Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirildi

0
45

Mayın 18-də Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirildi.

Mərasimi muzeyin direktoru, Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova açaraq 18 may – Beynəlxalq Muzeylər Günü haqqında məlumat verdi. Bildirdi ki, əlamətdar gün İCOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Məqsəd muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdən ibarətdir.

Qeyd olundu ki, bu əlamətdar tarixlə bağlı dünyada müxtəlif tədbirlər təşkil edilir.  Bu il Muzeylər günü “Hiperkommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriyalar” mövzusuna həsr olunub.

Direktor vurğuladı ki, Muzeylər günü qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş qeyd edilir. Xalça Muzeyi tərəfindən “Öz ilməni toxu” adlı interaktiv instalyasiya hazırlanıb. Muzeyin foyesində zili xovsuz xalça növünü toxumaq üçün üç böyük çərçivə-hana quraşdırılıb: “Azərbaycan Xalça Muzeyi artıq bir neçə ildir ki, qədim xalçaçılıq texnikalarını yenidən dirçəldir. Zili də onlardan biridir və ən qədim xalça növünə aiddir. Ziyarətçilərə xalçaçılığın bu mürəkkəb və gözəl xovsuz xalça texnikasının nümunəsi üzərində toxu prosesini tədris etmək Azərbaycanda muzey sahəsində həyata keçirilən ilk interaktiv təcrübədir”.

Bildirildi ki, keçmiş SSRİ respublikaları arasında ilk olaraq 1993-cü ildə ölkəmizdə İCOM-un Azərbaycan Milli Komitəsi təsis edilib.

Şirin Məlikova onu da qeyd etdi ki, 18 may Azərbaycan üçün həm də acı bir tarixdir. Ölkəmizin dilbər guşələrindən olan Laçın rayonu 1992-ci ilin bu günündə Ermənistan tərəfindən işğal edilib. Ümumilikdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonun işğalı nəticəsində 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi, o cümlədən 22 muzey, 4 rəsm qalereyası erməni faşistləri tərəfindən dağıdılıb. Direktor əmin olduğunu bildirdi ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində işğal altındakı bütün torpaqlarımız azad ediləcək.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə muzey işinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Vurğulandı ki, Azərbaycanda muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini həssaslıqla duyan ulu öndər respublikada muzey şəbəkəsinin genişləndirilməsini, maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Son illər bu sahənin inkişafı ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən sərəncamlar imzalanıb, muzeylər yeni binalarla təmin edilib, ekspozisiyaları yenilənib. Bu layihələrin həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva böyük dəstək olur: “Muzeylər mənəvi dəyərləri toplayır, qoruyur və təbliğ edir. Respublika muzeylərində bu baxımdan böyük iş aparılır. Bununla yanaşı, muzey işinin gücləndirilməsi, yeni muzeylərin yaradılması və onların yeni eksponatlarla zənginləşdirilməsi daim diqqət mərkəzindədir. Bu yeniləşmə ölkəmizin tarixi-mədəni irsinin, bugünkü inkişaf səviyyəsinin təqdimatı baxımından çox vacibdir. İndi muzeylərimiz günün müasir tələblərinə uyğun, beynəlxalq təcrübədən yararlanaraq öz işlərini daha da gücləndirməli, ölkəmizin zəngin mədəni irsinin tanıdılmasına öz töhfələrini verməlidirlər”.

Əbülfəs Qarayev çıxışının sonunda bir daha Beynəlxalq Muzeylər Günü münasibətilə muzey işçilərini təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək əlamətdar günün əhəmiyyətindən söz açdılar. Ölkəmizdə bu sahədə həyata keçirilən layihələrdən danışdılar.

Sonda akademik Nailə Vəlixanlı, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovaya İCOM-un diplomları təqdim olundu.

Qeyd edək ki, hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir. Beynəlxalq Muzeylər Günü münasibətilə ölkəmizin bütün muzeylərində “açıq qapı” aksiyaları keçirilir.