Sakinlər başçı ilə görüşdə problemlərindən danışdılar

0
125

Mingəçevir İcra  Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə növbəti səyyar qəbul keçirib. Başçısının keçirdiyi görüş bir daha göstərdi ki, adamlar indi təkcə öz şəxsi dərd-sərlərini deyil, şəhərin problemlərini də dilə gətirirlər. Bu dəfə şəhərin N.Nərimanov prospektinin sakinləri ilə görüş olub.

Məktəbin akt zalında keçirilən görüşdə başçı bildirib ki, ölkə  rəhbəri cənab İlham Əliyevin tapşırığına əsasən, əhalinin problemlərini öyrənmək üçün  şəhərin aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərləri ilə birgə belə görüşlər təçkil olunur. Belə tədbirlər, həm də hər dəfə icra hakimiyyətində keçirilən qəbula  gələ bilməyən sakinlərin problemlərinin öyrənilməsi baxımından məqsədəuyğundur. Biz  də buna  həssaslıqla yanaşır, vətəndaş müraciətlərini ciddi araşdırılaraq lazımi tədbirlər görürük”.

İcra başçısı daha sonra Dövlət proqramları sayəsində şəhərdə görülmüş işlərdən söz açıb. O, dövlət siyasətinin əsasında əhalinin sosial müdafiəsinin və problemlərinin durduğunu faktlarla əsaslandırıb. İcra başçısı bildirib ki, Mingəçevirdə 650 çoxmərtəbəli bina var: “Bu binalardan 592-nin dam örtüyü dəyişdirilib. Yalnız 58 bina qalır. Onların da dam örtükləri vəsait olan kimi dəyişdiriləcək. Biz bilirik ki, bütün sakinlər bu cür şəraitdən yararlanmaq istəyir. Mingəçevirdə bütün binaların dam örtükləri mərhələ-mərhələ dəyişdiriləcək”.

 

N.Nərimanov prospektinin sakinləri dam örtüklərindən, məhəllələrin asfalt yollarından, su-kanalizasiya sistemindən gileylənməklə yanaşı, zirzəmilərin su ilə dolu olmasından, həmçinin vaxtlı-vatında dərmanlanmamasından da söz açıblar. Onlar bildiriblər ki, müraciətlərimizə aidiyyatı qurumlar baxmır. Zirzəmiləri dezinfeksiya stansiyası dərmanlamır. Elə bu səbəbdəndə ağcaqanad və digər həşəratlar evlərə daraşır. Görüşdə Toxuculuq kominatının yataqxanasının sakinləri binalarının qəzalı vəziyyətdə olmasından danışıblar.

Həyətlərdə zibil qutularının az olması da sakinlər tərəfindən dilə gətirilib.

Sonda Niyazi Bayramov vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə tədbirlər görüləcəyini qeyd edib, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

Esmira Hidayətova, Mingəçevir