülh müqaviləsi imzalanır. İndiki Dağıstan, şərqi Gürcüstan, Azərbaycan Respublikasının böyük hissəsi və Şimali Ermənistanın bir qismi Rusiya İmperiyasına təslim edilir.

1828 – Rusiya İmperiyası ilə İran arasında Türkmənçay sülh müqaviləsi imzalanır. Bu sənəd Rusiyanın Cənubi Qafqazda mövcudiyyətini möhkəmləndirir. İndiki Ermənistan, Azərbaycan Respublikasının cənub bölgələri, Naxçıvan, İqdır vilayəti (indi Türkiyənin tərkibindədir) Rusiyaya təslim edilir.

1870 – Bakıda neft sənayesi ətrafında neft bumu və sürətli iqtisadi inkişafa start verilir. Yerli iş adamları ilə yanaşı, Nobel qardaşları və Rothschild-lər kimi xarici investorlar Bakıya gələrək burada neft quyuları qazır, neftemalı zavodları tikir, limanlar inşa edir və dəmir yolları çəkirlər.

1904 – Azərbaycan ziyalı-demokratları müsəlman dünyasında ilk sosial-demokratik təşkilat olan “Hümmət” partiyasını yaradırlar. Partiyanı təsis edənlər arasında Məşədi Əzizbəyov, Əjdər Məlikov, Əsədulla Axundov və Məhəmməd Əmin Rəsulzadənin də adları var. “Hümmət” formal olaraq Rusiya Sosial-Demokrat Fəhlə partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində müstəqil fəaliyyət göstərib.

1905 – Birinci Rusiya İnqilabı nəticəsində Rusiya İmperiyasında konstitusiyalı monarxiya üsul-idarəsi təsbit olunur. Məhəmməd Əmin Rəsulzadə inqilabda fəal şəkildə iştirak edir. Əlimərdan bəy Topçubaşov, İsmayil xan Ziyadxanov kimi Bakı və Yelizavetpol quberniyalarının müsəlman nümayəndələri İmperiyanın qanunvericilik orqanı olan Dumada qısa müddətə də olsa, təcrübə qazandılar.

1905-1911 – İranda Məşrutə İnqilabı və İranın ilk parlamenti – Məclisinin – təsis edilməsi.

1908 – Gənc Türklər (Konstitusiya) İnqilabı Osmanlı İmperiyasında konstitusiyalı monarxiya üsul-idarəsi təsbit edir.

1911 – Məhəmməd Əmin Rəsulzadə və başqaları Müsavat Partiyasını təsis edirlər.

1913 – Məhəmməd Əmin Rəsulzadə İran və Türkiyədə dörd illik siyasi mühacirətdən sonra Rusiyaya qayıdır.

İyul, 1914 – Birinci Dünya müharibəsi başlayır.

1917

Mart, 1917 – fevral İnqilabı Rusiyada monarxiyaya və Romanovlar sülaləsinin 300 illik hökmranlığına son qoyur.

Rusiya respublika elan edilir, ölkəni Müvəqqəti Hökümət idarə edir.

Mart, 1917 – Nəsib bəy Yusifbəyli və digər siyasətçilər Gəncə şəhərində Türk Ədəmi-Mərkəziyyət partiyası təsis edirlər.

15-20 aprel, 1917 – Bakıda Qafqaz müsəlmanlarının Birinci Qurultayı keçirilir. Qurultayda eləcə də Müsavat və federalist partiyalarının müvafiq qaydada birləşməsinin bünövrəsi qoyulur.

İyun, 1917 – “Müsavat” və “Türk Ədəmi-Mərkəziyyət” partiyaları birləşərək fəaliyyətlərini “Türk Ədəmi-Mərkəziyyət firqəsi-Müsavat” partiyası kimi davam etdirirlər.

Oktyabr, 1917 – Rusiyada Oktyabr İnqilabı: Leninin Bolşevik partiyası Müvəqqəti Höküməti devirərək hakimiyyəti ələ alır. Bolşeviklər Sovet İttifaqının yaranmasına gətirib çıxaran dəyişiklərə başlayırlar.

Oktyabr, 1917 – Bakıda Türk Ədəmi-Mərkəziyyət Müsavat partiyasının ilk qurultayı toplaşır.

Noyabr, 1917 – Cənubi Qafqaz da daxil, Rusiyada Müəssislər Məclisinə seçki keçirilir. Cənubi Qafqazın müsəlman əhalisinin səs verdiyi partiyalar arasında Müsavat partiyası 616,000 səslə birincilik qazanır.

Noyabr, 1917 – Tbilisidə müstəqil Zaqafqaziyanın ilk höküməti kimi Zaqafqaziya Komissarlığı (Zavkom) yaradılır.

Dekabr, 1917 – Rusiya ilə Osmanlı nümayəndə heyəti arasında Qafqaz cəbhəsində hərbi münaqişəni bitirmək məqsədilə Erzincan Barışığı imzalanır.

Alman əsgərləri Birinci Dünya Müharibəsində məğlubiyyətdən sonra evə dönürlər.

1918

18-19 yanvar, 1918 – Rusiya tarixində ilk dəfə olaraq demokratik yolla seçilmiş təmsilçilik orqanı – Müəssislər Məclisi toplanır. Bolşevikllər toplantının səhərisi günü Məclisin işini qapadırlar, Müəssislər Məclisi buraxılır və ləğv olunur. Cənubi Qafqaz təmsilçilərinin əksəriyyəti toplantının açılışına özünü çatdıra bilmir.

Yanvar, 1918 – Müəssislər Məclisinin ləğv olunması ilə Rusiyada Bolşeviklərlə onların opponentləri arasında Vətəndaş Müharibəsi başlayır. Dörd il çəkən Vətəndaş müharibəsi Rusiyaya ağır zərbə vurur.

Yanvar, 1918 – Tbilisidə Zaqafqaziya Kommissarlığı Azərbaycan, Ermənistan və Gürcüstandan Rusiya Müəssislər Məclisinə seçilmiş nümayəndələrdən Seym təşkil edir.

Yanvar – fevral, 1918 – Bolşeviklərin üstünlük təşkil etdiyi Bakı Soveti şəhər üzərində nəzarəti ələ keçirir.

Mart, 1918 – Martın 3-də Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan, Osmanlı dövlətləri ilə Bolşevik Rusiyası arasında Brest-Litovsk müqaviləsi imzalanır. Bu sənədlə Rusiyanın Birinci Dünya Müharibəsində iştirakına son qoyulur. Osmanlı İmperiyası Batum, Qars və Ərdahanı geri alır. Osmanlı Ordusu şərq istiqamətində irəliləməyə başlayır.

Mart, 1918 – Bakıda erməni silahlı dəstələri müsəlman əhalisinə qarşı qətliam törədir. Daşnakların köməyilə Bolşeviklər şəhəri avqusta qədər idarə edərək Bakı quberniyasını da nəzarət altına alırlar.

Aprel, 1918 – Seym Zaqafqaziya Demokratik Federativ Respublikasının təsis olunduğunu elan edir.

28 may 1918 – Qafqaz Seyminin müsəlman nümayəndələri Milli Şura təsis edərək Azərbaycanın müstəqilliyini elan edirlər. Baş nazir F. Xoyskinin ilk kabinetinin üzvləri təyin olunur. Nuru Paşa Gəncəyə gəlir.

4 iyun 1918 – Azərbaycan və Osmanlı hökumətləri arasında dostluq və sülh sazişi imzalanır. Osmanlı qüvvələri Gəncəyə daxil olur. Qafqaz islam Ordusunun təşkilinə start verilir.

16 iyun 1918 – Azərbaycan hökuməti və Milli Şura Tbilisidən Gəncəyə köçür. Səhərisi gün Milli Şura buraxılır və qanunvericilik səlahiyyəti müvəqqəti olaraq hökumətə verilir. Xoyskinin ikinci kabineti formalaşdırılır.

27 iyun 1918 – Qafqaz İslam Ordusu şərqə doğru irəliləməyə başlayır və Göyçayda Bakı Soveti qoşunlarını məğlub edir. Həmin gün türk dili (Azərbaycan dili) yeni dövlətin rəsmi dili elan olunur.

10 iyul 1918 – Qafqaz İslam Ordusu şərq istiqamətində daha dərinə irəliləyərək Kürdəmir və Şamaxını Bakı Sovetinin qüvvələrindən azad edir.

31 iyul 1918 – Hərbi məğlubiyyətlər Bolşeviklərin rəhbərlik etdiyi Bakı Sovetinin hakimiyyətinə son qoyur. Yerdə qalan digər siyasi qüvvələr Britaniyanın dəstəyilə Bakıda Sentrokaspi Diktaturası elan edir və İranda general Dunsterville-in komandanlığı altında olan Britaniya qüvvələrini Bakıya dəvət edir.

4 avqust 1918 – Britaniya qüvvələri Bakıya girir. Britaniya zabitləri şəhəri yaxınlaşmaqda olan Qafqaz İslam Ordusundan müdafiə etmək üçün yerli erməni və rus könüllülərini silahlandırır və onlara təlim keçir.

15 sentyabr 1918 – Qafqaz İslam Ordusu Bakını azad edir. Britaniya qüvvələrinin evakuasiyası.

17 sentyabr 1918 – Azərbaycan höküməti Gəncədən Bakıya köçür.

30 oktyabr 1918 – Osmanlı İmperiyası ilə Müttəfiqlər arasında Mudros sülh müqaviləsi imzalanır. Bununla da Osmanlı hərbiyyəsinin Birinci Dünya Müharibəsində iştirakı sona çatır.

Noyabr, 1918 – Birinci Dünya Müharibəsi başa çatır.

16 noyabr 1918 – Azərbaycan Milli Şurasının iclası keçirilir.

17 noyabr 1918 – Bakıya general Tomson-un başçılıq etdiyi Britaniya qüvvələri gəlir.

7 dekabr 1918 – Azərbaycan Respublikasının parlamentinin təntənəli açılışı keçirilir.

26 dekabr 1918 – Baş nazir Xoyskinin sayca 3-cü kabineti təşkil edilir. Gürcüstanla Azərbaycan arasında tranzit daşımalar barədə saziş imzalanır.

1919

14 aprel 1919 – Nəsib bəy Yusifbəyli respublikanın 4-cü Nazirlər Kabinetini təşkil edir.

28 may 1919 – Paris Sülh Konfransında Azərbaycan nümayəndələrinin ABŞ prezidenti Wilson ilə görüşü keçirilir.

16 iyun 1919 – Azərbaycan ilə Gürcüstan arasında hərbi müdafiə aktı imzalanır.

6 avqust 1919 – General Tomson-un Xəzər Hərbi Donanmasının Denikinin könüllülər ordusuna verilməsi barədə sərəncam imzalanır.

24 avqust 1919 – Britaniya qüvvələri Bakıdan evakuasiya olunur. Azərbaycanın Dövlət Bankı təsis olunur.

1 sentyabr 1919 – Baku Dövlət Universiteti təsis olunur.

23 noyabr 1919 – Tbilisidə Azərbaycan və Ermənistan tərəfləri arasında baş verən bütün münaqişələrə son qoyulması və sərhəd məsələsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilə imzalanır.

2-11 dekabr 1919 – Türk Ədəmi-Mərkəziyyət Müsavat partiyasının 2-ci qurultayı Bakıda toplanır.

22 dekabr 1919 – Nəsib bəy Yusifbəyli sayca 5-ci höküməti təsis edir.

Arxiv: Azərbaycan Milli Məclisinin açılış günü

1920

2 yanvar 1920 – Sovet Rusiyası Denikinə qarşı birgə mübarizə aparmaq təklifi haqqında Azərbaycan Cümhuriyyətinə birinci dəfə nota verir.

11 yanvar 1920 – Azərbaycanın müstəqilliyi Paris Sülh Konfransında Antanta Ali Şurası tərəfindən de-fakto tanınır.

14 yanvar 1920 – F. Xoyski Rusiyanın Denikinlə mübarizəsinin onun daxili işi olması haqqında Çiçerinə cavab notası verir.

23 yanvar 1920 – Çiçerin Azərbaycan hökumətini Sovet Rusiyasının Denikinə qarşı mübarizəsindən imtina etməkdə ittiham edən ikinci notasını göndərir.

20 mart 1920 – Azərbaycan-İran müqaviləsi bağlanır; Bu müqaviləyə əsasən, Azərbaycan İran tərəfindən de-yure tanınır.

23 mart 1920 – Azərbaycan və Gürcüstan arasında ticarət müqaviləsi imzalanır.

15 aprel 1920 – Xoyski Çiçerinə Rusiya qoşun hissələrinin Azərbaycan sərhədlərində cəmləşməsi ilə bağlı Azərbaycan dövlətinin narahatlığını ifadə edən nota göndərir.

27 aprel 1920 – XI Qızıl Ordu Azərbaycan Xalq Cümhuriyyəti ərazisinə daxil olur.

28 aprel 1920 – Azərbaycan Cümhuriyyətinin parlamenti Azərbaycan İnqilab Komitəsinin hakimiyyəti ona təhvil verməsi haqqında ultimatumunu qəbul edir.(BBC)

Bolşevik Rusiyasının ordusu Bakıda