Vətən ürəklərdən başlayır

0
18

Vətən-

dünyaya göz açdığım

evdən-eşikdən,

ağuşunda mışıl-mışl uyuduğum

o isti beşikdən başlayır.

Vətən-

“Laylay dedim, yatasan”-

deyən analarımızın

bal dadan kövrək laylasından,

nənələrimizin sirli-sehirli

nağıl dünyasından başlayır.

Vətən-

ata-babalarımızın canından keçdiyi,

uğrunda şəhidlik şərbətini içdiyi

torpaqdan başlayır.

 

Vətən sevgisi Ələsgər Talıboğlunun bütün şeirlərinin ruhuna hopub. O, nədən söz açırsa, bu sevgini misralarına səpələyir. Deyir ki, “Vətən sevgisi Gecələr yuxularımıza girən sehrli, sirli butadır. Övlad sevgisinə bənzər  Vətən sevgisi-acısı da bal dadır”. Onun bir çox şeirləri “Vətən” adıyla  başlayır. Bu tərənnüm şeirlərində də çalışır ki, o sevgini poeziya dili ilə ifadə etsin. Amma  Ələsgər Talıboğlu Vətənin gözəlliklərindən, təbiətindən,                öz doğma kəndindən, ata ocağından yazdığı şeirlərdə  bu sevgini daha duyğulu ifade edir.

 

Zirvələrdə ağ örpəyə bürünər,

Təpələrdə bəyaz duman sürünər,

Gül qoynunda əlvan günəş görünər,

Əzəli yurd yerim,ay Gözəldərəm.

 

***

 

Yaman qəribsəyib ayaq izlərim,

Süsənim sünbülüm,o nərgizlərim.

Yarpızlı, yosunlu o kəhrizlərim,

Könül qubarımdır,silə bilmirəm.

 

O Heşin bağları,o Söyüdbulaq,

Zeydərə, Pəydərə, o Ardıclı dağ,

Şirin  duyğuların qüdrətinə bax,

Həsrətdən ölürəm, ölə bilmirəm.

 

***

 

Külə dönüb otlaqları, bağları,

Sürüsüzdür obaları, dağları.

Göyə çıxıb o zamankı çağları,

O kənd  nədən yetim qalıb görəsən?

 

Vətən sevgisi ilə yoğrulan bu misralarda iftixar hissi də var, şikayət, etiraz duyğusu da. Deməli, Vətəni sevmək də var, onun bir kəndinin “yetim qalmasından” doğan nigarançılıq da. Onun Qarabağa həsr etdiyi şeirlərində o sevgi daha artıq hiss olunur. Şair igidlərimizi döyüşə səsləyir, “Çağırın meydana ərənlər gəlsin”,-deyir.

Ələsgər Talıboğlu heca şeirinin qanadlarında poeziyaya gəlib.

Çoxlu qoşmaları, gəraylıları var və hiss olunur ki, xalq poeziyasına, şeirimizin qədim örnəklərinə yaxşı bələddir.

Ələsgər Talıboğlunun yurd sevgisini ifadə edən şeirləri çoxdur və əlbəttə, arzu edirik ki, o eyni mövzuda yazdığı şerilərində mümkün qədər təkrardan qaçsın.

“Nə qədər qanımda yurd həsrəti var, Demək ki sən varsan, sən varsan, Vətən”- təbiidir bu misralar, amma başqa bu mövzulu şeirlərində eyni fikir bir neçə dəfə təkrar olunur.

Adil Mirseyid yazırdı ki: “Tənha bir ağac var yol kənarında-o tənha ağac bəlkə elə Ələsgər Talıboğlunun özüdür.

 

Alovmu yandırıb, yağmurmu döyüb,

Yalqızlıq uyuyur budaqlarında.

Vüsal həsrətində qovrulub bəlkə,

Nəğmələr susubdu  yarpaqlarında”.

 

Mən isə başqa cür düşünürəm. Ələsgər Talıboğlu yol kənarında yox, bu rəngbərəng reklamlarla, insan izdihamı ilə, bu tıxaclarla dolu şəhərdə özünə yer tapa bilməyən bir kənd adamıdır, ya da kənddən qopub şəhərin qərib bir guşəsinə sığınan balaca bir qaya parçasıdır. O balaca qaya parçası heç cür qopub ayrıldığı dağa qayıda bilmir. Özünə yer tapa bilmir və onun yurd yanğılı şeirləri də elə bu hisslərdən yaranır.

 

Vaqif Yusifli

filologiya elmləri doktoru.

11 mart 2015-ci il

“Ədalət” qəzeti