“Altı stəkanı eyni anda daşıya bilirdim”

0
482

“Bayırda yemək yeməyə pul tapa

bilmədiyim üçün bazadan çıxmırdım”

Semih Kaya “Qalatasaray”a gələnə qədər hansı çətinliklərdən keçib?

 

“Qalatasaray”ın yetişdirib Türkiyə futboluna bəxş etdiyi son ulduzlardan biri də Semih Kayadır. Gənc müdafiəçi bu günlərdə yerli mətbuata çox maraqlı müsahibə verib və bu günlərə kənardan göründüyü kimi, asanlıqla gəlmədiyini deyib.

– Səni “Qalatasaray”a gətirən təsadüflər nələr idi? Hər şey bir stadion rəisinin səni bəyənməsi ilə başladı?

– O bəyənib, atama “bu uşağın arxasında dur” deyib. “Qalatasaray”dan deyil, başqa bir İstanbul klubundan təklif alsaydım, qəbul etməzdim. “Qalatasaray”ın da məni istəməsi təsadüf idi.

– “Qalatasaray”da yaşadığın ən mühüm an hansı idi?

– Kadıköydə kuboku qaldırmaq. Məncə, nəvələrimizin nəvələrinə danışılacaq bir uğur qazanmışdıq.

– “Qalatasaray”a gəlməzdən öncə necə azarkeş idin?

– Atam fanatik “Qalatasaray”lı olduğu üçün mən də anadangəlmə “Qalatasaray”lıyam. Bizim kənddə (Berqama kəndi, İzmir) atamın çayxanası var idi. 2000-ci ilin “Qalatasaray” heyətinin bütün üzvlərinin şəkilləri çayxanada asılı idi. Demək olar ki, bütün kənd “Qalatasaray”lıdır.

– Sən o dövrün heyətinin adlarını əzbər bilirdin?

– 1996-cı ildən sonrakı heyəti necə əzbərləməmək olar? Hər oyunlarını izləyirdim. Hətta o vaxtlar matçları şifrəli kanal yayımladığı üçün o biri kəndə gedirdik.

– Çayxanada atana kömək edirdin?

– Üç il əvvələ kimi atam çayxana işlədirdi. Orada loto oynanılırdı. Mən qazananları təqib edərdim. Aralarında saxtakarlıq edənləri tez tutardım.

– Yaşıl meydançalarda da saxtakarları yaxalayırsanmı?

– Məndən qaçmaz. Təcrübəliyəm (gülür).

– Yaxşı çay necə hazırlanır?

– Stəkana çay süzməmiş onu isti su ilə yaxalayıb isitmək lazımdır. Mənim peşəkarlığım bunda idi. Altı stəkanı eyni anda daşıya bilirdim.

– Kənddən 12 yaşında ayrılıb Altaya gedəndə tək idin. “Qalatasaray”a gələndə də yalnız idin. Təklik çətin deyildi?

– Altayda bazalarda qalırdım. Kiçik bir barakada. İlk iki il anamdan ayrı qaldığım üçün çox ağlamışdım.

– Ən çətin günlərin o vaxt idi?

– Əmin deyiləm. Məsələn, üç il əvvəl “Kartalspor”da oynayarkən çox pulsuz qalmışdım. Bayırda yemək yeyə bilmədiyim üçün bazadan çıxa bilmirdim. Həftəlik 15 lirə (5,5 azn) pulum olurdu. Klubun da maddi durumu yaxşı olmadığı üçün qarnım doyanda sevinirdim. İdarəçilərin imkanı olsa, bizə də pul verəcəyini bildiyimiz üçün səsimizi çıxarmırdıq. Ailəm mənə pul göndərməyə çalışırdı, amma İstanbulda yaşamaq çox çətin idi. İki dəfə bayırda yemək yeyəndən sonra qalan günləri baxa-baxa qalırsan (gülür).

– Onda sənin haqqında “kasıb uşaq, iddialı futbolçu” demək olar. Ailənin maddi vəziyyəti yaxşı olsaydı, bunlara dözərdin?

– Futboldan birdəfəlik uzaqlaşardım. Bu gün belə karyera qurmaq üçün oynamıram. Ailəm rahat yaşasın, bu mənə bəsdir.

– Bir tərəfdən belə bir missiyan var, digər tərəfdən də zədələrdən xilas ola bilmirsən. Saçların dərddən tökülüb?

– Məncə, həyat məni sınayır.

– Heç təslim olmağı düşündünmü?

– Heç vaxt! Zədədir, keçər.

– Sənin başına gələn ayaq qırığı deyil ki, beyin travması idi…

– Qismət.

– Zədələr səni narahat etmir? Oyunlarda da bunu nümayiş etdirmirsən. Heç yenidən zədələnməkdən qorxmursan?

– Anam da, atam da daim məni tənbeh edirlər. Ancaq bacarmıram. Beyin əməliyyatından 8 ay sonra yenidən futbol oynamağa başladım. İki ay sonra yenə başımı təpik altına saldım.

– Matçlardan sonra oyunu ailənlə müzakirə edirsənmi? Axı atan futbola bağlı adamdır…

– Bir-iki il əvvələ kimi elə idi. Atamı bir futbol proqramına aparım, oradakı bütün şərhçiləri, tənqidçiləri susdursun.

– Eşitdiyimə görə, sən də tənqidçi olmaq istəyirsən…

– Mən heç vaxt məşqçi ola bilmərəm. Həyatının 20 ilini futbola verirsən. Daha sonra evlənirsən, ailə qurursan. Onlara vaxt ayırmaq lazımdır. Fatih Terimi gördüyüm üçün bunu deyirəm. Terim həftədə 1-2 dəfə evə gedirdi. Hər gün bazada idi. Məşqçi olsam, gərək mən də belə edim. Çox çətindir.

– Özünü tənqid edirsənmi?

– Əlbəttə.

– İndidən tənqidçiliyə başlamısan?

– Hamını yıxıb sürüyəcəyəm. Futbolçunu nə qədər yerin dibinə soxsan, bir o qədər yaxşı tənqidçisən. Elə deyilmi? (gülür). Əlbəttə zarafat edirəm. Gənc dostlarımızın nələr yaşadığını mən yaxşı bilirəm. Hər kiçik səhvə görə hamı tənqid edilsə, onda bu ölkədə yaxşı futbolçu yetişməz.

– Sən bu məsələdə çox bəxtəvərsən. Həm “Qalatasaray”lı, həm də digər klub azarkeşləri sənə sahib çıxdılar. Bu sənin çiyinlərinə daha çox məsuliyyət yükləmirdi? Hər səhv etdiyində vicdan əzabı çəkmirdin?

– Futbol səhvlər oyunudur. Heç kim səhv etməsə, onda bütün oyunlar 0:0 bitər. Gənc olduğum üçün xətalarıma güzəşt edirlər.

– Heç “mən də gənc Semih ola bilərəm” deyə qorxdunmu?

– Bir ara “mən də ehtiyatda qalacağam?” deyə qorxdum.

– Atletizmlə məşğul olmusan. Bu amil oyunlarda sənə kömək olurmu?

– İnanılmaz faydası var. Əzələlərimin digər idmançılara nisbətən uzun olduğunu düşünürəm. Bir çox zədəm olub, amma heç vaxt əzələmdə problem yaranmayıb.

– Futbola başlamasaydın, atletizmə davam edərdinmi?

– İnanmıram. Qaçmağın bir sonu yoxdur. Mən 8 yaşımda 3000 metr məsafəyə qaça bilirdim. Özümdən 4-5 yaş böyüklərlə yarışırdım. Bir neçə medal da qazanmışdım. Amma çox darıxdırıcı idi. Qaçmaq istəmədiyimdə məşqçimə “ayaqqabılarım yoxdur” deyirdim. O da mənim üçün yoldaşının ayaqqabılarını gətirirdi. Futbol oynayanda heç yorğun olmuram, nəfəsim kəsilmir.

– Kalli səni əsas heyətə gətirənə çıxış nitqi hazırlamışdınmı?

– Allaha şükür, əcnəbi dil bilmirdim. Elə indi də bilmirəm. Əvəzedici komandada “Gənclərbirliyi”yə qol vurmuşdum. Oyundan sonra əsas heyətdə oynayacağımı öyrənəndə çox sevinmişdim. Təsəvvür elə, 16 yaşımdayam və pul qazanacağam, özü də dollar.

– Ailənə zəng vurub dedinmi?

– Atamgil kənddə idilər. Tarlaların suvarma vaxtı idi. Atama əsas heyətdə oynayacağımı dedim, çox sevindi. Onsuz da, kənddə hamıya “Semih bir gün əsas heyətdə oynayacaq” deyirdi. Hamı da “özü futbolçu oldu, qaldı oğlu” deyə gülərdi. Amma atamın dediyi oldu.

– Heç bağda, bağçada işləmisən?

– Kəndə gedəndə işləyirəm. Futboldan sonra tənqidçi ola bilməsəm, əkinlə məşğul olaram.

– İcarəyə göndəriləndə nə hiss etdin?

– Çox pis oldum. Göndərilmə üslubu çox pis idi. Zədəli idim, tez-bazar “Qaziantepspor”a göndərildiyim üçün özümü çox pis hiss etdim. Heç orada da oynaya bilmədim. Onlar üçün özləri yetişdirdikləri futbolçular daha dəyərli idi.

– Peşmanlıq hissi yaşadın?

– Əsla. Mən bir şeyi qarşıma hədəf qoydumsa, onu həyata keçirirəm.

– Bildiyim qədərilə film həvəskarısan. Şəxsi kolleksiyan varmı?

– Mənim böyük qardaşım film xəstəsidir. Onun qədər qorxu filmi sevən ikinci bir adam tanımıram. Yalnız bu tip filmləri sevir. Mən də məcbur baxıram. Bəzən dəhlizdən keçərkən arxamda birinin olduğunu düşünürəm.

– “İnter”dən, “Arsenal”dan təklif alanda özünlə qürur duydunmu?

– Ailəm, məşqçilərim qürur duysun, bu mənə bəsdir. “Kartalspor”da oynayanda sıfır idim. Bir il “Qalatasaray”da oynadım, bütün Türkiyə məni tanıdı. Həm maddi, həm mənəvi rahatlıq tapdım.

– Bir müddət əvvəl “Avropada hara getmək istəyərdin?” sualına “İtaliya” deyə cavab vermişdin. Sərt oynamağı sevirsən? Superliqa səni qane etmir?

– O, əvvəllər idi. İndi elə bir niyyətim yoxdur. Ağlım başıma gəlib (gülür).

– Stopperlər əsasən duruşları ilə rəqiblərini qorxutmağa çalışırlar. Ciddi qəbul olunmağın üçün sərt olmağı düşünmüsənmi?

– Bizdən sərt olmağımız gözlənilir. Amma davakar olmaq da xoş deyil.

– Məğlub olduğunuz oyunlardan sonra gözünə yuxu girmirmiş. Sabaha qədər nə düşünürsən?

– Öz-özümə “biz “Qalatasaray”ıq, necə oldu uduzduq?”, – deyirəm.

– “Daha əvvəllər də bu səhvə yol verirdim, necə təkrarladım bunu?”, dediyin olubmu?

– İnsanıq, olur.

– Heç kim “sənə görə qol buraxdıq”, deməsə də, sən özünü bu şəkildə qınıyırsanmı?

– Stoperlik asan iş deyil. Hücumçu qol vura bilməyəndə deyirlər “qol vura bilmədi”, amma stopper səhv etdikdə, bunun geri dönüşü çox çətin olur. Gecələr bunları düşünməməyə çalışıram, ancaq saat 2-dən tez yata bilmirəm. Hətta atam gec yatdığım üçün əsəbləşir. Yuxum gəlsin deyə televizora baxıram.

– Nəyə baxırsan?

– “Discovery Channel”’a baxıram.

– Ən çox hansı heyvanı sevirsən?

– “Golden” cins itləri sevirəm. “National Geographic” kanalında bir it təlimçisinin proqramı var. Ona baxmağı çox xoşlayıram. Mənim də itim çox ağıllıdır. Hətta bəzi insanlardan daha ağıllıdır. “Sənin ailən artıq mənəm” dedim, fikrimcə, o da məni anladı.

– Yemək yeyəcək pulların olmadığı günləri yadına salıb nəsə edirsənmi?

– O vaxtlar ala bilmədiklərimi indi alıram. Bir dəfə özümə pultla idarə olunan helikopter və maşın aldım. Kiçik akkumlyatorlu bir maşınım da var.

 

Müsahibəni tərcümə etdi:

Bəylər Məcidov

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here