“Bələdiyyələr… səy göstərmirlər”

0
52

“Prezident İlham Əliyev son vaxtlar kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə bağlı regionlarda müşavirələr keçirib. Müşavirələrdən irəli gələn tapşırıqların icrasında bələdiyyələrin də rolunun artırılması məqsədilə rayonlarda qəsəbə və kənd bələdiyyələri kənd təsərrüfatı məhsullarının becərilməsi, istehsalı və emalı üzrə müxtəlif profilli müəssisələr yaratmalıdırlar. Ona görə də tövsiyyə edirəm ki, bütün bələdiyyələrdə bu sahələrdə dönüş yaradılsın”.

Bu sözləri Prezident Administrasiyasının Ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov mayın 19-da Kürdəmir rayonunda keçirilmiş Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağında söyləyib.

O qeyd edib ki, Prezidentin fərmanı ilə təsdiq edilmiş 2017-2020-ci illəri əhatə edən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə “Bələdiyyələrin kəndin sosial iqtisadi inkişafı ilə bağlı öhdəliklərinin artırılması” tədbirləri nəzərdə tutulub:

“Bu tədbirlər kənddə bələdiyyələrin açdığı iş yerlərinin sayının 30 faiz artırılmasını, qadınların və gənclərin inkişafına yönəldilmiş proqramların sayının 3 dəfə artırılması kimi hədəfləri özündə əks etdirir. Həmçinin kənd yerlərində xidmət sahələrinin, kənd turizminin və ekoturizmin, qeyri-kənd təsərrüfatı istehsal sahələrinin inkişaf etdirilməsi kimi məsələlərin həllində bələdiyyələrə də tövsiyyələrin yer alması sizin üzərinizə mühüm vəzifələr qoyur.

Kənd bələdiyyələri üçün xarakterik məsələlərdən biri də kənd təsərrüfatının inkişafına dəstək olmaqdır. Son illər ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı ölkə başçısı tərəfindən həyata keçirilən siyasət nəticəsində kənd təsərrüfatının inkişafı ən mühüm istiqamətlərdən birinə çevrilib. Hər il respublikanın ayrı-ayrı regionlarında müxtəlif müşavirələr keçirilir. Bununla bağlı ölkə başçısı tərəfindən fərman və sərəncamlar verilir. Nəticədə pambıqçılıq, fındıqçılıq, üzümçülük, taxılçılıq, ipəkçilik, tütünçülük və digər sahələri sürətlə inkişaf edir. Təbii ki, bu istiqamətdə dövlətin həyata keçirdiyi nəhəng proqramlar öz bəhrəsini verir. Bununla bağlı kənd bələdiyyələrinin də üzərinə müəyyən vəzifələr düşür. Bələdiyyələr bu proseslərdən kənarda qalmamalı, sakinlərlə ətraflı izahat işləri aparmalı, bir sözlə qeyd olunan məsələlərdə daha yaxından iştirak etməlidirlər”.

Bələdiyyələrin normal fəaliyyətinin təmin edilməsi üçün dövlət hakimiyyət orqanlarının bələdiyyələrin inkişafı üçün zəruri tədbirləri davamlı olaraq həyata keçirdiyini diqqətə çatdıran Emin Eyvazov 2017-ci ildə ölkə bələdiyyələrinin ümumi büdcə gəlirlərinin 2016-cı ilə nisbətən 14,1 faiz artaraq 36.079.400 manat təşkil etdiyini bildirib.

E. Eyvazov bələdiyyələrin yerli vergi və ödənişlərdən başqa digər maliyyə mənbələrinin yaradılması istiqamətində heç bir səy göstərmədiklərinə ciddi iradını bildirərək qeyd edib ki, 3 bələdiyyə – Sabunçu rayonunun Bakıxanov, Zaqatala rayonunun Əliabad, Samux rayonunun Sərkar bələdiyyələri istisna olmaqla ölkə bələdiyyələrinin heç birində əlavə gəlir gətirə bilən istehsal, xidmət və ya hər hansı digər fəaliyyətlə məşğul olan bələdiyyə müəssisəsi yaradılmayıb.

“Bu istiqamətdə bələdiyyə sədrləri ciddi düşünməli, xüsusən də aqrar yönümlü istehsal və emal müəssisələrinin yaradılması üzrə fəaliyyətlərində dönüş yaratmalıdırlar”, – deyə E. Eyvazov vurğulayıb.