“Bir zaman ayıldım ki…”

0
245
“Bənna iş görərkən daşları elə qoymalıdır ki, birinin çıxıntısı o birsinin qısalığı ilə tən gəlsin. Ümumiyyətlə, bənnalıq çox zəhmət tələb edən, əziyyətli işdir. Amma buna baxmayaraq, qazancı halaldır. Əsas olan da budur”.
 Bu sözləri bizimlə söhbətində 28 yaşlı bənna Cəlal Əmirov dedi. O, 9 yaşından atası ilə birgə bu işlə məşğul olub. Lakin sonralar atasının qəfil dünyasını dəyişməsi Cəlalı təkbaşına çalışmağa məcbur edib. Dediyinə görə, tikdiyi evlərin sayı-hesabı yoxdur. Cəlal ailəsi ilə 1989-cu ildə mənfur erməni quldurlarının dədə-baba torpaqlarımıza göz dikməsi nəticəsində Qərbi Azərbaycandan qaçqın düşərək Mingəçevirə gəlib. O zaman Cəlalın 3 yaşı var imiş. Dediyinə görə, atası bənna olduğu üçün öz doğma yurd-yuvalarından qaçqın düşsələr də maddi baxımdan çətinlik çəkməyiblər. Atası öz əlinin zəhməti ilə 5 övlad böyüdüb. İki oğlan övladına isə bənnalığın sirlərini öyrədib. Bu gün Cəlal yaxşı usta olduğuna görə, atasına həmişə rəhmət oxuyur.

Bu aralar havalar çox isti keçir. Buna baxmayaraq, Cəlal yenə iş başındadır. Deyir fasilə verə-verə, nəfəsini dərə-dərə öz işi ilə məşğul olur. Etiraf edim ki, bu gənc oğlanın əllərinin qabarını görüb xeyli təsirləndim. Bu qabarlı əllər 2 övladı və 5 nəfərdən ibarət külfəti dolandırır. Bir ana, 3 bacı və bir qardaş onun əlinin çörəyi ilə dolanır.

Müsahibimiz deyir ki, ev tikərkən ən əsas səliqə və zövqə diqqət edir: “Bu sənətə uşaqlıqdan həvəsim olub. 9 yaşım vardı atama kömək edəndə. Heç gücüm daş qaldırmağa çatmırdı. Dərs oxumaqla elə də aram yox idi. Dərsdən gələn kimi atamın yanına qaçırdım. Onun əllərinə baxaraq bu sənəti öyrəndim. Artıq 15 yaşımda özüm təkbaşına hörgü ilə məşğul ola bilirdim. Atamın qəfil həyatdan köçməsi məni çox kədərləndirdi. İndi onunla birlikdə tikdiyim evlərin önündən keçəndə bir an ayaq saxlayıb keçən günlərimizi xatırlayıram. Artıq mən də atayam. Atamı tez itirsəm də bacı-qardaşlarımı korluq çəkməyə qoymuram. Sənətimlə ailəmi dolandırmağa çalışıram”.

Son dərəcə zəhmətkeş olan Cəlal bu ruhda tərbiyələnib. Atasının səhərdən axşamadək çalışdığını, onları alın təri ilə böyütdüyünü görən Cəlal Əmirov özü də bu yolla gedir. İndi çalışır ki, bacıları üçün cer-cehiz tədarükü görsün. Axı onun 3 bacısı var. Onlar da qardaşları kimi zəhmətsevərdilər. Böyük bacısı dərziliklə məşğuldur. Onu da bildirək ki, Cəlalın artıq şəyirdləri də var. Bu sənətini onlara da öyrədir: “Bu bizim ata-baba sənətimizdir. Hələ uşaqlıqdan xəyalımda gözəl evlər tikirdim. Bir zaman ayıldım ki, artıq xəyallar gerçəkləşib. Tikdiyim evlərə baxanda fəxr edirəm ki, bu tikililəri bax bu qabarlı əllərim tikib. Yaşadığım evi də özüm tikmişəm. Gələcəkdə qismət olsa, oğluma da ev tikəcəyəm”.

Esmira Hidayətova

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here