Evin tək oğlu əsgər getməlidirmi?

0
25

Sosial şəbəkələrdə evin tək övladlarının ön cəbhədə hərbi xidmət keçib-keçməməsi müzakirə mövzusuna çevrilir. Bir neçə gün əvvəl 4 bacının yeganə qardaşı olan əsgər Adil Tatarov cəbhə bölgəsində şəhid olduqdan sonra bu mövzu yenidən gündəmə gəlib.

Bir qrup şəxs valideynlərin tək oğlan övladının ön cəbhədə xidmət etməməli olduğunu düşünür, digər qrup isə hər bir gəncin hamı kimi cəbhədə xidmət keçməsini zəruri sayır. alpaninfo.com teleqraf.com-a istinadən məsələ barədə rəyləri təqdim edir.

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, hazırda ailələrin çoxunda bir və ya iki uşaq var: “Bu gün oğlanların əksəriyyəti evin tək oğludur. Bu baxımından tək oğulların ön cəbhədə çağrılmamasının Silahlı Qüvvələrin döyüş vəziyyətinə nə cür təsir edəcəyi düşünülməlidir.

Biz sadəcə ailənin tək oğlunun yox, oğlanlarımızın itirilməsinin əleyhinəyik. Dövlətimiz bütün addımları atır ki, gənclər hərbi xidməti çəkib sağ-salamat evlərinə qayıtsınlar”.

Aydın Mirzəzadə bildirib ki, ailənin tək övladının ön cəbhədə hərbi xidmət keçməsi təkliflərində iki məsələ nəzərə alınmaldır: “Belə bir addım atılacaqsa, ordumuzun döyüş vəziyyətinin zəifləməməsi nəzərə alınmalıdır. Bu mövzuda sadəcə çağırış etmək azdır. Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər güc strukturlarında geniş və ciddi surətdə müzakirəyə ehtiyac var”.

Millət vəkili Fazil Mustafa bildirib ki, evin tək övladının əsgər getməməsi üçün alternativ xidmət variantı olmalıdır: “Əksər ailələrdə oğlan uşağının sayı təkdir. Əgər tək övladlı uşaqlar arxa cəbhədə hərbi xidmət keçsələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi xidmətə adam cəlb etməsi çətinləşəcək. Bu da dövlətin təhlükəsizliyi ilə bağlı siyasətinə təsir göstərəcək.

Yaxşı olardı ki, bu məsələdə alternativ xidmət variantları olsun. Fikrimcə, bu sahə xüsusi diqqətə götürülməli və hamının bərabər səviyyədə hərbi xidmət keçməsi təmin olunmalıdır. Bu zaman kütləvi şəkildə tək uşaqların ön cəbhədə olmasına lüzum qalmaz”.

Fazil Mustafa qeyd edib ki, Türkiyədə, başqa ölkələrdə hərbi xidmətə çağırış məsələsində fərqlər nəzərdə tutulmayıb: “Bu cür fərqləndirmələr ordunun gücünü müəyyən qədər aşağı sala bilər. Evin tək övladının ön cəbhəyə göndərilməməsi barədə qərar verilsə, Azərbaycanda bəzi hallarda həmin sənədlərin təhrif olunması da baş verər. Gələcəkdə hər kəs çalışar ki, bu kateqoriyadan olan varianta üstünlük verilsin.

Çox istəyərəm ki, tək uşaqlı ailələrin problemi həll olunsun. Bu məsəldə yeganə yol “Alternativ xidmət haqqında” qanunun qəbul olunmasıdır. Həmin xidmət əsasən bu kateqoriyadan olan insanlar üçün nəzərdə tutulmalıdır. İndiki şəraitdə isə bunu etmək mümkün deyil. Evin tək oğlu hərbi xidmətdən azad edilsə, hərbi xidmət planının doldurulmasında problem olacaq”.

Sabiq birlik komandiri, general-leytenant Yaşar Aydəmirovun sözlərinə görə, ordunun əsasını döyüş bölgələri təşkil edir: “Evin tək oğlunun əsgər gedib-getməməsi barədə fikir söyləməklə məsələ həll olunmur. Hər dövlətdə hərbi xidmətə çağırış olur. Orada ordunun sayı var, hərbi xidmətə gedəcək əsgərlər qeydiyyata alınır.
Hər kəsə məlumdur ki, Azərbaycanda doğum faizi yuxarı deyil. Bu səbəbdən məsələ araşdırıldıqdan sonra qərar qəbul edilə bilər. Tək övladın əsgər getməməsi barədə qəti fikir demək yanlışdır. Bütün dünyada ordunun əsasının 80-85 faizini döyüş bölgələri təşkil edir. Arxa bölgələrdə hərbi xidmət kiçik faizi əhatə edir”.
Keçmiş döyüşçü Etimad Əsədov isə qeyd edib ki, evin tək oğul yalnız arxa cəbhədə hərbi xidmət keçməlidir: “Azərbaycanda qanunlara uyğun olaraq hər bir oğlan hərbi xidmətdə olmalıdır. Vətənin müdafiəsi hamının müqəddəs borcudur. Amma ailənin tək oğlu hərbi xidməti arxa cəbhədə keçsin. Ailənin tək oğul övladı ön cəbhədə şəhid olursa, bu, ailə üçün ağır faciədir.

Qanuna dəyişiklik edilməlidir, yaxud Müdafiə Nazirliyinin daxili əmri ilə evin bir övladı arxa cəbhədə xidmət keçməlidir”.