“Hədəfim 700 bal toplamaqdır”

0
272

Mingəçevir şəhər 4№ -li tam orta məktəbin XI sinif şagirdi Zərif Qazi Azər qızı Fənn Olimpiadalarının Respublika turunda coğrafiya fənni üzrə III yerə çıxaraq, bürünc medal qazanıb. Bununla bağlı Mingəçevir  4 saylı məktəbin direktoru Azər Qazıyev bildirib ki, 2017-2018-ci il tədris ilində məktəblər üzrə keçirilmiş fənn olimpiadalarında 4 saylı məktəbin 20 nəfər şagirdi  şəhər turunun qalibi olub: ”Şəhər turundan zona turuna isə cəmi 3 şagirdimiz keçə bilib. Onlardan ikisi  (onlar 11 ci- sinif şagirdləridir) coğrafiya fənni üzrə, biri isə (o, 9-cu sinif şagirdidir) ana dili fənni üzrə fərqlənib. 3-cü turda isə bir nəfər şagirdimiz – 11 ci sinif şagirdi Zərif Qazi Azər qızı respublika turuna vəsiqə qazanıb. Respublika turu həqiqətən çox gərgin keçib. Belə ki, bu mərhələyə 11-ci siniflərdən  121 nəfər şagird 100, 140 nəfərə yaxın şagird isə 96 balla keçib. Respulika turunda şagirdimiz Qazi Zərif 33 balla respublika üçüncüsü olub və bürünc medal qazanıb”.

Bu uğura görə bütün müəllimlərə təşəkkürünü bildirən direktor həmçinin deyib: “Ən böyük sevincimiz odur ki, məktəbimizin uğurları ilbəil artır”.

Fənn Olimpiadalarının bürünc medal sahibi Qazi Zərif bizimlə söhbətində ali məktəbə qəbul zamanı hədəfinin 700 bal olduğunu söyləyib: ”Buna nail olmaq bir qədər çətin görünür. Amma mənə elə gəlir ki, zəhmətlə məqsədə çatmaq mümkündür”. Onun sözlərinə görə, respublika turundakı uğurunun təməlində də durmadan çalışması önəmli rol oynayıb: “9- cu sinifdən belə nəticələr əldə etmək məqsədi ilə olimpiadalara qatıldım. İlk addImlardan uğur qazana bilmədim. Amma həvəsdən düşmədim. Çalışdım və yenə çalışdım. Nəticədə belə bir nailiyyətə imza ata bildim. Bir daha deyirəm ki, hər uğurun əsasını zəhmət təşkil edir”.

Daha sonra o, valideynlərindən və müəllimlərindən söz açıb: “Belə uğur əldə etməyimdə hər kəsdən öncə atama borcluyam. Sonra da məni bu fənnə kökləyən Nailə xanıma….Bu sahəyə məni o həvəsləndirib”.

Esmira Hidayətova,Mingəçevir.