Paşinyan “nə yardan doyur, nə də əldən qoyur”

0
134

Ermənistanda ictimai-siyasi vəziyyət hələ də gərgin olaraq qalmaqdadır. İndi sabiq baş nazir Serj Sarkisyanın tərəfdarları yeni baş nazir Nikol Paşinyana meydan oxumaqdadırlar. Respublikaçılar Partiyasının nümayəndələri Nikol Paşinyanın dövlət idarəçiliyində təcrübəsizliyini əsas gətirərək yeni hökumətdə yer almaq niyyətləri olmadığını bəyan ediblər. Onlar ümid edirlər ki, səriştəsi olmayan yeni hökumət tezliklə uğursuzluğa düçar olacaq. Respublikaçılar 7 iyunda yeni hökumətin proqramı irəli sürüləndən sonra Nikol Paşinyanı nüfuzdan salmaq üçün əməli fəaliyyətə keçəcəklər. Bu isə o deməkdir ki, de-yure hakimiyyətdən uzaqlaşdırılmış, amma de-fakto hələ də ölkədə yaranmış situasiyaya müdaxilə etməkdə olan sabiq baş nazir Serj Sarkisyan hələ marıqdadır və siyasi səhnəyə qayıtmaq üçün əlverişli məqam gözləyir.

Digər tərəfdən, Paşinyan xalqın sosial problemlərini həll etmək niyyətində deyil. Xüsusilə onun dünyada analoqu olmayan üsulla baş nazir seçiləndən sonra Dağlıq Qarabağa gedib oradan siyasətçiyə xas olmayan sərsəm bəyanatlar səsləndirməsi, beynəlxalq hüququn norma və prinsiplərinin əleyhinə getməsi xalqın ümidlərinin üstündən xətt çəkilməsi ilə nəticələnib. Bütün bunlar isə o deməkdir ki,  Ermənistanı regional layihələrdən kənarda qoyan, iqtisadi tənəzzülə aparan, beynəlxalq aləmdə nüfuzdan salan işğalçılıq siyasətinə Nikol Paşinyanın yeni don geyindirmək cəhdləri xalqı hələ çox bəlalara düçar edəcək. Yəni görünən odur ki, Paşinyan Ermənistanı yeni aprel döyüşlərinə sürükləyir. Bu isə o deməkdir ki, Nikol Paşinyanın  xalqa olan sevgisi hakimiyyətə gələnə qədər imiş. O, Serj Sarkisyan hakimiyyətindən cana doymuşların sifarişləri əsasında xalqdan alət kimi istifadə edibmiş. Odur ki, Paşinyan indi onların çaldıqları hər havada oynamağa məcburdur.

…Azərbaycan isə sakit formada və reallığı əks etdirən faktlara müraciət edərək rəsmi İrəvanın cavabını verir və Paşinyanın yerinə yetirilməsi mümkünsüz olan şərtlər irəli sürərək danışıqlar prosesinin pozmağa çalışmasının yolverilməz olduğunu vurğulayır. Üstəlik, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri  çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında söylədiyi fikirlər ermənilərdə qorxu yaradıb. Cənab İlham Əliyev vurğulayıb ki, bu gün ordumuz böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər: “Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər”.

…Paşinyan indi qəliz “siyasət” aparmaqla və özünü çoxbilmiş adam kimi təqdim etməklə hamını intizarda qoymağa səy göstərir. Bu mənada Ermənistanın baş naziri indiki məqamda nə etmək istədiyini heç özü də bilmir. Belə ki, o, “nə yardan doyur, nə də əldən qoyur” taktikası ilə hərəkət edir: bir tərəfdən Qərblə ayaqlaşmaq istəyir, o biri tərəfdən isə Rusiyaya vədlər verir. Bununla da bir əldə iki qarpız tutmaq niyyətindədir. Amma iki əsrdən artıqdır ki, Ermənistanı öz kölgəsində saxlayan və təkcə son 10 ildə bu ölkəyə 5 milyard dollardan çox  dəyəri olan silah yardımı etmiş Rusiyanın Paşinyanın Qərbin maraqları dairəsinə keçməsinə göz yumması əsla inandırıcı görünmür. Başqa sözlə desək, Kreml onun göz yaşlarına məhəl qoymayacaq.

Amma bu bir həqiqətdir ki, Nikol Paşinyan  bu dəfə yağışdan çıxıb yağmura düşmüş xalqdan da dəstək ala bilməyəcək. Bu yerdə Hans Kristian Andersenin bir klassik nağılını xatırlamaq yerinə düşərdi: iki yalançı toxucu  krala başıboş, küt adamların gözünə görünməz parçadan təzə paltar tikməyi vəd edir. Kral yeni “paltar”da öz təbəələrinin qarşısına çıxanda yalnız kiçik bir uşağın ağlı kəsib qışqırır: “Kral lütdür!” Məhz bundan sonra bütün adamlar kralın tamam çılpaq olduğunu deyirlər. Kralı da vahimə götürür: ona elə gəlir ki, camaat haqlıdır, amma mərasimi axıra çatdırmaq da lazımdı axı! Bəli,  Ermənistanda hamı baş nazirin lüt olduğunun artıq fərqindədir. Nikol Paşinyan özü də bunu dərk edir. Görünür, o da əvvəlcədən ssenarisi yazılmış mərasimi davam etdirmək zorundadır.

Həm də bütün bunlar o deməkdir ki, Ermənistanın siyasi dairələri Cənubi Qafqazda sülhün, əmin-amanlığın qəniminə çevrilməkdə israrlıdırlar. Bu isə bölgə əhalisini artıq cana doyurub. Belə olan halda isı  aparıcı dövlətlərin, eləcə  də dünyanın beynəlxalq qurumlarının əlbir olub onlara yerlərini göstərməkdən başqa yol qalmır.

 Qvami Məhəbbətoğlu