“Hec bir araşdırma olmamış xəbəri cəmiyyətə ötürürlər”

0
139
…Sizi maraqlı bir insanla tanış etmək istəyirəm-Esmira Hidayətova ilə. Mingəçevirdə yaşayır, Yeniavaz.com saytının əməkdaşıdır, eyni zamanda Qarabağ üzrə bölgə müxbiridir. Tez-tez Tərtərə, Goranboya, Bərdəyə gedir, sakinlərlə görüşür və onların problemlərini işıqlandırır. Bir qadın üçün çətin və əziyyətli olsa da, Esmira xanım öz işinə məsuliyyətlə yanaşır və Qarabağın bu çətin və gərgin günlərində bölgəyə səfərlər edir, məktəblilərin qonağı olur, uşaqların həvəs və maraqla gözlədiyi “Tumurcuq” qəzetini onlara təqdim edir.
-Salam Esmira xanım, xoş gördük sizi.
-Xoş gününüz olsun.
Esmira xanım, neçə illərdir ki, Mingəçevirdə yaşayırsınız, buradakı insanların çoxunu tanıyırısınz, onlarla həmsöhbət olmusunuz. Sizcə insanların bir-birini tanıması çoxmu vacibdir?
-Mingəçevirdə böyüyüb boya –başa çatmışam. Əlbəttə, insanlar bir-biri ilə nə qədər çox həmsöhbət olsalar, bir-birləri ilə ünsiyyət qursalar mənim fikirimcə yaxşı olar. Çünki insanlar bir-birini tanıdıqca bir-birinə etibar edir və inanırlar.
-İnsanların bir-biri ilə ailəvi dostluq etməyinə münasibətiniz necədir? Ailəvi dostluq etdiyiniz insanlar varmı?
-Ailəvi dosluq etdiyim ailə yoxdur.Qohumlarla, tanışlarla dostluq edirəm. Amma dost-tanış nə qədər çox olsa yaxşıdır, necə deyərlər:-El gücü, sel gücü.
-Peşənizlə bağlı rastlaşdığnız çətinliklər, yadınızda qalan maraqlı hadisələr varmı?
– O qədər…. Maraqlı odur ki, müxtəlif xarakterli insanlarla rastlaşırsan…Hər cür insanlarla rastlaşmışam. Mənim ən çox yadımda qalan anlar yaşlı insanlardan aldığım müsahibələr olub. Həm onlardan bilmədiklərimi öyrənirəm, həm də dost oluruq. Onlar hər zaman mənimlə həmsöhbət olurlar, maraqlı fikirlərini dinləyirəm.
– Mingəçevirdən başqa daha hansı rayonlarımızın insanlarından müsahibə götürmüsünüz?
-Mən bölgə müxbiri olduğum üçün rayonlarda daha çox oluram. Ən çox döyüş bölgəsində: Tərtərdə, Bərdədə, Goranboyda oluram. Tərtərin, Goranboyun müxtəlif kəndlərində şəhid ailələri ilə, sadə kəndli ailələrlə görüşlərim olub. Yadda qalan anlar da çox olub. Onların dərd –sərinə həmişə şərik olmuşam.
-Cəbhə bölgələrimizdə yaşayan insanlar, onların gündəlik həyatı, problemləri ilə bağlı məlumatlara mətbuatda heç də tez-tez rast gəlmirik. Yalnız hansısa bir hadisə baş verəndə yazı və ya xəbər olur və bununla da unudulur. Paytaxt jurnalistlərinə və digər bölgə müxbirlərinə bununla bağlı nələri demək istərdiniz?
-Bəli, son vaxtlar jurnalistlər demək olar ki, passivləşiblər. Çünki indi heç kim qəzet oxumaq istəmir. Sadəcə yazının başlığına baxıb kifayətlənirlər. Düzdü, deyəcəklər ki, elə yazın ki, oxuyaq… Bir də onu vurğulamaq istərdim ki, bu gün bölgədə yaşayan jurnalist aldığı məvaciblə dolana bilmir. Uzaq bölgəyə getmək üçün də vəsait lazımdır. Ona görə də bizim kimi bölgə jurnalistləri bu sarıdan korluq çəkirik. Aldığım məvacibin bir hissəsini də bölgəyə səfər edərkən yola xərcləyirəm, dəstəyə və köməyə çox ehtiyacımız vardır. Amma nə qədər çətin olsa da işimi hələ ki, davam etdirirəm. Paytaxt jurnalistlərinə demək istərdim ki, bölgələri də unutmasınlar, imkan daxilində bölgələrə də gəlsinlər, insanların həyatı, məişəti ilə maraqlansınlar. Şəhərlə kənd arasında yaxınlaşma olarsa bir çox problemlər də həllini tapar.

-Esmira xanım, deyirsiniz ki, yaşlı insanlarla görüşmək sizə daha maraqlı gəlir. Bu günə qədər müsahibə aldığınız ən yaşlı insan kim olub və indi həmin insan yaşayırmı?
-Olub. Mingəçevirdə 126 yaşına qədər yaşayan Sandıq nənə. Onunla bir neçə dəfə həmsöhbət olmuşam. Bir əsrdən çox yaşamağına baxmayaraq problemləri bitməmişdi. Elə o problemləri ilə də bu dünyadan köçdü. Çox maraqlı müsahib idi, 126 yaşında dünyasını dəyişdi.
-O problemlər əsasən nələr idi?
-Bir neçə dəfə onun yaşadığı ünvanda olmuşam. Çox bərbad vəziyyətdə idi evi. Sandıq nənəyə onun 75 yaşlı qızı baxırdı. O da yaşlı olduğu üçün və başqa heç kimləri olmadığı üçün onlara qulluq edən də yox idi. Hər dəfə mən onlara gedəndə evinin bərbad olmasından, aldığı təqaüdün onlara çatmamasından və s. şikayətlənirdi. Amma çox təəssüflər olsun ki, Sandıq nənə bu qədər ömür sürməyinə bamayaraq qızının halından narahat getdi.
-Sizcə jurnalist olmaq çox çətindir? Yaxud da qadınlar üçün bu sənətin əsas çətinliyi nədədir?
-Hansı peşənin sahibi olursansa ol, məncə gərək məsuliyyətin olsun. Jurnalist nə qədər haqlı olsa belə, qarşısındakına sərt olmalı deyil. Təəssüf ki, mətbuatımızda özünü müstəntiq kimi aparanlar, qarşısındakını müqəssir gözündə görənlər də az deyil. Hər şeydən əvvəl düşünmək lazımdır ki, peşə əxlaqı normalarından kənara çıxmaq, jurnalist vəsiqəsindən sui istifadə etmək düzgün deyil. Qadın üçün çətinliyi məncə odur ki, gərək ailən də səni başa düşsün. Əgər ailədə problem yaranmasa heç bir çətinliyi yoxdur. Əsas ailə sənə dəstək olmalıdır ki, işində problem yaranmasın.
-Esmira xanım, son vaxtlar orta məktəblərə jurnalist adı ilə gedənlərin sayı da çoxalıb. Direktorları təhdid və qınaq yolları ilə narahat edir, pul tələb edirlər. Sizcə belə “jurnalistlərin” öhdəsindən necə gəlmək olar?
-Çox gözəl sualdır, düz buyurursunuz. Əlbəttə, belə adamlar gələndə onları ifşa edib qovmaq lazımdır. Çünki onlar yoldan ötən təsadüfi adamlardır. Bir az vəsait ödəyib jurnalist vəsiqəsi alıb bu yollara düşüblər. Bu yaxınlarda bir qadın mənə 100 manata aldığı vəsiqəni göstərib dedi ki,- görürsən, mən də bu gündən jurnalistəm, çoxlu pul qazanacam. Ona dedim ki, səndən jurnalist olmaz, çünki kimdənsə pul tələb edərək ancaq jurnalist adını gözdən salacaqsan. Belələrinə qarşı sərt olmaq lazımdır.
– Esmira xanım, sizi peşəkar, işini sevən, can yandıran bir insan kimi tanıdım və sizə qarşı rəğbətim yarandı, doğrusu rayonda belə bir qadın jurnalistin olmağı bir qədər təəccüblü gəldi mənə. Əlinizdə fotoaparatla tədbirlərdə iştirak edirsiniz, sevincli, bəzən də kədərli anları fotoların yaddaşına köçürürsünüz. Gecə-gündüz demədən hadisə yerinə gedirsiniz, operativ xəbərlər hazırlayırsınız. Sənətinizlə fəxr edirsinizmi?
-Cox saq olun dəyər verdiyinizə görə . Əlbəttə,fəxr ediləsi bir sahədir. Ona görə ki, maraqlı insanlarla qarşılaşırsan, hər bir müsahibdən yeni fikirlər eşidirsən, maraqlı hadisələrdən xəbərdar olursan. Çalışırsan ki, insanlara maraqlı, dolğun xəbərlər çatdırasan.
-İşini, sənətini çox qiymətləndirdiyiniz jurnalistimiz varmı? Yəni özünüzə nümunə saydığınız, ondan öyrənməyə çalışdığınız.
-Şəhərimizdə bir neçə tanınmış jurnalistlər var. Mən ad çəksəm siyahı uzanacaq. Nümunə sayılacaq jurnalistlər var, bəli!
– Jurnalistlərimizin hadisələrə münasibəti sizi qane edirmi? Hadisə baş verən kimi hay-küy salırlar, sonra da hər şey unudulur. Nə araşdırma olur, nə də nəticə. Siz necə, işıqlandırdığınız hadisənin nəticəsi ilə maraqlanırsınız?
-Bu xəbərləri yazanlar elə özləri də hayl-küy adamlarıdır. Jurnalistikadan xəbəri olmayanlardır. Azərbaycanın media mənsubları, həmçinin oxucular araşdırmaçı jurnalistləri yaxşı tanıyır. Lakin bir çox saytlar bəzən xəbəri verməkdə tələsirlər, hec bir araşdırma olmamış xəbəri cəmiyyətə ötürürlər. Bu da ictimaiyyət arasında çaşqınlıq yaradır. Hətta qəza və ya digər pis xəbəri oxuyub hadisənin şokundan ölənlər də olur. Bu kimi xəbərləri verəndə ehtiyatlı olmalıyıq. Bəzən işimiz belə tələb etsə də, amma bu düzgün deyil.
-Şəhərimizə gələn xarici qonaqlarla müsahibələriniz olubmu, kimlərlə müsahibəniz daha çox yadınızda qalıb?
-O qədər olub ki, sayı-hesabı yadımdan çıxıb. Şəhərə gələn bütün, istər xarici ,istərsə yerli qonaqlar olsun, hamısı ilə müsahibələrim olub. Ən çox yadda qalan müsahibəm İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bey Fananie ilə olub. Çox maraqlı insan idi. Şəhərdə hər bir sahə ilə yaxından maraqlanırdı.
-Öz problemləri ilə bağlı sizə müraciət edənlər olurmu və problemlərini həll etməkdə onlara kömək edirsinizmi?
-Olub. Çox köməyim dəyib, yazı yazıb ictimailəşdirmişəm. Xeyri olub.
-Sizcə müsahibə almaq asandır, yoxsa müsahibə vermək?
-Müsahibə jurnalistikanın ən çətin janrıdır. Təcrübəli, peşəkar jurnalistlər demək olar ki, hər zaman müsahibəyə hazır olur və buna maraq göstərirlər. Məncə müsahibə almaq daha asandır.
– Bu peşəyə gəlməyiniz necə olub?
-Bu peşəyə məndə marağı ötən illər işlədiyim qəzetin əməkdaşları olub. Onlardan tanınmış jurnalist Qvami Məhəbbətoğlu, Nicat İntiqam, Səməd Məlikzadə, Əli Cərkəzoğlu və s. olub. Onların yazılarını həvəslə oxuyurdum, bu gün də oxuyuram.
-Esmira xanım, media mətbəxi ilə yaxşı tanışsınız, bir xanım olaraq bəs ev mətbəxilə aranız necədir? Ən çox hansı xörəyi bişirməyi xoşlayırsınız?
-Mətbəx işlərini bu günə qədər özüm həll edirəm. Hər cür dadlı yeməklər bişirməyi bacarıram. Mətbəx işinə gərək həvəsin olsun. Həvəslə bişirilən hər cür xörək dadlı olur.
-Son olaraq:- Dünyaya bir də gəlsəydiniz, jurnalist olardınızmı?
-Məncə yox…
-Müsahibəyə görə təşəkkür edirəm!
-Çox sağ olun.
Müsahibəni Mehparə Rəhimqızı təqdim etdi.
Mingəçevir şəhəri
tezadlar.az