Mingəçevir Turizm Kollecində Respublika Günü qeyd olunub

0
118

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi Mingəçevir Turizm Kollecində  silsilə bayram tədbirləri ilə qeyd olunub. Bu münasibətlə kollecdə açıq dərslər təşkil olunub, dəyrimi masa ətrafında müzakirələr, rəsm, inşa, ən yaxşı divar qəzeti müsabiqələri, bilik yarışması və futbol turniri keçirilib. Gənclər adları çəkilən yubiley tədbirlərində özlərinin ən üstün vətənpərvər keyfiyyətlərini sərgiləməyə çalışıb.

100 illik Cumhuriyyət tarixinə verilən ən dəyərli töfhələrdən biri də tələbə gənclərin əl işlərindən ibarət rəsm sərgisi olub.Sərgidə istedadlı gənclərin biri-birindən maraqlı əl işləri sərgilənib. Eyni zamanda sərgi zalında Azərbaycanın dövlətçilik ənənələrindən bəhs edən sənədli film nümayiş olunub. Sərgini ziyarət edən kollec rəhbərliyi, pedaqoqlar, tələbələr, valideyinlər  və təhsil müəssisəsinin digər qonaqları yaradıcı nümunələrdən xoş təəssüratlar alıb. Bundan sonra bayram tədbiri iştirakçıları “Bir dəfə yüksələn bayraq bir daha enməz” adlı elmi nəzəri konfransda bir araya gəlib.

Konfrans iştirakçılarını 28 May Respublika Günü münasibəti ilə təbrik edən Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ən xoş arzularını paylaşıb. Cümhuriyyətin 100 illiyinə həsr olunmuş  tədbirə dövlət himnimizin caqnlı ifası ən gözəl hədiyyə olar deyən professor Əyyub Əyyubov himnimizin canlı ifa olunmasını təklif edib. Daha sonra çıxışına davam edən ünlü elm adamı Azərbaycan xalqının azadlıq mübarizəsi və dövlətçilik tarixində xüsusi yeri olan Azərbaycan Xalq Cumhuriyyətinin şərəfli səlnaməsindən ətraflı söz açıb:

“Azadlıq kmisəyə hədiyyə olaraq verilmir. Xalqın iradəsi,qəhrəmanlığı və cəsur övladların şəhidliyi bahasına qazanılır.Bu mənada xoşbəxt xalqıq ki, ötən əsrin əvvələrində olduğu kimi bu gün də azad,müstəqil dövlətimiz var. Çünki bu xoşbəxtlik heç də bütün millətlərənəsib olan qismət deyil. Cumhuriyyətin qurucularından olan böyük siyasi xadim Məhəmməd Əmin Rəsulzadə demişkən “Bir kərə yüksələn bayraq bir daha enməz”. Əgər müstəqil dövlətçiliyin müasir dönəmini cumhuriyyət dövrü ilə müqayisə etsək hadisələrin biri birini tamamladığının şahidi olarıq. Bu mənada ulu öndər Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir,dönməzdir” fikri Azərbaycan xalqının ruhunun səsidir.

Dəyərli elm adamı cumhuriyyət  dövrünün təkcə xalqımızın deyil,bütün şərqin  gələcək taleyində böyük rol oynadığını bildirib.Şərqdə il demokratik dövlətin məhz Azərbaycanda yarandığını  qürurla ifadə edib. Milli hökumətin həmin illərdə dövlət quruculuğu ilə yanaşı,erməni-daşnak təcavüzü ilə gərgin mübarizə apardığını, Osmanl Türkiyəsindən olan qan qardaşlarımızın bizləri bu mübarizədə yalnız buraxmadığını xatırladıb.Professor Əyyub Əyyubov  Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı prezident cənab İlham Əliyev tərəfindən verilən Sərəncamı  dövlətçilik tariximizə bəslənilən böyük vətənpərvərlik nümunəsi olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra  dövlətçilik mübarizəsinə və cumhuriyyət dönəminə həsr olunmuş video çarx nümayiş olunub. Ardınca konfransın digər məruzəçiləri dinlənilib. Pedaqoqlar Əziz Əsgərov,Ülviyyə Məmmədova  və tələbə Samirə Musayeva müvafiq olaraq “Azərbaycanın istiqlal günü”, “28 May Respublika Günüdür” və “Azərbaycanın milli bayramı- 28 May Respublika Günü “ mövzularında geniş və  məzmunlu çıxış edib.

Sonra yubiley münasibəti ilə keçirilmiş müsabiqə və yarışma qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.Ən yaxşılar fəxri diplomlarla mükafatlandırılıb.

Konfrans daha sonra ədəbi bədii kompozisiya ilə davam etdirilib.Tələbə özfəaliyyət qrupu  musiqili  vətənpərvər proqram nümayiş etdirib.

Konfransa yekun vuran professor Əyyub Əyyubov bir daha  konfrans iştirakçılarını   milli bayram münasibəti ilə təbrik edərək dövlətimizin bu günü və sabahı naminə hər kəsi  daha da fədakar olmağa səsləyib.

Esmira Hidayətova, Mingəçevir