Sakinlər istidən yanan ağacların halından yana-yana danışdılar

0
125

Mingəçevirdə  D.Əliyeva, M.V.Vidadi, 20 Yanvar, H.Əliyev 26, 27, 28-ci kvartalın sakinləri ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçsı Niyazi Bayramovun növbəti səyyar görüşü keçirilib. Görüşdə əvvəlcə sakinlər son illər şəhərdə  yaradılan səliqə-səhman, abadlıq-quruculuq işlərinin ürəkaçan olduğunu bildiriblər. Sakinlər həmçinin söylləyiblər ki, Mingəçevir həmişə yaşıllığı ilə seçilən şəhərlərdən olub, həm də bol sulu bir şəhər olub. Lakin son bir neçə ildə “Azərsu” tərəfindən alınan şəhərin suyu ancaq içməli su kimi əhaliyə sayğaclar vasitəsi ilə satılır. Bundan da daha çox şəhərin yaşıllığı əziyyət çəkir. Artıq havalar isindikçə bu problem aktuallaşır.

Görüşdə şəhər ağsaqqalı Ağagül Əliyev şəhərlə yaşıd olduğunu deyib: “Bir yaşımdan bu şəhərdə yaşayıram. Son illər Mingəçevirdə aparılan abadlıq–quruculuq işləri hamı kimi mənim də ürəyimcədir. Buna görə ölkə rəhbərliyinə və Niyazi Bayramova minnətdarlığımə bildirirəm. Biz parklara, xiyabanlara çıxanda sanki yenə gəncləşirik. Amma bəzi küçələrin işıqlanma sistemi olmadığından qaranlıq küçələr sanki bizdən imdad istəyir. Binalarımızın zirzəmiləri suyun içindədir. Bu biz sakinləri çox narahat edir. Qarşıdan isti yay günləri gəlir. Bu problemlə bağlı aidiyyatı quruma dəfələrlə şikayət etmişik, amma səsimizi eşidən yoxdur”.

Bütün problemləri dinləyən başçı çıxışında bildirib ki, hələ görüləsi işlər çoxdur: “Amma onu da demək yerinə düşərdi ki, ötən il 4 məhəllədə işıqlandırma sistemi quraşdırılıb. Bu il isə daha 5 məhəllənin işıqlandırma sistemi quraşdırılır. 20 xeyir–şər mağarı isə bələdiyyə tərəfindən bərpa ediləcək. Qaldı ki, su problemi… Mingəçevirdə texniki su yoxdur. Bunun üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırmışıq. Tərəfimizdən park və xiyabanlarda su xətləri çəkilib,  buradakı yaşılıqiar mütəmadi suvarılır. Digər ərazilərdə olan yaşıllıqların qorunması üçün su maşınlarından istifadə edilir. Düzdür bu çətinlik yaradır. Məsələ öz həllini tapana qədər bu üsuldan istifadə edəcəyik. Bütün işlər mərhələ-mərhələ görüləcək, yaranan problemlər aradan qaldırılacaq.

Esmira Hidayətova, Mingəçevir