Azərbaycan Xalq Cümhurriyyəti təsviri sənətdə

0
24

Yüz il əvvəl xalqımızın əldə etdiyi müstəqilliyin – Azərbaycan Xalq Cumhuriyyətinin 23 aylıq mövcudluğunun uzun illər ərzində kölgədə qalması, onun fəaliyyətinin qapalı bir mövzuya çevrilməsi heç şübhəsiz ölkəmizi işğal etmiş kommunist-bolşevik rejiminin əsl xislətinin göstəricisi idi. Yalnız ötən əsrin səksəninci illərinin sonlarında Azərbaycan ictimaiyyəti müxtəlif yollarla AXC və onun liderləri barəsində müəyyən informasiya əldə edə bildilər. Bundan sonra – ölkəmizin ikinci dəfə müstəqillik əldə etməsi isə gizli arxivlərin açılmasına, bizə iki ilə yaxın müddətdə azadlığın nə olduğunu dadızdıranlar haqqında bir-birindən maraqlı məlumatlarla tanış olmağa şərait yaratdı. Bütün bu informasiya bolluğu həm də yaradıcı insanlarımıza işıqlı əməlləri ilə adlarını tarixə qovuşduran soydaşlarımıza bədii münasibət göstərmək üçün yaradıcılıq imkanı verdi. Bunun sayəsində Azərbaycanın təsviri və tətbiqi sənət ustaları Xalq Cumhuriyyətinin qısamüddətli fəaliyyətinə yaddaqalan “bədi güzgü” tuta bildilər.
Rəngkarlıq sahəsində yaradılan əsərlər arasında həm süjetli kompozisiyalar, həm də portretlər çoxluq təşkil edir. Dünyasını vaxtsız dəyişmiş gənc rəssam Ceyhun Həmzəyevin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında diplom işi olaraq ərsəyə gətirdiyi “Cumhuriyyət” tablosu tamaşaçısını xəyalən respublika yaranmasının elan olunduğu məkana qaytarır. Yaşıl örtüklü masa ətrafında xalqımızın yeni tarixini yaradanlar, bir qədər aralıda isə bu unudulmaz ana şahidlik edən əqidə dostları təsvir olunublar. Baş verən məqamın gərginliyini inandırıcı tutumda ifadə etməyə nail olan rəssam, son nəticədə tarix əhəmiyyəti birmənalı olan hadisəyə yaddaqalan bədii tutum verməyə nail olmuşdur…
Mərhum fırça ustası Arif Məmmədovun çəkdiyi “Cumhuriyyət liderlərinin Gəncədə qarşılanması” əsərində isə müstəqilliyin əldə olunmasından sonra Bakıda fəaliyyət göstərməsi mümkün olmayan AXC hökumətinin Nizami yurduna gəlişi təsvir olunub. Qədim Gəncənin fonunda görüntüyə gətirilən Cumhuriyyət liderlərinin və onları sevinclə qarşılayan yerli əhalinin görüşü rəssam tərəfindən duyulası reallıqla işlənib. Bu da tamaşaçıya adları əbədiyyətə qovuşmuş tarixi şəxsiyyətləri tanımağa imkan vermişdir…

Tanınmış fırça ustası Faiq Abdullayevin çəkdiyi tablo da Gəncə ilə bağlıdır. Amma burada xilaskar Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi təsvir olunmuşdur. Bu ordunun cəsur komandirlərdən birini – Nuru paşanı at belində qədim şəhərin küçəsində görüntüyə gətirən rəssam, əldə olunmuş müstəqilliyin qorunmasında əvəzsiz xidmətləri olan bu cəsur şəxsin və onun silahdaşlarının xatirəsinə ehtiramını ifadə etməyə nail olmuşdur…
Çoxfiqurlu kompozisiyadan ibarət olan digər bir tabloda – “Nuru paşa” rəngkarlıq əsərində də cəsur komandirin obrazı canlandırılmışdır. Bu tarixi janrlı lövhəni gənc rəssam Bəxtiyar Yusibov Azəraycan Dövlət Rəssamlıq Akademiyasında diplom işi olaraq çəkmişdir. Qafqaz İslam Ordusunun liderlərindən birini bəyaz at belində təsvir edən fırça ustası, onu qorxmaz əsgərlərinin təsviri ilə əhatələndirməklə, dinamikliyi cəlbedici olan yaddaqalan əsər yarada bildiyini sərgiləmişdir.

Görkəmli fırça ustası, Xalq rəssamı Oqtay Sadıqzadə, Əməkdar incəsənət xadimi Eyyub Məmmədov və Əməkdar rəssam Rais Rəsulzadənin çəkdiyi rəngkarlıq tablolarında AXC-nin qurucularından biri olam Məhəmməd Əmin Rəsulzadənin obrazı canlandırılmışdır. Bu portretlərdə zamanında səsləndirdiyi “Bir kərə yüksələn bayraq, bir daha enməz” çağırışı dillər əzbər olan M.Ə.Rəsulzadənin yüksək bədii-estetik məziyyətli surəti yaradılmışdır…
Tanınmış tişə ustalarının yaradıcılığında da bu obrazın forma-biçim və plastika rəngarəngliyi ilə diqqətçəkən obrazları mövcuddur. Xalq rəssamı, akademik Ömər Eldarov və Cavanşir Dadaşovun yaratdığı kompozisiyalar bu qəbildəndir.
Azəbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşəbbüsü ilə 2014-cü ildə keçirilən “Əsrlər-nəsillər” adlı müsabiqə-sərgisinin nəticəsində də qürurdoğuruculuğu birmənalı olan şərəfli keçmişimizin yaradıcılarını tərənnüm edən maraqlı rəngkarlıq, heykəltəraşlıq, qrafika və tətbiqi sənət nümunələri ərsəyə gətirilmişdir. Bu mənada heykəltəraşlardan Xalq rəssamı Xanlar Əhmədov, Əməkdar rəssam Arif Qazıyev, Azad Əliyev və Nəriman Məmmədovun, qrafiklərdən Xalq rəssamı Arif Hüseynovun, Əməkdar rəssam Teymur Rzayevin, qobelen ustası Adil Şıxəliyevin və başqalarının adlarını çəkmək olar. Onların müxtəlif janrlı əsərlərində üçrəngli bayrağımızın ideya müəllifi Əli bəy Hüseynzadənin, general Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovun (tablo,heykəl və qrafika), Nuru paşanın (heykəl), Zivər bəy Əhmədbəyovun (heykəl), Fətəli xan Xoyski (heykəl), bəstəkar Üzeyir Hacıbəyli və Əhməd Cavadın (heykəl) özünəməxsus bədii tutuma malik olan obrazları ilə qarşılaşmaq mümkündür.
Fətəli xan Xoyskinin Tiflisdə (müəllifi Azad Əliyev), Əli bəy Hüseynzadənin Salyanda (müəllifi Nəriman Məmmədov), Zivər bəy Əhmədbəyovun Bakıda (müəllifi Natiq Əliyev), Nuru paşanın Bakıda (müəllifi Arif Qazıyev), Məhəmməd Əmin Rəsulzadənin Novxanıda (müəllifi Cavanşir Dadaşov) ucaldılmış abidələrində obrazların yüksək mənəvi-psixoloji keyfiyyətlərinə yaddaqalan plastik həll verildiyindən onların hər biri yerləşdikləri məkanların dominantına çevrilən estetik qaynaq kimi qəbul olunurlar.
İstedadlı tişə ustası Azad Əliyevin yaratdığı “Üzeyir Hacıbəyli və Əhməd Cavad” kompozisiyası isə forma-biçiminə və daşıdığı yüksək estetik məziyyətlərinə görə müasir Azərbaycan heykəltəraşlığında yeni söz kimi dəyərləndirilməyə layiqdir. İkifiqurlu abidədə – bəstəkarı royal arxasında, şairi isə ayaq üstə – şeir oxuyan vəziyyətdə təsvir edən A.Əliyev, sözün əsl mənasında milli himnimizin müəlliflərinə layiqli abidə yaratmağa nal olmuşdur. 2010-cu ildə Şəmkirdəki İstiqlal parkında ucaldılmış bu abidə ölkə prezidenti İlham Əliyev tərəfindən də yüksək dəyərləndirilmişdir.
Bu günlərdə də təsviri və tətbiq sənət ustalarımız Xalq Cumhuriyyət mövzusuna müraciət etməkdədirlər. Sənətsevərlər həmin yeni əsərlərlə yubiley günlərində təşkil olunacaq əhatəli bədii sərgidə tanış olacaqlar.

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi,
“Sənətşünaslığın təbliği” ictimai birliyinin sədri .