Goran körfəzində balıqların kütləvi ölüm səbəbi müəyyənləşib

0
14

Mingəçevir Su Anbarının Goran körfəzində balıqların ölümü ilə bağlı sosial şəbəkədə yayılan görüntülərin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib. Baxış zamanı Goran körfəzinin dayaz sulu sahələrində çoxlu sayda ölmüş çapaq balığı aşkarlanıb. Balıqların ölüm səbəbini aydınlaşdırmaq məqsədilə su anbarının müxtəlif nöqtələrindən su və balıq nümunələri götürülərək ümumi bioloji, morfoloji, fizioloji və histoloji analizlər aparılıb. Analizlərin nəticələrinə görə, götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.

Məlumata görə, körfəzin dayaz sulu sahələrində suyun temperaturunun yüksəldiyi, nümunələr götürülən günü balıqların yaşadığı mühitin fiziki-kimyəvi vəziyyətinin əlverişsiz olduğu müəyyənləşdirilib. Ehtimal edilir ki, balıq orqanizminin bu dəyişikliklərə uyğunlaşmaması onların ölümünə səbəb ola bilər.

Nazirliyin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu mütəxəssislərinin rəyinə görə, son 10 ildə yaz aylarında balıqların kütləvi çoxalma miqrasiyası zamanı Azərbaycanın bir çox körfəzlərində – Dəvəçi limanı, Kiçik Qızıl Ağac körfəzi, Mingəçevir Su Anbarının kiçik körfəzlərində, həmçinin Kür çayının aşağı axar, axmazlarında müşahidə olunan balıqların oxşar kütləvi tələfatı son dövrdə iqlim dəyişiklikləri, o cümlədən havanın qəflətən anomal istiləşməsi, balıqların yaşama su mühitində hidrofiziki göstəricilərinin qeyri-optimal dəyişilməsi və bununla əlaqədar ən həssas olan çoxalma miqrasiyası prosesində balıq orqanizminin bu dəyişikliklərə evolyusion-genetik olaraq fizioloji uyğunlaşmaması ilə bağlıdır.

Qeyd edək ki, çapaq balığı çoxalmaq üçün martın axırlarından başlayaraq mayadək əsasən Mingəçevir Su Anbarının dayaz körfəzlərinə gəlir və burada çoxalır. Həmin balıqlar sakit axan, sualtı bitkilərlə zəngin su mühitinə üstünlük verirlər. azərtac