Qubada kitab bayramı keçirilib

0
47

Qubada keçirilən kitab bayramında oxuculara 700-dən çox kitab təqdim olunub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunmuş IX ənənəvi kitab bayramında rayonun idarə və təşkilatlarının rəhbərləri, kitabxana, mədəniyyət, təhsil işçiləri və məktəblilər iştirak ediblər.

Quba Rayon İcra Hakimiyyətinin, Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi, Quba mərkəzləşdirilmiş kitabxanalar sisteminin təşkilatçılığı ilə keçirilən “Kitab bayramı”nda fəal oxucular və kitabxana işçiləri səmərəli fəaliyyətə görə fəxri fərmanlarla təltif ediliblər.

Mərasimdə “Tarix yaradan şəxsiyyət”, “Doğma Qarabağım”, “Müasir Quba yazarları”, “Kitabxanalarımız bu gün”, “Azərbaycan folkloru”, “Dünyanı dolaşan mədəniyyətimiz” və başqa mövzularda kitab stendləri qurulub. Tədbir zamanı 100-ə yaxın oxucu kitabxanaya üzv qəbul olunub.

Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd kitabxanaların oxucu sayını artırmaq və kitabsevərləri yeni nəşrlər haqqında məlumatlandırmaqdan ibarətdir.

Kitab bayramında nümayiş etdirilən maraqlı kompozisiyalar, eləcə də istedadlı balacaların ifasında təqdim olunan rəqslər və milli oyunlar maraqla qarşılanıb.