Mixail Leontyev: “Erməni dövlətinin peyda olmasının səbəbi bizik”

0
66

Bir müddət öncə İrəvandakı aksiyalara görə erməniləri sərt şəkildə tənqid edən rusiyalı jurnalist, “Rosneft”in mətbuat katibi Mixail Leontyev yenidən gündəmə gəlib.

alpaninfo.com axar.az-a istinadən xəbər verir ki, Leontyev ermənilərə qarşı səsləndirdiyi tənqidlərlə bağlı “Moskva-Bakı” portalına danışıb.

Həmin müsahibəni təqdim edirik:

– “Komsomolskaya Pravda” radiosunda çıxışınız zamanı siz erməniləri qardaş Azərbaycan xalqı ilə münasibətlərə kölgə salmamağa çağırdınız. Bununla belə, qeyd etdiniz ki, ermənilər də əvvəlki kimi qardaş xalq olaraq qalır, amma Ermənistanın özü tarixi baxımdan həmişə Rusiya üçün əngəldir. Bu çıxışınız Ermənistanda – həm Paşinyan, həm də Sərkisyanın tərəfdarları arasında etirazlara səbəb oldu. Siz nəyi nəzərdə tuturdunuz?

– Birincisi qeyd etmək istəyirəm ki, radioda dediyim kimi, bu məsələdə mən “Rosneft” şirkətinin yox, yalnız öz şəxsi mövqeyimi sərgiləyirəm. Şirkət Ermənistan qarşısında öhdəliklərinin hamısını icra edir və bundan da çox məmnundur. Mən öz şəxsi mövqeyimi ifadə etmək haqqına sahibəm. Bu, siyasət, mədəniyyət haqqında danışıqlardır və kompaniyanın fəaliyyətinə heç bir aidiyyəti yoxdur.

Bizim Azərbaycanla çox yaxşı münasibətlərimiz var. Əgər bu problem olmasaydı, indi daha yaxşı olardı. Aydındır ki, Rusiya hazırkı məsələdə balans yaradıb, Ermənistan və Azərbaycanla münasibətləri dəstəkləyir.

Digər tərəfdən, bizim Ermənistan qarşısında öhdəliyimiz var. Ermənistan həqiqətən qardaş ölkədir və həqiqətən bu öhdəliklər tarixi xarakter daşıyır. Biz onlardan imtina etmirik.

Mən Ermənistanı əngəl adlandıranda konkrekt məqamı nəzərdə tutmuşam. İnsanlar anlamalıdır ki, Rusiya öz müttəfiqləri üçün qurban verməyə hazırdır. Düşünmürəm ki, ermənilər bilərəkdən Rusiyaya qarşı seçim edirlər. Heç vaxt bu problemlər mitinqlə həll edilmir. Bu nə Qahirədə, nə Bişkekdə, nə Kiyevdə, nə də Moskvada belə olub. Hər bir halda pozitiv odur ki, Paşinyan mitinqdə yox, parlamentdə baş nazir seçilib. Bu isə Allaha şükür ki, inqilab deyil.

Paşinyan indiyə qədər Qərblə oynayan demaqoq kimi tanınıb. Dünyada ən çoxheyətli ABŞ səfirliyinin Ermənistanda olması faktı təsadüfi deyil. Sərkisyanın gedişi və Paşinyanın gəlişi bununla birbaşa əlaqəlidir.

İndiki reaksiyaya gəlincə isə ermənilər inciyiblər. Onlar əvvəllər də incik olub. Fərqli yönlər barədə Sərkisyan və adamları da danışırdı. Mən o zaman soruşurdum ki, hansı fərqli yönlərdən söhbət gedir. Ermənistan üçün bir yön Rusiyadır, ikinci yön isə Avropa, yəni Türkiyədir.

– Bəs niyə yalnız Türkiyə? Ermənistan üçün əsas istiqamət və dəstək yenə də Fransa və ABŞ-dakı güclü diaspor olaraq qalır.

– Əgər belə dəstəyiniz var, niyə o zaman bu qədər kasıbsınız? Bu varlı diaspor təkcə Amerikada nüfuzlu deyil. Onlar həm İran, həm də Livanda mövcuddurlar. Rusiyadakı böyük diaspor da zəif deyil. Siz diaspora da qarşı qalxın. Sizin korrupsiyaya görə Sərkisyanla probleminizmi var? Krasnodar vilayətindəki erməni icması arasında korrupsiya yoxdurmu? Livanda korrupsiya yoxdurmu? Orada da korrupsiyanı Sərkisyan yaradıb?

Dəliliyin ilkin mərhələsində olan xalqa bu haqda deyəndə, o inciyir. Dəlilik başlanğıc mərhələdədir, hələlik ümid var.

– Ermənistanın Moskvadakı səfiri Toqonyan sizin ünvanınıza tənqidi bəyanatla çıxış etdi. Rusiya Erməniləri İttifaqı sizin haqqınızda millətlərarası münasibətləri qızışdırmaq ittihamı ilə prokurorluğa şikayət verdi.

– Məni antierməni əhval-ruhiyyəsinin alovlandırılmasında ittiham edirlər? Mənim çıxışım tamamilə erməniyönlüdür. Yalnız özününkülərlə səmimi və sərt danışmaq olar. Yadlarla isə diplomatiya lazımdır.

Ermənistan suveren dövlətdir, onun suverenliyini heç kim əksiltmir. Anlamaq lazımdır ki, onun suverenliyinin yeganə zəmanətçisi Rusiya olaraq qalır. Təkcə suverenlik yox, həm də erməni dövlətinin indiki qaydada peyda olması və mövcudluğunun səbəbi bizik.

– Paşinyan Rusiya ilə münasibətləri qırmayacağını deyir. Siz qorxursunuz ki, o, zamanla NATO ilə yaxınlaşmağa cəhd edəcək?

– Bilmirəm Paşinyan nə istəyir, amma qorxuram ki, situasiya daha pis formada inkişaf edəcək. Biz Ukrayna variantını gördük. Altı-yeddi il əvvəl bunu təsəvvür etmək olardımı? Mən ukraynalılara deyirdim ki, siz NATO-nun Avropa Birliyinin sublimasiyası olduğunu düşünürsünüz. NATO Rusiyanı özünə hədəf seçən hərbi-siyasi ittifaqdır. Siz buraya girmək haqqına sahibsiniz, amma əvvəlcə yaxşı düşünün: siz bizə atəş açacaqsınız? Onlar mənə deyirdilər ki, bizi qorxudursunuz, bu imperiya demaqogiyasıdır. İndi görürsünüz nə baş verir?