“Bir neçə beynəlxalq media qurumunun işğal olunmuş ərazilərimizə səfərinə icazə verilib”

0
45

Ermənistanın yeni baş naziri Xankəndidə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla əlaqədar artıq “Financial Times”, “Associated Press”, “Agence France Press” kimi media qurumlarının rəsmi məktubla Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edərək işğal olunmuş ərazilərə səfər etmək üçün Azərbaycan hökumətinin icazəsini xahiş etdiklərini bildirib. O qeyd edib ki, sözügedən beynəlxalq KİV-lərin ölkəmizin qanunlarına, ərazi bütövlüyünə və suverenliyinə, həmçinin beynəlxalq hüquqa hörmətlərini nəzərə alaraq, onların nümayəndələrinin işğal olunmuş ərazilərimizə səfərinə etiraz edilməyib.

“Ümidvarıq ki, bu səfər əsnasında beynəlxalq KİV nümayəndələri Azərbaycanın işğal olunmuş Laçın rayonu və Dağlıq Qarabağ bölgəsi ilə hərəkət edərək bu ərazilərin köklü azərbaycanlı sakinlərinə qarşı işğal nəticəsində törədilmiş etnik təmizləmə və onların mülkiyyətinin, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ilə yerindəcə tanış ola biləcəklər. Biz xarici KİV nümayəndələrinə bu səfər əsnasında tamamilə viran edilmiş Ağdam, Cəbrayıl, Füzuli və digər rayonlara da getməyi tövsiyə edirik. Amma təcrübə göstərir ki, Ermənistan tərəfi onların Xankəndidən kənara çıxmasına imkan verməyəcək”, – deyə mətbuat xidmətinin rəhbəri qeyd edib. azərtac